“İkidilli uşaqlar başqa mədəniyyətlərə daha empatik və açıqfikirli olurlar” – F.ü.f.d. Elnur Rüstəmov informator.az saytına müsahibə verib

Hər millətin öz dili var və dil millətin varlığını təşkil edir. Azərbaycan mətbuatına nəzər saldıqda tarixən publisist ziyalılarımızın yaradıcıllıqlarında dil məsələsinin ön planda yazıldığının şahidi oluruq. 

Müasir dövrün tələbi budur ki, müxtəlif mədəniyyətləri və ənənələri mənimsəmək, xarici ölkələrə səfərimizdə planlarımızı asanlaşdırmaq məqsədilə gərəkdir ki, əlavə bir dil öyrənəsən. Yadda saxlamaq lazımdır ki, bir dil səslər, qrammatika və ya lüğət baxımından ana dilinə nə qədər oxşardırsa, onu öyrənmək də bir o qədər asandır. 

Fərqli dillər hər bir fərd üçün fərqli çətinliklər yaradır. Məsələn, ola bilər ki, bir dildə lüğəti öyrənmək asan, tələffüz etmək isə çətin ola bilər. Başqa bir dildə isə bunun əksini tapa bilərsiniz.

Dil öyrənmək, əslində, beyin üçün çox yaxşıdır. Bunu araşdırmalar göstərir. Hətta dil öyrənmək zehni birdən çox yolla açır və insanları digər mədəniyyətlərdən xəbərdar etməklə yanaşı, həm də xüsusi dil və əqli faydalar gətirə bilir. Məsələn, linqvistik nöqteyi-nəzərdən başqa bir dili öyrənmək, əslində, bütün dillərin strukturunu başa düşməyi asanlaşdırır. Xüsusilə vurğulamaq lazımdır ki, uşaq yaşdan dil öyrənən fərdlər erkən yaşdan insanların fərqli perspektivlərə və fərqli baxış nöqtələrinə malik ola biləcəyini qavraya bilirlər.

Bu gün müxtəlif mənbələr vasitəsilə dili necə öyrənməklə bağlı müxtəlif tövsiyələri əldə edə bilərik. Amma burada əsas məsələ odur ki, söhbət hansı dili öyrənməkdən gedir və fərdin yaş baxımından həyatın hansı mərhələsindədir? 

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmovla dil öyrənməyin psixoloji aspektlərinə toxunduq. O, dilin neçə yaşda və nə vaxt öyrənməyin doğruluğu ilə bağlı suallarımıza aydınlıq gətirdi.

Elnur Rüstəmov ilk olaraq qeyd etdi ki, ikidilli uşaqlar başqa mədəniyyətlərə daha empatik və açıqfikirli olurlar.

“Bu mövqedə valideynlərdə yaranan fikir ayrılıqları yeni problemə çevrilir. İkinci dili öyrənməyin çoxsaylı üstünlükləri ilə bərabər bir çox valideynlər öz uşaqlarına ikinci dili nə vaxt və necə öyrənmələri ilə bağlı tərəddüdlər yaşayırlar. Çox zaman sual «uşağa məktəbəqədər yaş dövründə ikinci dil öyrətmək üçün yüklənən öhdəliklər doğrudurmu?» formasında olur. Mütəxəssislər hesab edirlər ki, məktəbəqədər yaş inkişaf üçün ən yaxşı dövrdür. Uşağın inkişafının ilk beş ilində olan beynin dil öyrənmə qabiliyyəti, sonrakı mərhələlərlə müqayisədə bənzərsizdir”.

Psixoloqun sözlərinə görə, uşaqlarda beyin xarici dillərin səslərinə məhəl qoymağı öyrənmədiyi və yeni səsləri daha yaxşı təqlid edə bildiyi üçün onlar doğma və ya yaxın olmayan ifadələri belə tələffüz edə bilirlər.

“Uşaq yeniyetməlik dövrünə çatdıqdan sonra isə bu fürsət pəncərəsi daralır”.

Elnur Rüstəmov məsələni bir faktla əsaslandırdı:

“Kaliforniya Universitetinin Psixologiya və Dilçilik üzrə dosenti David Barner deyir ki: “İnsanlar bir sonrakı yaşlarda ikinci dili öyrənmək qabiliyyətinə görə fərqlənsələr də, hər bir uşaq həyatının ilk bir neçə ilində iki və ya daha çox dili sərbəst öyrənə bilər”.

Mütəxəssisin dediklərinə görə, mənalı ünsiyyətin olduğu yerdə dilin mənimsənilməsi optimaldır.

“Məktəbəqədər uşaq kitablar, mahnılar, musiqi və hərəkətlər, eləcə də barmaq oyunu vasitəsilə sıxıcı olanı daha maraqlı qəbul edir. Bunların hamısı məktəbəqədər uşaqların sevdiyi təkrarlara malikdir və onlara yeni məlumatları saxlamağa kömək edir. Nəticədə məktəbəqədər uşaqların öyrənməyə ümumi müsbət münasibəti ilə birlikdə, yeni səsləri təqlid etmək, şans vermək və hədəf dildə danışmağa başlama ehtimalı daha yüksək olur”.

Elnur Rüstəmov vurğulayır ki, dünyada mədəniyyətlərarası qarşılıqlı əlaqənin artması ilə qlobal modelə yaxınlaşma dövründə ikinci dili sərbəst şəkildə öyrənmək çox rahat və faydalıdır.

