Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov 24media.az saytına müasir texnologiya və sosial medianın insan münasibətlərinə və bayram atmosferinə təsiri mövzusunda müsahibə verib

24media.az-ın növbəti müsahibi Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmovdur. O, bayramlarda əvvəlki səmimiyyətinin itməyi barəsində danışıb. 

Əvvəllər insanlar bir-birilə daha çox üz-üzə görüşər, qohumlar və dostlarla sıx münasibət saxlayardılar. Lakin müasir texnologiyanın və sosial medianın inkişafı bu ünsiyyəti virtual əlaqələrlə əvəz edib. Bu da bayramların əvvəlki səmimiyyətini azaldıb. Son illərdə bayramlar əvvəlki kimi coşğulu keçmir. Əvvəllər bayram ərəfəsində insanların üzündə sevinc, xoşbəxtlik hiss olunardı. İndi isə çoxları daha gərgin və narahat görünür, sanki onların üzündə bu duyğular əks olunmur.

Bəs bu vəziyyət insanların sağlamlığına və psixoloji durumuna necə təsir edir? Belə bir haldan çıxmaq üçün hansı yollar mövcuddur?

Müasir texnologiya və sosial medianın insan münasibətlərinə və bayram atmosferinə təsiri ciddi bir psixoloji problem yaradır. Belə ki, canlı görüşmələrin azalması insanlar arasında emosional bağları zəiflədir. Virtual əlaqələr isə daha səthi olur və insanların duyğusal dəstəklərə ehtiyacını daha çox artırır. Nəzərə alaq ki, sosial mediada digər insanların həyatını izləmək çox vaxt mənfi duyğulara səbəb olur. Çünki insanlar bəzən öz həyatlarını başqalarının “ideal” həyatı ilə müqayisə edir və özlərini kifayət qədər uğurlu və ya xoşbəxt hiss etmirlər. Digər tərəfdən, bu gün bayramlar az qala ailə dəyərlərindən çox, maddi aspektlərə yönəlib. Bu da bayramın əsl mahiyyətini itirir və insanlarda stress yaradır.

Həm də insanlar bayramlarda əvvəlki kimi qohumlar və dostlarla ünsiyyət qurmadıqda özlərini təcrid olunmuş və tənhalığa məruz qalmış hiss edirlər. Bu da onlarda stress və tənhalıq hissini formalaşdırır. Yuxarıdakı səbəblərdən dolayı insanlar daha aqressiv və ya üzgün olurlar. Bununla yanaşı, sosial təzyiqlər onların psixoloji vəziyyətini daha da pisləşdirir. Nəzərə alaq ki, duyğusal narahatlıqlar (stress, depressiya) birbaşa olaraq fiziki sağlamlığa, xüsusən, ürək-damar və immun sistemlərinə mənfi təsir göstərir

Ona görə də insanlar texnologiyadan uzaqlaşıb üz-üzə görüşməyə üstünlük verməlidirlər. Ailə və dostlarla vaxt keçirmək bayramların səmimiyyətini bərpa edə bilər. Sosial mediada keçirilən vaxt azaldılmalı və yalnız müsbət məzmunlar izlənməlidir. Əvvəlki bayram adət-ənənələrini yenidən tətbiq etmək, məsələn, birgə yemək hazırlamaq, ailəvi oyunlar keçirmək, bir-birinə kiçik, mənalı hədiyyələr vermək insanları bir araya gətirə bilər.

Daha dərin stress və aqressiya hiss edən insanlar psixoloqlara müraciət edə bilər. Qrup terapiyaları və dəstək qrupları da bu məsələdə çox faydalıdır. İnsanlar öz duyğularını dərk etmək və idarə etmək üçün mindfulness (şüurlu fərqindəlik) texnikalarını öyrənə bilərlər. Eyni zamanda, xeyriyyə işləri, kimsəsiz uşaqlar üçün tədbirlər təşkil etmək və ya ehtiyacı olanlara yardım etmək həm fərdi xoşbəxtlik, həm də cəmiyyətin birliyini təmin edə bilər.

Qeyd edim ki, texnologiyanın inkişafı və sosial medianın təsiri insan ünsiyyətinə mənfi təsir göstərsə də, bu vəziyyətdən çıxış yolları var. Ən əsası, insanların emosional bağlarını möhkəmləndirmək və mənəvi dəyərlərə önəm vermək lazımdır. Bayramlar yalnız bir tarix deyil, insanlar arasında sevgi, birlik və qarşılıqlı dəstək üçün bir fürsətdir. Bu fürsəti doğru qiymətləndirmək və onu həm özümüz, həm də başqaları üçün dəyərli etmək vacibdir.

https://24media.az/10808-sosial-mediada-kecirilen-vaxt-azaldilmalidir.html

Son məqalələr

Online Qeydiyyat