F.ü.f.d. Elnur Rüstəmov sherg.az saytına müsahibə verib

Son vaxtlar cəmiyyətdə paranormal hadisələr baş verir. Belə ki, dünən ata 2 azyaşlı oğlunu bıcaqlayıb, kişi arvadını binadan atıb, oğul 89 yaşlı atasını döyərək öldürüb, Xalq artisti Ağadadaş Ağayev gözətçiyə əvvəl balta atıb, sonra əlbəyaxa dava edib. Biz əvvəllər belə hadisələri xarici ölkələrdə v ə Türkiyədə müşahidə edirdik. Maraqlıdır, cəmiyyətdə nə baş verir? Problemi necə aradan qaldırmaq olar? 

Psixoloq Elnur Rüstəmov bildirib ki, bu günkü cəmiyyətdə yüksəlişlə birlikdə cinayət və zorakılıq halları da dünyanın bir çox ölkəsini narahat edən problemdir:

”Son zamanlar oğurluq, dələduzluq, zorakı hücum, kibercinayətlər və əsasən qətl kimi bir çox cinayət növləri artmaqdadır və bu hadisələr həm siyasətçilər, həm də ictimaiyyət arasında geniş narahatlıq doğurur.  Qeyd etmək lazımdır ki, artan cinayət və zorakı hallar yalnız ölkənin deyil, həm də birbaşa insanlığın problemidir. Hər bir qətl faciədir, lakin son onilliklərlə müqayisədə bu günün cinayət nisbətləri təhlükəli mənzərə yaratmaqda davam edir. Texnologiyanın inkişafı və informasiya dövrünün gətirdiyi bir çox yeniliklər cinayət hallarının artmasına da təsirsiz ötüşmür. Cinayət törədən hər bir şəxsin özünəməxsus səbəbləri və həyat vəziyyəti olsa da, cinayəti törətdikdə nəticə hər zaman eynidir. Xüsusilə pis ailə şəraitində böyüyən uşaqlarda həm yetkinlik yaşına çatmayan, həm də yetkin yaşlarında cinayətkar davranışlara daha çox rast gəlinir. Əslində, araşdırmalar göstərir ki, məhkum edilmiş cinayətkarlar, cinayət törətməyən fərdlərə nisbətən uşaqlıqda 4 dəfə daha çox xoşagəlməz hadisələr yaşamış insanlardır. Valideynlər nəzərə almalıdır ki, uşağın maddi və mənəvi rifahı ən birinci onlardan asılıdır və daim övladı üçün mənəvi rahatlığı təmin etmək onların borcudur. Bu sistem ata və ana arasında bərabər şəkildə bölüşdürülməli, uşaqda hər hansı psixoloji problem görüldüyü zaman pedaqoq və psixoloqa müraciət edərək vaxtında aradan qaldırılmalıdır”.

Ekspert vurğulayıb ki, narkotik, psixoaktiv maddələrdən, alkoqoldan sui-istifadə cinayət davranışının başqa bir əsas səbəbidir:

”Son dövrdə informasiya texnologiyalarının inkişafı  narkotik vasitələrinin əlçatanlılığını daha da asanlaşdırdı. Narkomaniya və alkoqolizm cinayət hadisələrinin artmasına təsir göstərən ən mühüm vasitələrdir. Bu maddələr fərdin mühakimə və qərar vermə qabiliyyətini zəiflədir, nəticədə avtomatik olaraq pis seçimlərə və cinayət fəaliyyətinə ciddi təkan yaradır. Məsələn, bir çox narkomanlar qanunsuz narkotik almaq üçün tələb olunan pulu əldə etmək məqsədilə cinayətlərə əl atırlar. Narkotiklərin təsiri onların özünü tənqid qabiliyyətinə və rasional düşüncəsinə kölgə salır. Bu problemin həlli ilə bağlı fərdlərdə maddə asılılığı problemlərini aradan qaldırmağa kömək etmək üçün, asılılığın müalicəsi proqramlarına daha çox vəsait ayrılmalı, əsasən yeniyetmə yaş qrupları və işçilər arasında, təhsil müəssisələrində, şirkətlərdə,  maarifləndirmə işləri aparılmalıdır”.

https://sherg.az/sosial/268750

Son məqalələr

Online Qeydiyyat