İnsanların bu qədər “caniliyə”, cinayətə meyilli olmasının səbəbi nədir?
Mövzu ilə bağlı psixoloq Elnur Rüstəmov ” informator.az”a müsahibəsində bildirir ki, cinayət hadisələrinin artmasının səbəbləri kompleks və çoxşaxəlidir:
“İnsanların cinayətə meyillənməsində bir çox faktorlar təsir göstərir. Öncəliklə psixoloji faktorları qeyd etmək istərdim. Belə ki, psixoloji travmalar, emosional və davranış pozuntuları cinayətə meyillilik yarada bilər. Xüsusilə, bu prosesdə uşaqlıqda yaşanan travmalar və ailə daxilində zorakılıq hallarının təsiri böyükdür.
Sonrakı mərhələdə ətraf mühit və onun səbəblərini qeyd etmək istərdim. Belə ki, İnsanların yaşadığı mühit, dost çevrəsi və ailə münasibətləri onların davranışlarını formalaşdırır. Sağlam olmayan ailə mühiti cinayət davranışını artırır. Digər bir səbəb kimi, mədəniyyət və təhsil səviyyəsini qeyd etmək istərdim. Təhsil səviyyəsinin aşağı olması və müəyyən mədəni normaların qəbul edilməməsi də bəzən cinayətkarlığa təsir edir”.
Psixoloq problemin həll yollarından danışıb:
“Psixoloji yardıma əlçatanlıq artırılmalı və stress, depressiya, travma kimi psixoloji problemlər yaşayan insanlar üçün maariflənmə və reabilitasiya proqramları təşkil edilməlidir.
Gənclər arasında təhsilin səviyyəsinin artırılması, mədəni dəyərlərin öyrədilməsi və cinayətkarlığın zərərləri barədə məlumatlandırma çox önəmlidir. Eyni zamanda sağlam ailə münasibətlərini təşviq etmək, uşaqlarda düzgün dəyərlər aşılamaq üçün proqramlar təşkil edilməli və icmalar arası dəstək gücləndirilməlidir.
Cinayətkarlığın azaldılması üçün cəmiyyət olaraq əlimizdən gələn dəstəyi göstərmək, fərdlərin psixoloji sağlamlığını qorumaq və sosial vəziyyətlərini yaxşılaşdırmaq üçün hər birimiz əlimizdən gələni etməliyik”.