F.ü.f.d. Elnur Rüstəmov moderator.az  saytına müsahibə verib

Günümüzdə aktual problemlərdən biri də zamanla  boşanmaların sayının artmağıdır. Bu xüsusiliklə yeni ailə həyatı qurmuş gənclər arasında baş verir. Bəs,  gənc ailələr arasındakı problemlərin yaranmağına daha çox səbəb olan nəsnələr nədən ibarətdir?

Mövzu ilə bağlı Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Moderator.az-a danışdı:

“Günümüzdə olan aktual problemlərdən biri də boşanmaların sayında olan artımdır. Respublikada boşanmaların sayının artmasına ilk növbədə səbəb olan bir çox psixoloji və sosial faktorlar müəyyən edilmişdir. Dünyamızda gedən proseslər, qloballaşma, texnologiyanın inkişafı, inteqrasiya prosesi, internet və virtuallaşma kimi yeni düşüncə-informasiya modellərinin zərbələri, ən əsası tərəflər arasında psixoloji cəhətdən yaşanan problemlər günümüzdə ailə və ailə həyatı anlayışına, evlilik və ailə dəyərlərinə münasibətin dəyişməsinəin əsas səbəblərdəndir.

İkinci yerdə qərarlaşan səbəb isə sonsuzluqdur və son illərdə aktual problemlərdən birinə çevrilib. Üçüncü səbəb alkoqol və narkotik asılılığı, dördüncü səbəb xarakter uyğunsuzluğu, nikahdankənar münasibət və qısqanclıqdır. Ümumi səbəblərə baxdığımızda isə görürük ki, boşanmaların səbəbi patriarxal stereotiplərdir ki, bunlar məişət zəminində zorakılıq kimi problemlərə səbəb olur.

Hər bir xalqın dəyərlər sistemində ailə münasibətləri mühüm yer tutur. Ailə kiçik dövlət kimi də qəbul edilir. Milli dəyərlər sistemi möhkəm olan ailələr öz dayanıqlılığını qoruyub saxlaya bilir.  Əfsuslar olsun ki, bu gün boşanmalar tək gənc ailələrdə deyil, yaşlı ailələrdə də baş verir. Eyni zamanda boşanmış cütlüklərin müəyyən müddət sonra yenidən bir araya gəlməsi halları da müşahidə edilir. Bu da onu göstərir ki, bəzən boşanan ailələrdə bağlar qırılmır, sadəcə ailədaxili konfliktlər düzgün həll olunmadığına görə ailələr dağılır.

Nə zaman qurulmasından asılı olmayaraq, ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün tərzdə qurulmalıdır. Mədəniyyət, qarşılıqlı hörmət və bu hörmətdən doğan davranış qaydaları ailə mənəviyyatının özülüdür. Ailədən aşılanan müsbət mənəvi-psixoloji iqlimin ictimai mühitə də nüfuz etməsi danılmaz həqiqətdir. Bir məqamı nəzərdən qaçırmamalıyıq ki, ailə – cəmiyyətlə, mövcud olduğu dövrlə daim sıx əlaqədə olan bir institutdur.

Ailələrdə yaşanan digər bir problem isə maddi problemlərdir. Gənc ailələrə dəstək olmaq üçün atılan addımlar siyahısında maddi və mənəvi dəstək dövlətin diqqət mərkəzindədir. Dövlətimiz maddi-sosial rifahının yaxşılaşdırılması üçün müxtəlif meyarlar üzrə ailələrə bir sıra müavinətlər, ünvanlı sosial yardım proqramlarını həyata keçirir.

Həmçinin ana və uşaqların sağlamlığının möhkəmləndirilməsi, əhalinin reproduktiv sağlamlığının qorunması, sağlam və arzuolunan uşaqların doğulması üçün zəruri şəraitin yaradılmasını nəzərdə tutan, eləcə də məişət zorakılığı hallarının və əxlaqa zidd davranış qaydalarının qarşısının alınması məqsədilə kompleks proqramlar həyata keçirilir”.

Psixoloq Dövlətin sağlam ailə naminə atdığı addımları da vurğuladı. Belə ki, sağlam ailə sağlam cəmiyyət deməkdir. 

“Ailəsiz cəmiyyətin inkişafı qeyri-mümkündür. Bütün iqtisadi, maddi, siyasi, ideoloji münasibətlər ailədə formalaşır. Respublikada ailə problemlərinin həllinə xüsusi qayğının göstəricisi kimi 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.

Son olaraq nikahdan öncə tibbi və psixoloji müayinənin vacibliyini bir daha vurğulamaq lazımdır. Qanunvericiliklə yeni ailə quran cütlüklər tibbi yoxlanışdan keçir. Bu mox vacib məqamdır. Qurulan ailələrin dayanıqlılığı həm də ailə quran şəxslərin psixoloji sağlamlığından birbaşa asılıdır. Çox yaxşı olardı ki, ailə qurmadan öncə tibbi yoxlanışla paralel psixoloji yoxlanış da olsun. Ailələrə vaxtında və düzgün psixoloji dəstək göstərilməlidir. Ailələr arasında yaranan konfliktlər zamanı cütlüklərin müraciət edə biləcəyi ünvanlar əlçatan olmalıdır. 

Yenicə Psixologiya Elmi Tədqiqat İnstitutunda “Evlilik öncəsi psixoloji uyğunluq” pilot layihəsinə də start vermişik. Əsas məqsədimiz evlilik öncəsi cütlüklər arasında psixoloji diaqnostikanı həyata keçirmək və lazım olduğu təqdirdə ailələrə psixoloji dəstəyin göstərilməsidir. Bütün bu proseslər sağlam ailə təməlinin qoyulmasında ən başlıca addımlardandır. Xüsusən çağdaş qarışıq dünyada  bu cür məqamlara həssaslıq göstərmək olduqca vacibdir. Çünki sağlam ailə – sağlam gələcək və sağlam nəsillər deməkdir”.

https://moderator.az/az/ekskluziv/788821/azerbaycanda-genc-ailelerin-bosanma-sayi-durmadan-artir-sebebler

Son məqalələr

Online Qeydiyyat