Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov Qaynarinfo.az saytına müsahibə verib

“Mənfi xəbərlərin istehlakı artan narahatlığa, təşviş və depressiyaya kəskin sürətdə şərait yaradır”.

Bunu Qaynarinfo-ya açıqlamasında psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın “media məhsulları sosial şüura təsir göstərir” fikirinə münasibətində deyib. 

Psixoloq bildirib ki, sosial media yeni insanlarla əlaqə qurmağın, eləcə də məlumat paylaşmağın asan yolunu təklif etməsi ilə müasir cəmiyyətin ayrılmaz hissəsinə çevrilib:

“Bununla belə, bu gün sosial medianın cəmiyyətə bir çox mənfi təsirləri olduğunu görürük. Psixi sağlamlıq ümumi rifahımızın mühüm aspektidir və xüsusilə mənfi xəbərlərin daha çox yayıldığı günümüzdə onun qayğısına qalmaq həmişəkindən daha vacibdir. Sosial şəbəkələrdə paylaşılan xəbərlərin insanların psixi sağlamlığına təsirində bir çox doğru olmayan hallar müşahidə edilir ki, bunlara kiber zorakılıq, dezinformasiyaların yayılması, asılılıq, sosial təcrid, məxfiliyin azalması, ən əsası isə psixoloji travmalar yaradan və senzurasız paylaşılan xəbərlər aiddir. Məlumdur ki, media azaddır. Lakin media azadlığının təmin edilməsi sosial şəbəkələrdə – zorakılığı, istismarı əks etdirən, psixoloji və fiziki şiddət nümayiş etdirən habelə bunları təbliğ edən məlumatların və xəbərlərin, video və foto görüntülərin paylaşılmasına rəvac vermir”.

Elnur Rüstəmov əlavə edib ki, bu kimi xəbərləri ictimailəşdirərkən edilən ən böyük səhv cəmiyyətin psixoloji təhlükəsizliyini düşünmədən onda əks fikirlər yarada biləcək məlumatla, şəxsi maarifləndirəcək məlumatın ziddiyyətini unutmaqdır:

“Media haqqında Azərbaycan Respublikası qanunlarına görə, istənilən xəbər saytlarında, mənbələrdə faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir. Digər tərəfdən paylaşılan xəbərlər insanların konfidensiallığını təmin etməli, şəxsi və həssas, böhtana, təhqirə və nifrət çıxışlarına yol verən görüntülər isə yayımlanmamalıdır. İrqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalı, habelə açıq çağırışlar edilməməlidir. Təəssüf ki, bu qanunlara baxmayaraq, hələ də dezinformasiyalar və şiddət tərkibli xəbərlər müxtəlif sosial şəbəkələrdə istənilən an qarşımıza çıxmaqda davam edir. Gündəmdən xəbərdar olmaq yaxşıdır, lakin bu kimi xəbərlərə məruz qalmaq istər-istəməz psixologiyamızda öz mənfi izlərini qoyaraq psixoloji rifahımıza ziyan vurur”. 

Psixoloqun fikirincə, tədqiqatlar senzurasız xəbərlərə məruz qalmağın şəxsi narahatlıqları daha da pisləşdirə biləcəyini və hətta kəskin stress reaksiyalarına və olduqca uzunmüddətli ola bilən post-travmatik stress pozuntusunun bəzi simptomlarına səbəb ola biləcəyini sübut edir:

“Normalda beynin aşağı frontal girusu (IFG) yeni məlumatlara əsaslanan inancları yeniləyərkən pis xəbərlərə seçici şəkildə yan alır. Lakin hər gün və aralıqsız şəkildə bu xəbərlərə məruz qalmaq beynin bu funksiyanı da tədricən zəiflədir. Bunun əksinə isə optimist düşüncə və müsbət xəbərləri qəbul etməyin, psixi və fiziki sağlamlığa olduqca vacib faydalar verdiyi öyrənilib”.

