Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov bizim.media saytına müsahibə verib

Panik atak heç bir təhlükə və ya stimul olmadığı halda narahatlıq və sıx qorxu hücumları ilə ortaya çıxan, sürətli nəfəs alma, ürək döyüntüsü, tərləmə kimi əlamətlər göstərən psixoloji bir xəstəlikdir. Panik atak zamanı tərləmə, döş qəfəsində sıxılma, nəfəs darlığı, başgicəllənmə və ürəkbulanma kimi ümumi fiziki simptomlar da müşahidə olunur. Kimisi liftdə qalanda, kimisi qaranlıqda, taksidə, qarşısındakı yüksək səslə danışanda və s. kimi hallarda panik atak keçirə bilir. 

Maraqlıdır, bəs panik atak insanda hansı hallarda yaranır və qarşısını necə almaq olar?

Psixoloq Elnur Rüstəmov Bizim.Media-ya bildirib ki, günümüzdə ən çox rast gəlinən psixoloji problemlərdən biri də məhz həyatın hər anını çətinləşdirən panik ataklar, yəni təşviş hücumlarıdır:

“Panik atak heç bir təhlükə və ya stimul olmadığı halda narahatlıq və yüksək qorxu ilə ortaya çıxan psixoloji bir narahatlıqdır. Bu hal fiziki reaksiyalara səbəb olan təşvişin qəfil baş verən epizodudur. Lakin panik atakla panik pozuntu, yəni təşviş pozuntusunu eyniləşdirmək doğru deyil. 

Qeyd etmək lazımdır ki, panik ataklar və ya panik tutmalar sadəcə panik pozuntu üçün səciyyəvi deyil. Yəni fərqli təşviş pozuntularında, hətta depressiyada, obsessiv kompulsiv pozuntuda belə zaman-zaman panik tutmalar görülür. Həmçinin panik atak panika hücumlarıdır və bunlar əlamətdir, panik (təşviş) pozuntu isə bir psixoloji xəstəlikdir. Ona görə hər panik tutmaya mütləq “bu, panik pozuntudur” diaqnozu qoymaq yanlışdır. 

Bioloji olaraq bədən təhlükə ilə üzləşdikdə, beyin dərhal avtonom sinir sisteminə “qaç və ya döyüş” reaksiyasını aktivləşdirməyi əmr edir.

Normalda bir təhlükə ilə qarşılaşdığınız zaman sinir sistemi hərəkətə keçir. Adrenalin hormonu qan dövranına daxil olur və bədəni yüksək həyəcan vəziyyətinə gətirir. Bu zaman ürək döyüntüsü sürətlənir, bu da əzələlərə daha çox qan göndərir. Nəfəsalma tezləşir və buna görə bədən daha çox oksigen qəbul edir. Nəticədə qanın şəkəri yüksəlir, duyğular yoğun və kəskin şəkildə bədəni ələ keçirir. Panik hücumlarında isə bədən bu aktları heç bir səbəb olmadan və ya təsadüfi şəkildə yerinə yetirir. Məlumdur ki, beynin qorxuya bağlı olan hissələri bu epizod zamanı daha da aktivləşir.

Beyindəki neyrotransmitter balanssızlığı kimi travmatik vəziyyətlər, habelə tiroid və ürək ritm pozuntuları kimi tibbi şərtlər də sadalanan faktorlar kimi panik atak pozuntusunun səbəbləri arasındadır.

Bu stress və travmalar beyindən bədənə yanlış həyəcan siqnalları göndərir, beləliklə insan panik hücumlar yaşayır. Panik atak zamanı bədəndəki adrenalin səviyyəsi normadan 1/2 və ya 2 dəfə daha çox olur. Panik atak zamanı yaşanan simptomlar qəfil ürək döyüntüsü, soyuq tərləmə, qızartı, əllərdə və ayaqlarda qeyri-iradi titrəmə, qarında qıcıqlanma və ağrı, sinə ağrısı, nəfəs darlığı, huşunu itirmək və ölüm qorxusu kimi hisslərdir. 

Bundan əlavə, aşağıdakı hallar da: özünü ifadə etməkdə çətinlik, basdırılmış emosiyalar, uşaqlıqda yaşanan travmalar, depressiya, sosial fobiya və digər fobiyalar (qan qorxusu, heyvan və həşərat fobiyaları, qapalı məkan qorxusu (klaustrofobiya), aqorafobiya), yuxuda tutulmalar, boğulduğunu hiss etmək, ailədə genetik meyl, daimi stressə məruz qalmaq, cinsi təcavüz, həddindən artıq siqaret və kofeindən istifadə, boşanmalar, xroniki xəstəliklər də panik atakların səbəbləri arasında göstərilə bilər.

