Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov informator.az saytına müsahibə verib

Demək olar ki, hər bir insan gündəlik olaraq dəfələrlə hədsiz stress və çətinlik yaradan problemlərlə üzləşir. Stress xüsusi situasiyalara və hadisələrə qarşı verilən təbii reaksiyadır. Lakin davamlı stressə məruz qalmaq insanın psixoloji və fiziki sağlamlığına, o cümlədən psixoloji rifahına ciddi şəkildə təsir edir”. 

Bu sözləri informator.az’a açıqlamasında psixoloq Elnur Rüstəmov söyləyib. Onun sözlərinə görə, bu günün tələbləri və inkişafının gətirdiyi yeniliklər, həmçinin texnologiyanın sürətli inkişafı insanlarda yaranan stressi daha çox artırır:

“Stressin artmasına səbəb olan amillər işdən, münasibətlərdən, maliyyə təzyiqlərindən və digər vəziyyətlərdən yarana bilər, əslində isə insanın psixoloji rifahı üçün real və ya qəbul edilən, problem və təhlükə yaradan hər şey stresə səbəb ola bilər. Normal həddə hiss edilən stress insan üçün motivasiya ola bilər və hətta normal stress sağ qalmaq üçün vacib instinktlərdən biridir. Bədənin döyüş və ya müdafiə mexanizmi insana təhlükəyə nə vaxt və necə reaksiya verməli olduğunu bildirir. Ancaq bədənin çox asanlıqla qıcıqlandığı və bir anda çoxlu stress faktorlarına məruz qaldığı an, belə stress insanın ruhi və fiziki sağlamlığını pozur və təhlükəli bir hal alır.

Stress bədənin narahatlıq doğuran hallara və təhlükələrə qarşı təbii müdafiəsidir. O bədən sistemlərini təhlükədən qaçmaq və ya qarşıdurmaq üçün hazırlayan hormonların ifrazı fonunda müdafiəyə səbəb olur. Bu adətən insanın döyüş mexanizmi adlandırılır. İnsanlar bir problem və ya təhlükə ilə qarşılaşdıqda, qismən fiziki reaksiya verirlər. Bədən insanlara ya qalıb problemlə üzləşməkdə ya da mümkün qədər tez təhlükəsizliyə çatmaqda kömək edən resursları aktivləşdirir”.

Psixoloq stressin yol açdığı fəsadlardan bəhs edib:

“Bədənimiz belə gərgin anlarda daha çox miqdarda kortizol, epinefrin və norepinefrin kimi kimyəvi maddələr istehsal edir. Bunlar isə artan qan təzyiqi, əzələ tezliyi, tərləmə, sayıqlıq kimi hallara səbəb olur. Bütün bu amillər insanın potensial təhlükəli və ya çətin vəziyyətə cavab vermək qabiliyyətini artırır. Norepinefrin və epinefrin də daha sürətli ürək döyüntüsünə səbəb olur ki, belə reaksiyaya səbəb olan ətraf mühit amillərinə stressorlar deyilir. Belə qıcıqlandıcılara – səs-küy, aqressiv davranış, sürətli gedən avtomobil, filmlərdə qorxulu anlar və ya iş mühitində yaranan problem və digər mənfi situasiyalar aid edilir. Stress reaksiyası zamanı orqanizmdə yaranan dəyişikliklərə misal olaraq – qan təzyiqi və nəbzin yüksəlməsi, tənəffüsün sürətlənməsi, həzm sisteminin yavaşlaması, immun aktivliyinin azalması, əzələlərin daha da gərginləşməsi, ayıqlığın artması səbəbindən yuxunun azalması və s. kimi halları göstərmək olar.İnsanın çətin vəziyyətə necə reaksiya verməsi stressin ümumi sağlamlığa təsirini müəyyən edir. Bəzi insanlar ard-arda və ya eyni anda bir neçə stres faktoru ilə qarşılaşa bilər və bu ağır stres reaksiyasına səbəb ola bilər. Digər insanlar isə əksinə, tək bir stresə daha güclü cavab verə bilərlər. Bəzən insanlar elə düşünürlər ki, stress yalnız mənfi hadisələr nəticəsində yaranır. Lakin insanların müsbət hesab etdikləri bəzi təcrübələr, uşaq sahibi olmaq, tətilə getmək, daha yaxşı bir evə köçmək, vəzifə artımı, universitetə qabul olmaq kimi müsbət hadisələr də birbaşa stressə səbəb olur.Bunun səbəbi, adətən insandan əhəmiyyətli dəyişiklik, əlavə səy, yeni məsuliyyətlər və uyğunlaşma ehtiyacını ehtiva etməsidir. Belə hadisələr də mənfi situasiyalar kimi bir insandan naməlumluğa addım atmağı tələb edir. Məsələn, bir tərəfdən vəzifə yüksəlişindən sonra artan maaşı səbirsizliklə gözləyən şəxs digər tərəfdən həm də əlavə vəzifələrin öhdəsindən gələ bilməyəcəyini düşünür”.

