F.ü.f.d. Elnur Rüstəmov konkret.az saytına müsahibə verib

Son dövrlər cəmiyyətdə neqativ hadisələrin artmasını müşahidə edirik. Kimi yoldaşını pəncərədən ataraq canına qəsd edir, kimi əsəbinə hakim ola bilməyib oğlunu qətlə yetirir, kimi isə həyatına son verərək intihar edir.

Bu tip aqressiv davranışların artmasının səbəbi nədir? Bu hadisələrin baş verməsinin qarşısını necə almaq olar?

KONKRET.az Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmovun fikirlərini öyrənib. Psixoloq bildirib ki, aqressiya başqa bir insana fiziki və ya əqli cəhətdən zərər vermək üzərində yaranır.

“Günümüzdə insanlarda aqressiv davranış tərzinin çoxalması və empatiya hissinin getdikcə azalması hər bir situasiyada, xəbər saytlarında, gündəlik həyatda özünü olduqca ciddi şəkildə büruzə verir. İnsan olaraq özümüzü müəyyən dövr və situasiyalarda aqressiv hiss edə bilərik, lakin aqressiv hal və davranışlar uzun müddət davam etdikdə və ya normadan artıq olduqda, bu, əsas psixi sağlamlıq vəziyyətinin pozuntusu və ya başqa bir tibbi problemin əlaməti sayılır.

Psixologiyada aqressiya – özünüzə, başqalarına və ya ətrafdakı obyektlərə həm fiziki, həm də psixoloji zərər verə biləcək bir sıra davranışlara aiddir. Birmənalı olaraq aqressiya başqa bir insana fiziki və ya əqli cəhətdən zərər vermək üzərində yaranır. Bunlar qəzəb və düşmənçilik ifadə etmək, üstünlük iddiası, qorxu və ya hədələmə, müəyyən məqsədə nail olmaq, sahibliyi ifadə etmək, hədəyə, narahatlığa cavab vermək, ağrıya reaksiya, başqaları ilə rəqabət, ən əsası azadlıq duyğusu və s. şəklində təzahür edir”.

Onun sözlərinə görə, şüurlu şəkildə aqressiv və psixoloji narahatlıqla yaşamağı seçən insana rast gələ bilmərik:

“İnsanlar aqressiyanı adətən fiziki və aqressiv davranışlar şəklində təsəvvür etsələr də, psixoloji aqressiya çox daha ciddi problemlərə səbəb olur. Məlumdur ki, aqressiyanın impulsiv və instrumental olmaqla 2 növü vardır. Affektiv və ya reaktiv aqressiya kimi də tanınan impulsiv aqressiya güclü duyğularla xarakterizə olunur. İmpulsiv aqressiya, xüsusilə qəzəbdən qaynaqlandığı zaman amigdala, hipotalamus və periaqueduktal boz hissə daxil olmaqla, beyində kəskin təhdid cavab sistemini işə salır. Aqressiyanın bu növü planlaşdırılmır və dərhal situasiya anında yaranır. Məsələn, başqa bir avtomobil sizin yolunuzu kəsdikdə, siz digər sürücüyə qışqırmağa və onu təhqir etməyə başlasanız, o anda impulsiv aqressiya yaşayırsınız. Yırtıcı aqressiya kimi də tanınan instrumental aqressiya isə daha böyük məqsədə çatmaq üçün nəzərdə tutulan davranışlarla xarakterizə olunur. İnstrumental aqressiya öncədən diqqətlə planlaşdırılır və məqsədə çatmaq üçün bir vasitə kimi istifadə edilir. Oğurluq edən fərdin oğurluq zamanı başqa bir insanı incitməsi bu cür aqressiya nümunəsidir. Fərdin məqsədi pul əldə etməkdir və başqa bir şəxsə zərər vermək bu məqsədə çatmaq üçün vasitədir”.

Psixoloq qeyd edir ki, bioloji olaraq isə aqressiyaya təsir edən genetik və hormonal faktorlar ola bilər:

“Testosteron və kortizol kimi müəyyən hormonlar və serotonin, dopamin kimi nörotransmitterlərdəki balanssızlıqlar aqressiya ilə əlaqələndirilə bilər. Həmçinin beyin quruluşu da aqressiv davranış pozuntularına təsir edə bilər. Amigdalada struktur anomaliyaları olan insanlar və beynin digər sahələrindəki dəyişikliklər fərdin digərlərinə nisbətən daha çox aqressivlik nümayiş etdirməsinə səbəb olur. Həmçinin psixoloji pozuntular – diqqət çatışmazlığı və hiperaktivlik, epilepsiya, psixoz, narkotik maddələrdən istifadə, bipolyar pozuntu, borderline şəxsiyyət pozuntusu, narsizm və ən əsası travma sonrası stress pozuntusu da birbaşa aqressiyaya təsir edən hallardır”.

Elnur Rüstəmov qeyd edir ki, aqressiyanın qarşısının alınmasında bir nömrəli üsul bu davranışın altında yatan duyğuları öyrənib, onları araşdırmaq və həll etməkdir:

“Eləcə də ailə üzvləri və ətraf mühitlə sıx əlaqədə olmaq, problem və stresslə üzləşən zaman bu hissləri paylaşmaq, davranışlarını və qəzəbini idarə edə bilmədiyi halda isə mütəxəssis psixoloqa müraciət etmək mütləqdir. Bizlər əksər zamanlarda boynumuza həddən çox və ya həddən az məsuliyyət götürdüyümüzə görə özümüzü bədbəxt hiss edirik, inadkar olmaq və öz adımıza konkret seçimlər etmək əvəzinə, aqressiv – başqalarının yerinə seçim edərək, passiv – başqalarının bizim yerimizə seçim etməsinə icazə verərək və nəhayət passiv-aqressiv, yəni, başqalarının yerinə seçim edib onların özləri üçün sevdiklərini əldə etmələrinə mane olaraq böyük yanlışlara imza atırıq. Bunun yerinə həyatdan nə istədiyimizi, həyatımızın mənasını şüurlu şəkildə dərk edib anlamalıyıq ki, nə özümüzə nə də başqasına zərər verməyək. Hər bir çətin situasiyada qəzəb və aqressiv hisslərə nəzarət, özümüzü kontrol etmək, situasiyanı təhlil və analiz etmək bizi hər zaman daha doğru yola yönəldir. Nəhayət, isə hər şeyin özündə həyatın mənasını tapmaq və bu yolda düzgün şəkildə istiqamətlənmək dayanır.

Qısacası, cəmiyyət və ətrafımız nə edir etsin, biz özümüz özümüzə və ətrafa qarşı səhv etməməliyik. Çünki özümüz üçün məsuliyyət daşımaqdan imtina edəndə həyatda məna yaratmaq və mənanı kəşf etmək qabiliyyətimizdən də imtina edirik, başqa sözlə biz həyatdan imtina edirik”.

https://konkret.az/insanlarda-aqressiv-davranislar-artir-bu-heyatdan-imtinanin-bir-formasidir

Son məqalələr

Online Qeydiyyat