Panik atak zamanı bir insanın yaşadığı hallar ona infarkt keçirmiş kimi hiss etdirir.

Nəzərə almaq lazımdır ki, panik atak zamanı meydana gələn ürək ağrısı və çırpıntılar da daxil olmaq bütün bu hallar ümumi fiziki panik atak əlamətləridir. 

Panika hücumları zamanı şəxs nəzarəti itirə və aqressivləşə bilər, lakin buna baxmayaraq şəxs maksimum bir çox əlamətlərə nəzarət etməyə çalışmalıdır. 

Bu aqressiya həm də insanda “Mən dəli oluram?” sualını yaradır 

Nəticədə psixoloji cəhətdən buna hazır olmayan şəxsdə qorxular və sarsıntılar şiddətlənir. Araşdırmalar göstərir ki, belə atak zamanı fərd qeyri-real hisslərin fərqinə varmağa çalışmalıdır. Panik atak keçirən bir insan, hücum zamanı zehni idarəsini itirdiyi üçün qeyri-real duyğular və irrasional düşüncələr yaşayır. Bu vəziyyət müvəqqəti hesab olunur və hücum dayandıqda insan normal vəziyyətinə qayıdır. Belə qorxu, panik və təşviş halı insanın davranışında da özünü göstərir. Davranışda aqressivlik, nəzarətin itirilməsi və reallıqla uyğunsuzluq müşahidə olunur. 

Panik atak növləri ətraf mühitə və vəziyyətə görə dəyişir, lakin əsas olaraq 3 növü ayırd edilir:

Spontan panik atak – anidən baş verir və onun əsasını təşviş pozuntu təşkil edir. Situasiya əsaslı panik hücum – bir insanın panik atak keçirəcəyini hiss etdiyi zaman baş verir. Sosial fobiya, travma sonrası stress pozuntusu və yuxu pozuntuları zamanı müşahidə edilə bilər. Sonuncu olaraq isə situasiyaya meylli panik atak – müəyyən bir vəziyyətdə baş verən və həmişə təkrarlanmayan panik atak növüdür.

Panik hücumların müalicəsində ön plana çıxan müalicə üsullarına dərman və psixoterapiyanın paralel şəkildə aparılmasıdır

Panik ataklar mütəxəssis rəhbərliyi ilə və koqnitiv davranış terapiyası ilə fərdin özünün səyi və ətrafının da dəstəyi ilə aradan qaldırıla bilər. Panik atakların müalicəsində koqnitiv davranış terapiyası ilə yanaşı psixoterapiya və tənəffüs məşqlərinə də üstünlük verilir.

Panik atakla mübarizə aparan insan ilk öncə peşəkar dəstək almaq üçün mütləq şəkildə mütəxəssisə müraciət etməlidir. Panik hücumlar kimi ciddi bir psixoloji problemlə tək başına savaşmaq doğru deyil və narahatlığın xroniki xəstəliyə çevrilməsinə səbəb olur. Bunlardan əlavə olaraq qeyd edək ki, nəfəs məşqləri məhz panik atak zamanı və təşviş pozuntularının müalicəsində geniş istifadə olunur. 

Xüsusilə 4-7-8 qaydası panik atakları idarə etməyə yardım edən ən effektiv üsullardan sayılır. Bu məşq zamanı fərd burnundan 4 saniyə nəfəs almalı, 7 saniyə nəfəsini saxlamalı və sonra 8 saniyə ərzində ağzından yavaş-yavaş nəfəs verərək məşqi bitirməlidir. Bu tənəffüs üsulu həm panik atakları idarə etməyə, həm də gündəlik həyatda insanın rahatlamasına kömək edir.

Digər tərəfdən əzələ gərginliyi də panik atak əlaməti olaraq görülür

Proqressiv əzələ relaksasiyası bütün bədəni rahatlaşdırmaq üçün eyni vaxtda bir qrup əzələdəki gərginliyi aradan qaldırmağı hədəfləyir. Bu yolla, əzələlərin rahatlama üsulları bədənin panik ataklara reaksiyasını mümkün qədər idarə etməyə imkan verir.

Panika hücumları zamanı sakitləşməyə kömək edən digər bir üsul isə fərdin özünü xoşbəxt hiss etdiyi yeri təsəvvür etməsidir.

Nəhayət, sonda onu da qeyd etmək lazımdır ki, bu cür narahatlıqdan əziyyət çəkən insanlar mütləq şəkildə özündə baş verən simptomları müşahidə edərək tanımağı bacarmalıdır. Belə olduğu halda professional müalicə daha uğurlu və qısamüddətli olacaq”.

https://bizim.media/az/cemiyyet/208461/panik-atak-blasi-ndash-heyati-cehenneme-ceviren-bu-problemden-nece-qurtulmaq-olar

Son məqalələr

Online Qeydiyyat