Psixologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən aparılan bir tədqiqat məktəb psixoloqlarının peşəkar kimliyini, psixi sağlamlığını, iş məmnuniyyətini və psixoloji stresslə əlaqələrini araşdırıb.
Bu araşdırmanın nəticələri İnstitutun sədri, f.ü.f.d. Elnur Rüstəmov, İnkişaf və yaş psixologiyası şöbəsinin əməkdaşı uzman klinik psixoloq Narınc Rüstəmova, Əlavə təhsil və innovasiyalar şöbəsinin müdiri psixoloq Ülviyyə Nəhmətova və klinik psixoloqlar Fuad Əsədov, Çinarə Kazımzadə və Nigar Əsgərovanın həmmüəllif olduğu məqalədə yer alıb.
Məqalə “Məktəb psixoloqları üçün Azərbaycan peşəkar kimlik şkalasının qiymətləndirilməsi: peşəkar şəxsiyyət, psixi rifah, iş məmnuniyyəti və psixoloji stresslə münasibətlərin tədqiqi” başlığı ilə “Technium Education & Humanities” jurnalında dərc edilib. Bu jurnal “Copernicus” və digər nüfuzlu beynəlxalq elmi bazalarda indekslənir.
Bu tədqiqatın məqsədi, insanın peşəkar kimlik anlayışının psixi rifaha, stressə, narahatlıq və depressiya səviyyəsinə, eləcə də iş məmnuniyyətinə təsirini araşdırmaq olub. Tədqiqatın xüsusi əhəmiyyəti ondadır ki, yalnız azərbaycanlı məktəb psixoloqları iştirak edib və nəticələr ölkəmizə uyğunlaşdırılaraq cəmiyyətə inteqrasiya edilib.
Araşdırmanın nəticəsində, məktəb psixoloqlarının peşəkar kimliyi şkalası (PISC) Azərbaycana uğurla uyğunlaşdırılıb və etibarlılığı təsdiq olunub. Bu şkala, Azərbaycandakı məktəb psixoloqları tərəfindən rahatlıqla istifadə edilə bilər.
Nəticələr göstərdi ki, peşəkar kimlik fərqindəliyi artdıqca, depressiya, təşviş və stress azalır, iş məmnuniyyəti və psixoloji rifah isə artır. Bu, psixoloqların peşəkar kimlik fərqindəliyinin onların psixi sağlamlığı və iş həyatında əhəmiyyətli rol oynadığını təsdiqləyir.
https://techniumscience.com/index.php/education/article/view/11546