AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyevin “İqlim dəyişiklikləri qaçqınları və məcburi köçkünləri” mövzusunda məqaləsini sizə təqdim edirik.

AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyevin “İqlim dəyişiklikləri qaçqınları və məcburi köçkünləri” mövzusunda məqaləsini sizə təqdim edirik.

İqlim dəyişiklikləri insanların öz doğma yerlərini tərk etmələrinə, başqa ölkələrə və mədəni mühitə üz tutmağa məcbur edir. Bu proses heç də ağrısız ötüşmür və şəxsiyyətin özünü yenidən dərkinə və kimliyini qoruyub saxlamaqla yeni mədəni mühitə uyğunlaşmasını tələb edir. Bəzi hallarda bu proses nəticəsində ciddi şəxsiyyət dəyişikliklərinin baş verdiyini, hətta psixi pozuntu və ya marginallaşma ilə müşahidə olunan dəyişikliklər baş verir.

İqlimlə bağlı fəlakətlər səbəbindən doğma yurdundan qaçmağa məcbur olan insanların əksəriyyəti öz ölkələrində qalır. Bu halda onlar qaçqın deyil məcburi köçkün olurlar və qaçqın hesab edilmirlər. Çünki qaçqınlar münaqişə və ya təqiblərdən təhlükəsizlik axtarmaq məqsədilə öz ölkələrindən qaçıb beynəlxalq sərhədi keçən şəxs kimi müəyyən edilir[1]. Həmçinin, “İqlim qaçqınları” termini adətən mediada iqlimlə bağlı hadisələrə görə evlərini tərk etməyə məcbur olan və müdafiə və yardıma ehtiyacı olan insanları təsvir etmək üçün istifadə olunur. İqlim fövqəladə halının təsirləri haqqında müzakirələrə səbəb olan sadə və təsirli ifadə olsa da, beynəlxalq hüquqda rəsmi olaraq tanınmır[2]. Bu halda onların hüquqularının qorunması yerli özünüidarəetmə orqanlarından asılı olur, amma öz kimliklərini və özlərinə məxsus qrup dəyərlərinin qorunması qruplararası münasibətlərdən asılı olur. Maraqlıdır ki, bu insanların hüquqi statusu qçqın statusuna bərabər tutulmadığı üçün onların müvəqqəti və ya daimi yaşayış üçün məskunlaşdıqları ərazilərdə sosial statusları da qeyri-müəyyən xarakter daşıyır. Qlobal iqlim dəyişmələri və ekstremal iqlim hadisələrinin təsiri altında ətraf mühit şəraitinin pisləşməsi çoxsaylı böhranlarla müşahidə olunur. Bu, insan hüquqlarını təhdid edir, yoxsulluğu və dolanışıq vasitələrinin itkisini artırır, icmalar arasında dinc münasibətləri gərginləşdirir və nəhayət, məcburi köçkünlük üçün şərait yaradır. 

İlk dəfə “iqlim dəyişikliyi qaçqınları” nın məsələsi BMT-nin iqlim dəyişikliyi konfransının Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən COP27 tədbirində qaldırıldı[3] və qeyd edildi ki, Sudan, Yəmən, Niger və onun hüdudlarından kənarda “iqlim məcburi köçkünlər”nin dəyişən ətraf mühitə uyğunlaşmaq cəhdlərini iqlim dəyişikliyinin sürəti üstəliyir. Çünki bir çox hallarda təbii resurslarla yanaşı, gəldikləri ölkənin cəmiyyətinə inteqrasiya üçün əlverişli resusr və imkanlara çıxışları məhdudlaşdırılır. Bir sıra hallarda yerli sakinlərlə “iqlim dəyişikliyi qaçqınları” arasında sosial ziddiyyət milli və ya mədəniyyət qarşıdurmasına çevrilir. Nəzərə alsaq ki, dünyada iqlim dəyişikliyi daha çox insanın yaxın gələcəkdə “iqlim dəyişikliyi qaçqını” kimi xarici ölkələrə miqrasiyasını genişləndirə bilər, onların statusları, yeni mühitə uyğunlaşması, cəmiyyətə inteqrasiyası və şəxsiyyətin identikliyi məsələləri fənlərarası tədqiqatlarda araşdırılmalı, əməli fəaliyyət planları hazırlanmalıdır.

