“Tədris ili yeni başlayıb. Məktəbə adaptasiya prosesində şagirdlərin bir qisminin çətinlik yaşadığının şahidi oluruq. Xüsusən davranış pozuntusu olan, çətin tərbiyə edilən məktəblilər bu mərhələdə həm məktəb, həm ailə, həm də cəmiyyət üçün problem yaradırlar. Bu kateqoriyadan olan yeniyetmələrdə aqressiya və kəsici alətlərlə zorakılıq hallarının artmasının müxtəlif psixoloji və sosial səbəbləri var.
Psixoloji baxımdan bu məsələyə bir neçə aspektdən yanaşmaq mümkündür. Buraya emosional tənzimləmənin zəifliyini, ailədə və ətraf mühitdə rast gəlinən zorakılıq nümunələrini, bir qisim yeniyetmələrdə kriminal aləmə meyil və bunun təsirlərini, yaşıdların təzyiqini, özünütəsdiq ehtiyacını və s. məqamları daxil edə bilərik. Belə ki, yeniyetmələr bəzən emosiyalarını, xüsusən də qəzəb və məyusluq kimi güclü hissləri düzgün ifadə edə bilmirlər. Bəziləri aqressiyanı daha tez və qəti bir şəkildə ifadə etməyə meyilli ola bilirlər. Yaşadıqları sosial və emosional təzyiq bəzən onları belə davranışlara sövq edir.
Eləcə də ailədə və ya yaxın mühitlərində zorakılığı normal bir həll yolu kimi gördükləri təqdirdə bu cür davranışları özləri də təkrarlamağa meyilli olurlar. Ailədə və ya olduqları mühitdə zorakılığın adi bir vəziyyət olması uşaqlarda aqressiv davranışların yaranmasına səbəb olur. Eyni zamanda, sosial medianın, kütləvi informasiya vasitələrinin və bəzi qrupların təsirilə kriminal davranışlar romantikləşdirilir. Bu, gənclərdə kriminal aləmə marağın artmasına və zorakı davranışları “güclü” olmaq və ya “hörmət” qazanmaq üçün bir vasitə kimi qəbul etmələrinə gətirib çıxarır”.
Psixoloq qeyd edib ki, yeniyetmələr çox vaxt dostlarının təsiri altında olurlar:
“Bu yaş dönəmində dostluq münasibətləri və ya yaşıd qruplarına aidiyyət hissi çox güclü olur. Əgər qrup daxilində zorakılıq normal davranış kimi qəbul edilirsə, fərd özünü həmin qrupun bir hissəsi kimi hiss etmək üçün belə davranışları təkrar edə bilər. Yeniyetməlik dövrü həm də özünütəsdiq, özünüaxtarma, kimlik formalaşdırma dövrüdür. Bəzən gənclər daxili narahatlıqlarını aradan qaldırmaq və ya özlərini güclü göstərmək üçün aqressiv davranışa meyil edirlər”.
Onun sözlərinə görə, bu kimi problemlərin qarşısını almaq üçün həm ailələr, həm məktəb, həm də cəmiyyət olaraq birgə fəaliyyət həyata keçirilməlidir:
“Ailələr övladlarının davranış və ünsiyyətində hər hansı bir kənaraçıxma müşahidə edirlərsə, bununla bağlı zamanında tədbir görməlidirlər. Eləcə də məktəblərdə yeniyetmələrin emosiyalarını düzgün ifadə etmələri və stresli vəziyyətlərdə daha sağlam üsullardan istifadə etmələri üçün xüsusi təlim proqramları keçirilməlidir. Valideynlər və məktəb arasında əməkdaşlıq olmalıdır ki, uşaqlar həm ailədə, həm də məktəbdə eyni qayğı və nəzarət altında olsunlar. Ailələr övladları ilə daha yaxın münasibət qurmalı, onlara dəstək olmalıdırlar. Yeniyetmələrə pozitiv nümunələr təqdim etmək vacibdir. Müəllimlər, valideynlər və cəmiyyətin digər üzvləri öz davranışları ilə zorakılıqdan uzaq olmağın, empatiya və qarşılıqlı hörmətin vacibliyini vurğulamalıdırlar. Eyni zamanda yeniyetmələrin boş vaxtlarını faydalı fəaliyyətlərə sərf etmələri üçün idman, incəsənət və ya digər sosial layihələrə cəlb olunmaları onların aqressiv davranışlardan uzaqlaşmasına kömək edə bilər. Ümumiyyətlə, bu məsələdə həm cəmiyyətin, həm də fərdlərin ciddi rolu var. Cəmiyyət olaraq yeniyetmələrə daha çox dəstək vermək, onları dinləmək və problemlərinin həllində onlara yardım etmək lazımdır”.
https://oxu.az/cemiyyet/iki-gunde-uc-yeniyetme-cinayeti-bir-olu-ne-etmek-lazimdir