Müsahibin fikrincə, stresslə mübarizə üçün biz ilk öncə onun hansı stress növü olduğunu dəqiq müəyyənləşdirməli daha sonra isə həmin problemlə mübarizəyə hazır olmalıyıq:

“Ümumilikdə stresin üç növü müəyyən edilir. Bunlardan birincisi – uşaq baxımı, ev tapşırığı və ya maliyyə öhdəlikləri kimi gündəlik stresslər, ikincisi –  qəfil, pozucu dəyişikliklər, məsələn, ailə itkisi və ya iş itkisi haqqında məlumat, üçüncüsü isə travmatik stress sayılır. Buna ağır qəza, hücumlar, ekoloji fəlakət və ya müharibə misal göstərilə bilər. Həmçinin stressin əsas iki növü – kəskin və xroniki növləri də ayırd edilir.Kəskin stress qısamüddətlidir və adətən stressin daha çox yayılmış formasıdır.  Kəskin stress adətən yaxınlarda baş vermiş hadisələrin təzyiqi ilə və ya yaxın gələcəkdə qarşıdan gələn problemlərlə üzləşdikdə inkişaf edir. Belə stress zamanı şəxs problemi həll etdikdən və ya son tarixə çatdıqdan sonra stress azalacaq və ya yox olacaq. Xroniki stress isə uzun müddət ərzində inkişaf edir və daha zərərlidir. Davam edən yoxsulluq, qeyri-funksional ailə və ya bədbəxt evlilik xroniki stressə səbəb ola biləcək vəziyyətlərə misaldır. Bu, bir insanın stresdən qaçmaq üçün heç bir yol görmədiyi və həll yollarını axtarmağı dayandırdığı zaman baş verir. Həyatın erkən dövründə baş verən travmatik təcrübə də xroniki stressə səbəb ola bilər. Stress xroniki hal alırsa, o cümlədən bir sıra fəsadlara səbəb olur. Narahatlıq və digər formada təşviş, depressiya, ürək xəstəliyi, yüksək qan təzyiqi, əzələ ağrıları, travma sonrası stress pozuntusu (tssp), yuxu problemi, mədə narahatlığı, kişilərdə erektil disfunksiya, eləcə də ümumilikdə libidonun azalması və s. kimi hallar xroniki stress zamanı özünü kəskin şəkildə biruzə verir. Stressin yaratdığı digər bir psixoloji narahatlıq isə “təşviş” yəni təşviş pozuntusudur. Təşviş pozuntusu, getməyən və zamanla daha da pisləşə bilən narahatlıqları ehtiva edir. Təşviş pozuntusunun 3 növü ayırd edilir: ümumiləşdirilmiş təşviş pozuntusu (GAD) panik pozuntu və fobiyalar. Təşviş pozuntuları zamanı simptomlar iş performansı, təhsil və münasibətlər kimi gündəlik fəaliyyətlərə kəskin mənfi müdaxilələr edərək şəxsin həyat keyfiyyətini azaldır. Belə halda təşviş pozuntusunun müalicəsi üçün mütəxəssis dəstəyi və psixoterapiya almaq mütləqdir.Ümumiyyətlə insanlar həyat tərzində edilən bir çox dəyişik və üsulların, onlara stresdən qaynaqlanan həddən artıq yüklənmə hissini idarə etməyə və ya qarşısını almağa kömək edəcəyini bilməlidirlər”.

Elnur Rüstəmov stresslə mübarizə yollarından danışıb:

“Stresslə mübarizə üsullarına ilk öncə məşqlər aid edilir. Araşdırmalar müəyyən edir ki, məşqlər stress keçirən insanlarda yaddaş pozuntusunu azaldır. Nəfəs alma və rahatlama üsulları ürək döyüntülərini yavaşladır və rahatlamağa kömək edir. Belə məşqlərdən ən faydalı nəfəs texnikalarıdır. Əsas məqsədi rahatlıq yaratmaq, stresi azaldmaq və yuxuya getməyə kömək etməkdir. Belə nəfəs texnikaları prinsipcə sadədir, məsələn 4-7-4 texnikası, yəni 4 saniyə nəfəs almaq, 7 saniyə nəfəs tutmaq və 8 saniyədə nəfəsi vermək kimi davam etdirilir. Həmçinin belə məşqlərə 4-6, 4-4-4-4 və 4-2 prinsipli nəfəs texnikaları aid edilir.İkinci olaraq alkoqol, narkotik və kofein qəbulunun azaldılmasıdır. Bu maddələr stressin qarşısını almağa kömək etmir və onu daha da artırır. Daha sonra stressin azaldılmasında qidalanmaya diqqət ən vacib məsələlərdən biridir. Bol meyvə və tərəvəzdən ibarət sağlam, balanslaşdırılmış yemək rasionu stress zamanı immunitet sistemini qorumağa kömək edir. Yanlış qida rasionu və zərərli yeməklər ciddi xəstəliklərdən əlavə stressə əsas yaradır.

Növbəti həll prioritet idarəetmədir. Gündəlik görüləcək işlərin siyahısını təşkil etmək və diqqəti öncə təcili və ya təxirəsalınmaz işlərə yönəltmək stress mənbəyini və təşvişi azaldacaqdır. İnsanlar daha sonra tamamlamalı olduqları işlərə deyil, gün ərzində tamamladıqları və ya əldə etdiklərinə diqqət yetirməlidirlər.

Son olaraq isə fərdin hissləri və yaşadığı çətinliklər barədə danışması stressin azalmasına səbəb olan ən effektiv üsullardan biridir. Psixoloji seanslar, psixoterapiya və mütəxəssislə əlaqədə olmaq, onunla hissləri və narahatlıqları bölüşmək insana təcrid hisslərini azaltmağa kömək edərək doğru istiqamələri özünün müəyyən etməsinə əsas yaradır. Bu halda ətrafdakı insanların dəstəyi də olduqca vacibdir”.

https://informator.az/news_11077.html

Son məqalələr

Online Qeydiyyat