COP27 və COP28 tədbirlərində və digər tədbirlərdə təqdim edilən məlumatlar göstərir ki, iqlim dəyişikliyinə ən çox məruz qalan ölkələr və ərazilər inkişaf etmiş ölkələr tərəfindən təbii resursları yüz illər ərzində istismar edilmiş və ya ərazisində nüvə sınaqları, kimyəvi silahlar sınaqdan keçirilmiş ölkələrdir. Ona görə də inkişaf etmiş ölkələr bu gün onlara pənah gətirən “iqlim dəyişikliyi qaçqın”ları qarşısında öz tarixi və əxlaqi-hüquqi məsuliyyətlərini dərk edərək həmin insanların yeni mühitə uyğunlaşmasına və layiqli həyatla təmin edilməsinə həm hüquq, həm də maliyyə dəstəyi verməlidirlər. Bununla yanaşı inkişaf etmiş dövlətlər iqlim dəyişikliyinə məruz qoyduqları ölkələrin və ərazilərin qorunması və təbiətinin bərpası üçün tələb olunan məbləğdə maliyyə vəsaitləri ayırmalı, geniş miqyaslı “yaşıl iqtisadiyyat” layihələri həyata keçirməlidirlər.

Hesab edirik ki, Azərbaycanda keçirilən COP29 tədbirində bununla bağlı geniş müzakirələr aparılacaq və mühüm qərarlar qəbul ediləcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 noyabr 2024-cü ildə Bakıda keçirilən COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitindəki çıxışında bu məsələyə xüsusi diqqət yetirmişdir. Prezident İlham Əliyev demişdir: “Hörmətli xanımlar və cənablar, fürsətdən istifadə edərək, mən beynəlxalq gündəlikdə mühüm məsələlərdən birini də qaldırmaq istəyirəm – neokolonializm və iqlim dəyişmələri. Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur.

Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları, – gəlin, həmin ərazidəki xalqları alqışlayaq, – bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır.

1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır”[4].

İmperiya dünyagörüşü mərəzindən xilas ola bilməyən bəzi Qərb siyasətçiləri və psevdoliderləri hələ də “kolonial mentalitet”lə yaşayırlar. Onların bəziləri hesab edirlər ki, “ali irqlər” və “tabe olan irqlər” var. Ali irqlər tabe olan irqlərə rəhbərlik etməli, onları idarə etməli və hər şeyə sahib olmalıdırlar. İş o yerə çatıb ki, Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırır. Deməli, Cozep Borrell və onun kimilər bəşəriyyəti fəlakətə sürükləyən “müstəmləkə zehniyyətli” xəstə insanlardır. Dünyanı fəlakətə sürükləyən belə insnlara nəinki məsuliyyətlə vəzifələr verilməməli, əksinə, onlar tərəqqipərvər cəmiyyətlər tərəfindən müalicə edilməlidirlər.

Heç şübhəsiz ki, XXI əsrdə inkişaf etmiş dövlərlərin özlərini demokratik dövlət adlandırması və kiçik ölkələrə “kolonial mentalitet”lə yanaşaraq onların təbii resurslarını talan etməsi, əhalisini isə “iqlim dəyişikliyi qaçqınına” çevirməsi qətiyyən yolverilməzdir. Beynəlxalq ictimaiyyət bu məsələni diqqətdə saxlamalı və ədalətli həllinə nail olmalıdır.

https://www.linkedin.com/pulse/iqlim-d%C9%99yi%C5%9Fiklikl%C9%99ri-qa%C3%A7q%C4%B1nlar%C4%B1-v%C9%99-m%C9%99cburi-k%C3%B6%C3%A7k%C3%BCnl%C9%99ri-aliyev-ed6we?utm_source=share&utm_medium=member_ios&utm_campaign=share_via

Son məqalələr

Online Qeydiyyat