“Valideynlər övladlarının erkən uşaqlıqda fürsət pəncərəsindən yararlanmalı, gələcək həyatında uğur qazanması üçün lazım olan üstünlükləri verməlidirlər. Ən əsası, bunu əyləncəli etməyi unutmamalıdırlar. Çünki uşaqlar əyləndikdə dil öyrənmələri daha sürətli inkişaf edir”.

Psixoloq deyir ki, yeni dil öyrənməyin uşağa heç bir əks təsiri yoxdur. Bu yaş dövründə olan uşaq sözləri ifadə etməyi bacarmalı, rahat öyrənməli və qabiliyyətlərini nümayiş etdirməyi bacarmalıdır.

Bəs 6 yaşından etibarən məktəbə qədəm qoyan uşaqlar üçün məktəblərdə dil dərslərinin proqramı necə qurulmalıdır? Müəllimlər hansı addımları atmalıdırlar ki, ömrünün 11 ilini məktəb həyatına sərf edən fərd bu dövrün sonunda xarici dili öz ana dili kimi oxusun, yazsın, danışsın? Bu barədə ingilis dili üzrə müəllim, mentor Vüqar Məmmədovla həmsöhbət olduq. 

İngilis dili üzrə mentor və müəllim Vüqar Məmmədov xarici dilin tədrisində yol verilən yanlışlıqlar məsələsinin kökünə aydınlıq gətirdi:

“İlk növbədə, məktəb müəllimlərinin kvalifikasiyası vacib məsələdir. Belə ki, müəllimlər özləri ingilis dilində danışmaqda çətinlik çəkirlər, əlavə olaraq onlar özləri qrammatika əsaslı öyrəniblər deyə, dili də o istiqamətdə tədris edirlər. Buna görə də müəllimlərin özləri yaxşı olardı ki, beynəlxalq kurslar keçsinlər. Ən əlası CELTA-dır, lakin bundan başqa TESOL və başqaları da var. Ən azından TKT modullarını keçməlidirlər”.

Vüqar Məmmədovun sözlərinə görə, ilk olaraq hələ müəllimlər özlərini təkmilləşdirməlidirlər.

“İngilis dili müəllimləri dilçiliyin atası sayılan Dr. Stephen Krashen məqalələrini oxumalı, A.J. Hoge-nin yaratdığı sistemi analiz etməlidirlər. Bundan sonra tələbələrdə dilə qarşı maraq yaratmağa yönələ bilərlər”.

Mentor qeyd edir ki, bu gün əksər tələbələrə xarici dillər silsiləsindən xüsusilə ingilis dilinə qarşı neqativ düşüncələr aşılanıb:

“Kimdən soruşsan, deyir ki: “İngilis dili çətin, ağır, sıxıcıdır, biz heç vaxt bu dili öyrənə bilməyəcəyik”. Buna əsasən söyləmək olar ki, növbəti addımlardan vacibi bu yolda tələbələrin zehniyyətini dəyişmək olmalıdır”.

Vüqar Məmmədov bildirir ki, dili öyrənmək çətin və sıxıcı deyil, əksinə, çox əyləncəli və maraqlıdır. Yanaşma tərzi düz olmadığından vəziyyət bura gəlib çıxıb:

“Əslində, dərindən düşünəndə dil yox, metodika, dərsliklər, məktəb və müəllimlər sıxıcıdır. Ona görə əvvəlcə zehniyyət dəyişdirilməlidir”.

Vüqar Məmmədov vurğulayır ki, ən vacib məsələ dil öyrənmək və mənimsəməyin tam başqa anlayışlar olmasıdır.

“Dil təbii olaraq mənimsənilir. Necə ki, biz məktəbə gedəndə artıq danışırdıq, başa düşürdük. Biz öz dilimizdə danışmağı məktəbdə mənimsəməmişik. Məktəbdə dili öyrənmişik. Belə ki, yazmağı, oxumağı, dilin strukturunu, qrammatikasını, morfologiya, sintaksis və sairə. bunlar məktəbdə öyrədilib. Lakin bunlara kimi biz artıq danışa bilirdik. Demək ki, məsələnin kökü xarici dili əvvəlcə mənimsəmək, sonra öyrənməkdir.

Mentor Vüqar Məmmədov qeyd edir ki, dili eşitmədən danışmaq və başa düşmək mümkün deyil.

“Əgər mən, “Lets gelarihir” ifadəsini yazdığım formada eşidirəm və anlamıramsa, deməli, onun “lets get out of here” normal ifadəsini oxuyub anlamağın faydası yoxdur. Elə tələbələrin əksəriyyətinin ağrılı yerlərindən biri də budur: “Ay müəllim, biz oxuyub başa düşürük, amma onu eşidəndə tuta bilmirik”. Səbəb? Elə cavab sualın özündədir. Biz yalnız oxuyub tərcümə edirik. Dinləmə yoxdur”.

Müəllimin fikrincə, tələbələrə öz maraq dairələrinə uyğun hekayə kitabları (story books) verilməlidir:

“Dinləmə üzərindən öyrənməli, self-study proqramları ilə işləməlidirlər. Bütün bunlar da vaxt alır, bəli. Lakin elə doğru yol da budur”.

Vüqar Məmmədova görə, qrammatika haqda bilikləri, tonlarla sözləri başa yığmaqla, test kitabçalarını işləməklə yalnız DİM imtahanlarını vermək olar.

“Səbirli və disiplinli qalmaq və az-az, lakin davamlı addımlarla hərəkət etmək lazımdır. Bir sözlə, dili yalnız həyat tərzinə çevirərək öyrənmək mümkündür”.

Son məqalələr

Online Qeydiyyat