F.ü.f.d. Elnur Rüstəmov tns.az saytına müsahibə verib

Yay fəslinin isti günləri davam edir. Bu mövsümdə insanların əksəriyyəti işləməkdən daha çox istirahətə, tətilə yönəlir. Bir çox iş yerində, əsasən iyul və avqust tətil ayları kimi nəzərdə tutulur.

Tətil müddətindən səmərəli istifadə etmək, faydalı tətil keçirmək üçün nələrə diqqət olunmalıdır?

Mövzu ilə bağlı TNS-ə danışan psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov yay istirahətinin əhəmiyyəti ilə bağlı maraqlı məqamlardan bəhs edib: “Məlumdur ki, yayın başlaması ilə bir çox insan tətil planlaşdırır, onu mümkün qədər məhsuldar və zövqlü keçirmək istəyir. Çoxumuz üçün yay tətili iş və akademik həyatın gərginliyindən uzaqlaşmaq, isti havaların özü ilə gətirdiyi maraqlardan həzz almaq, ailə və dostlarla keyfiyyətli zaman keçirmək fürsəti kimi qəbul edilir.

Hər bir fəsil dəyişikliyində olduğu kimi, yayın gətirdiyi azadlıq və gözləntilər də insanın psixi rifahına təsir edir, xüsusən, narahatlıq, depressiya və digər psixi sağlamlıq problemləri ilə mübarizə aparanlar üçün daha yaxşı təsir bağışlayır.

Ümumiyyətlə, tətil anlayışı kiçikdən böyüyə qədər hər insanın ehtiyacıdır. Biz bu müddəti zehin və bədən üçün bərpa dövrü olaraq düşünməli, gərgin iş rejiminin, təhsilin və digər problemlərin yükündən azad olmaq üçün doğru istiqamət kimi dəyərləndirməliyik”.

Yaxşı tətil keçirmək daha az fəaliyyətdə olmaq demək deyil…

Elnur Rüstəmov bildirib ki, yaxşı istirahət etmək, heç də daha az məşğul olmaq demək deyil: “Düşünə bilərsiniz ki, ən yaxşı istirahət növü mümkün qədər az məşğul olduğunuz, passiv həyat keçirdiyiniz tətildir. Ancaq araşdırmalar göstərir ki, beynimiz və emosional sistemlərimiz tətil planına çox səy tələb edən fəaliyyətləri daxil etdikdə daha yaxşı işləyir. Əslində, istirahət və məşq arasındakı bu tarazlıq beynimizdə serotonin istehsalına müsbət təsir göstərir ki, bu da xoşbəxtlik hissimizi artırır. Tətil fəaliyyətlərinə misal olaraq normal gəzinti, əyləncəli idmanla məşğul olmaq, hobbiləri inkişaf etdirmək və ya yeni məkanlar kəşf etmək aid edilə bilər.

Bu müddətdə ən əsas məqsəd beyni “sıfırlamaq” və növbəti aylara daha sağlam psixoloji vəziyyətlə başlamaqdır. Tətil günlərində insanlara mümkün qədər xoşladığı işlərlə məşğul olmaq, yuxu rejiminə diqqət etmək, ailə və dostları ilə daha yaxından vaxt keçirmək, monoton həyatdan uzaqlaşmaq və daha yaxşı istirahət üçün təbiətlə təmasda olmaq, informasiya texnologiyalarından daha az istifadə etmək tövsiyə olunur. Ən sonda isə tətil düşüncə tərzini qoruyub saxlamaq mütləqdir”.

Tətildən sonra nələrə diqqət edilməlidir?

Psixoloq bildirib ki, tətil günlərindən sonra hər bir insan bu müddət ərzində yaşadığı rahatlığı, azadlığı, xoş hissləri uzun müddət yaddaşında saxlamaq istəsə də bu, mümkün olmur: “Tətil zamanı əldə olunan enerji yalnız 2-4 həftə davam edir. Tədqiqatçılar bunu “sönmə effekti” adlandırırlar, səbəbi isə tətildən sonra əvvəlki rutinə qayıtmaq üçün maksimum dörd həftə vaxt lazım olmasıdır.

İnsanlarımızın tez-tez düşdüyü tələlərdən biri tətildən qayıdıb, dərhal “mən arxada qalmışam” və “mən yenidən əvvəlki rutinə qayıtmalıyam”, – deyə düşünməsidir. Bu, o deməkdir ki, biz tətil zehniyyətimizi daha tez itiririk və topladığımız enerji ehtiyatları qısa müddətdə tükənir. Tətilə çıxan zaman işdən və təhsil mühitindən ayrılmadan əvvəl bütün tapşırıqlarınızı düzgün şəkildə təhvil verdiyinizə, həmçinin uzaqda olduğunuz müddətdə narahat olacağınız situasiyaların olmacağına əmin olmaqla bunun qarşısını ala bilərsiniz”.

Mütəxəssis vurğulayıb ki, ilboyu davamlı çalışmaq, tətil günlərindən səmərəli istifadə etməmək və ya ümumiyyətlə tətil günlərində ayrılmış iş saatından əlavə çalışmaq psixoloji dayanıqlığın zəifləməsinə, mənəvi və fiziki olaraq tükənməyə, nəticədə fərdin burnout sindromu yaşamasına gətirib çıxarır: “Bu hal – burnout sindromu işçilər arasında müşahidə edilən yorğunluq, xəyal qırıqlığı və işdən soyuma ilə xarakterizə olunan vəziyyətdir. Bu vəziyyətin davam etməsi iş itkisindən ailədaxili ünsiyyət problemlərinə, psixosomatik xəstəliklərdən alkoqol, narkotik, siqaret istifadəsinə və hətta yuxusuzluq, depressiya kimi ruhi xəstəliklərə qədər uzanan ciddi nəticələrə səbəb olur. Duyğusal tükənmə insanın gördüyü işə görə duyğusal olaraq özünü həddindən artıq yüklənmiş, tükənmiş hiss etməsidir və burnout sindromunun mühüm simptomudur.

Ümumiyyətlə şəxsi, təşkilati və hətta sosial problemlərdən qaynaqlanan faktorların birlikdə rol oynaması ilə ortaya çıxan bu psixoloji problem, hərtərəfli sistem problemi olaraq qəbul edilməlidir. Problemlər davamlı müşahidə olunduğu halda mütəxəssis dəstəyi və müdaxilə, həm fərdi həm də fərdin işlədiyi müəssisədə təşkilati zəmində olmalıdır. Ən əhəmiyyətlisi isə əvvəldən bu psixoloji problemə yol açan faktorların aradan qaldırılması, əsası erkən dövrdə diaqnoz qoyularaq sürətlə müdaxilə edilməsidir”.

Elnur Rüstəmov vurğulayıb ki, sadalanan bu kimi halların yaranmaması üçün çalışdığımız iş mühitində, oxuduğumuz təhsil müəssisələrində və həmçinin ailədə təyin olunan istirahət vaxtından düzgün və səmərəli şəkildə istifadə edilməlidir.

“Mənəvi rahatlıq və psixoloji rifahın yüksək olmasına vaxtında diqqət etmək, həyatın hər mərhələsində sağlam və dayanıqlı şəxsiyyət olaraq davam etməyə əsas verəcək”, – deyə mütəxəssis əlavə edib.

https://tns.az/saghlamliq/56881-psixoloq-fasilesiz-ishlemek-ciddi-xesteliklere-asililigha-sebeb-olur/?sfnsn=wa


Son məqalələr

Online Qeydiyyat