Psixoloq gündəlik paylaşılan xəbərlərin olduqca geniş və müxtəlif olduğunu vurğulayıb:

“Müsbət xəbərlərdən əlavə mənfi xəbərlərin yayılması isə daha sürətli baş verir. İstər təhlükəsizlik, sağlamlıq, istər müxtəlif yaş qruplarına aid məlumatlar, istərsə də boşanma, ölüm, psixoloji və fiziki şiddət kimi ağır və həssas xəbərlərin yayılması günün istənilən saatlarında, istənilən kütləyə, əsassız və əsaslı yaxud açıq və ya senzura olunmuş şəkildə asanlıqla çatdırılır. Bu xəbərləri qəbul edən insanlar arasında isə məlumatların alınması və maarifləndirmə işləri fərqli şəkildə təzahür edir. Daha öncə qeyd etdiyimiz kimi, bir məlumat müxtəlif oxucular arasında tam fərqli təəssürat bağışlayır, belə ki, xəbəri oxuyan şəxslərdən biri bu barədə daha çox məlumatlı olacaqsa, digəri isə əksinə, oxuduğu xəbərdən təsirlənərək hadisənin təbliğatına məruz qala bilər. Məhz media xəbər saytları, eləcə də sosial şəbəkələrdə məlumatları paylaşan səhifələr sırf bu nüansı diqqət mərkəzində saxlamalıdır. Digər məsələ isə oxucu kütləsini cəlb etmək məqsədilə paylaşılan xəbər başlıqlarıdır. Çox vaxt isə bu xəbər başlıqları həm də emosional olur. Araşdırmalar zamanı məlum olub ki, emosiyaların bu şəkildə aktivləşməsi sayəsində insanlar xəbərin mövzusunu oxumadan belə avtomatik olaraq onun məntiqli olduğunu düşünür və mövzunun həssaslığını şübhə altına almırlar”. 

Psixoloq “Pew Araşdırma Mərkəzi”in araşdırmasına əsasən əlavə edib ki, insanın emosional şəkildə idarə olunması meyli zehnin funksional oğurlanmasına səbəb ola bilər:

“Bu vəziyyətdə insanlar koqnitiv təhriflərə həssas olurlar. Nəticədə şəxsdə yanlış təsəvvür yaradan, potensial olaraq pis qərar qəbulu ilə nəticələnən irrasional düşüncə nümunələri, narahatlıq və depressiyaya səbəb ola və ya pisləşdirə bilən çaxnaşma və ümidsizlik hissləri təzahür edir. Bu problemin həllində ən böyük vəzifə təbii ki media nümayəndələri və qurumların üzərinə düşür. Digər həll isə şəxsin özünü bu kimi xəbərlərdən qorumasına əsaslanır. Uşaq və yeniyetmələrin bu xəbərlərdən və sosial şəbəkə istifadəsindən maksimum uzaq olması, telefon istifadəsi zamanı isə valideynlərin nəzarəti olduqca mühümdür. Gənc və orta yaşlı insanların isə gecə gec saatlarda və səhər oyanan kimi belə mənfi xəbərləri oxuması, paylaşması və belə mövzular haqqında kommunikativ əlaqəyə girməsi olduqca ciddi psixoloji narahatlıqlara yol açır. Həmçinin yuxu rejiminin və yuxuların pozulması, təhtəlşüurda qalan məlumat və görüntülərin psixoloji sarsıntılar şəklində təzahür etməsi isə qaçılmazdır. Beləliklə, daha sağlam və psixoloji rifahın qorunduğu cəmiyyət üçün xəbərlər və ya görüntülər paylaşmazdan əvvəl fərdlər, sağlam xəbər mühitinə töhfə verdikləri, həmçinin qəzəb, qorxu və nifrət yaradan hallara şərait yaratmadıqları barədə iki dəfə düşünməlidirlər”.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışı zamanı bildirib ki, media məhsulları sosial şüura təsir göstərir: “Ailə, qadın və uşaq məsələləri çox prinsipial istiqamətdir. Bu sahə ilə bağlı məlumatlar xüsusi yanaşma tələb edir. Bəzən yüngül hadisələr ağır formada təqdim edilir. Bu da cəmiyyətə yaxşı təsir göstərmir”.

https://qaynarinfo.az/az/menfi-xeberlerin-yayilmasi-nelere-sebeb-olur-psixoloq-reyi-1

Son məqalələr

Online Qeydiyyat