Bakıvaxtı.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov bildirib ki, Zəfər Günü yaxınlaşdıqca, şəhidlərimiz və qazilərimizlə bağlı düşüncələrimiz bir daha dərinləşir və onların fədakarlığı, Ali Baş Komandanın müdrik siyasəti, Azərbaycan xalqının həmrəyliyi sayəsində əldə etdiyimiz bu zəfər, Azərbaycan xalqının milli mənlik şüurunun və vətənpərvərlik ruhunun nə qədər güclü olduğunu göstərir.
E.Rüstəmovun sözlərinə görə, bu dəyərlər sadəcə bir tarixin və ya hadisənin nəticəsi deyil, illərlə qorunan milli və mənəvi dəyərlərimizin bəhrəsidir.
Milli mənlik şüurunun və vətənpərvərlik hissinin fərdin öz kimliyini və cəmiyyətə bağlılığını dərk etməsindən yarandığını deyən müsahibimiz qeyd edib ki, psixoloji aspektdən baxdıqda, bu hisslərin formalaşmasında ailə, məktəb və cəmiyyətin rolu çox böyükdür:
“Valideynlər və müəllimlər uşaqlara öz tarixi, mədəniyyəti və dəyərləri barədə danışarkən, onları qəhrəmanlarımızın həyatı ilə tanış edərkən, əslində onların milli mənlik şüurunu formalaşdırmış olurlar. Uşaqların özlərini cəmiyyətin bir parçası kimi hiss etməsi və öz millətinə dəyər verməsi, onların psixoloji olaraq daha sağlam, güclü və dayanıqlı yetişməsini təmin edir”.
Psixoloq vurğulayıb ki, vətənpərvərlik hisslərinin formalaşdırmaqda əsas məqsəd uşaqlara yalnız bilik vermək deyil, həm də bu biliklərə əsaslanaraq onlarda vətənə qarşı emosional bağlılıq yaratmaqdır.
E.Rüstəmov nəzərə çatdırıb ki, psixoloji olaraq, gənclərdə vətənpərvərlik hissini inkişaf etdirmək üçün öncə onların öz tarixinə və dəyərlərinə məhəbbət və hörmət hisslərini gücləndirmək lazımdır. Əlavə edib ki, uşaqlara hekayələr vasitəsilə vətənpərvərlik aşılanmalı, onlara şəhidlərimizin və qazilərimizin fədakarlığı nümunə kimi göstərilməlidir ki, bu da, uşaqlarda qürur hissi yaradır və onları dövlətinə bağlı olan məsuliyyətli vətəndaşlar kimi böyüməyə təşviq edir:
“Valideynlər və müəllimlər qarşısında duran ən vacib məsələ uşaqlara sevgi ilə yanaşmaq və onları öz köklərinə bağlı olaraq böyütməkdir. Psixoloji aspektdən yanaşdıqda, uşaqlar güclü bir ailə modelinə ehtiyac duyurlar, çünki ailədə onlar sevgiyə, hörmətə və məsuliyyətə dəyər verməyi öyrənirlər. Həmçinin, vətənpərvərlik hisslərinin tərbiyəsi üçün uşaqlar şəxsiyyətlərarası münasibətləri dərk etməli, özləri ilə başqaları arasında sağlam sərhədlər qurmağı öyrənməlidirlər. Cəmiyyət isə bu uşaqların özlərini güvəndə hiss etmələri üçün əlverişli şərait yaratmalı, milli bayram və anım günləri vasitəsilə onlara milli vətənpərvərlik dəyərlərini aşılamalıdır”.
Həmsöhbətimiz milli-mənəvi dəyərlərin insanın özünü bir millətin parçası kimi hiss etməsinə səbəb olduğunu söyləyib və nəzərə çatdırıb ki, uşaqlara mədəniyyətimiz, tariximiz, qəhrəmanlarımız haqqında danışmaq, onları bu dəyərlərlə tanış etmək psixoloji olaraq onların özlərini daha güclü hiss etməsinə gətirib çıxarır və milli dəyərlər uşaqlarda mənəvi möhkəmlik, dürüstlük, məsuliyyət və vətənə bağlılıq hisslərinin yaranmasına şərait yaradır ki, dəyərlərdən xəbərdar olan uşaqlar daha sağlam, dayanıqlı və əzmli böyüyür, hər bir fədakarlığı dəyər kimi qəbul edirlər və bu, onların gələcəkdə vətənpərvər, millətinə bağlı vətəndaşlar olmasını təmin edir:
“Ona görə də vətənpərvər uşaqlar böyütmək üçün həm ailələr, həm məktəblər, həm də cəmiyyət öz töhfəsini verməli, uşaqlara doğru nümunələr göstərməli və onlara milli-mənəvi dəyərlərimizi sevdirərək gələcəyə hazırlamalıdır”.
https://bakivaxti.az/az/posts/detail/genclik-zeferimizin-esas-muelliflerinden-biridir-1730878675