Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov tns.az saytına falçılar və onların törəmələrinin insan psixologiyasına təsir barədə müsahibə verib

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova rəhbərlik etdiyi sığınacağa gətirilən bir xanımın vəziyyəti ilə bağlı paylaşım edib. Qadının qəribə hərəkətlərindən narahat olduqları üçün onu müayinə etdiriblər və məlum olub ki, o, şizofreniya və kəskin psixoloji pozğunluqdan əziyyət çəkir. Qohumları bildiriblər ki, qadın 17 yaşına qədər normal olsa da, falçıya getmək həyatını kabusa çevirib. Falçının ona “sizin evdə iki qara çadır görürəm”, – deməsindən sonra bu xəstəliyə tutulub.

Hazırda köhnəlmiş falçı sözünün yerinə ekstrasens, yaxud özünü “yaşam koçu” kimi qələmə verən xeyli sayda insan var. Bu insanların “yardımına” üz tutanların sayı da az deyil.

Falçılar və onların törəmələri insan psixologiyasına təsir edə bilərmi?

Mövzu ilə bağlı TNS-ə danışan psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov narahatlıq doğuran məqamlara aydınlıq gətirib. O bildirib ki, falçı və ya “yaşam koçları”nın dedikləri birbaşa psixi xəstəlik yaratmaz, lakin mövcud psixoloji zəiflikləri gücləndirərək xəstəliyin yaranmasına və ya sürətlənməsinə səbəb ola bilər: “Falçılar, öncəgörənlər, və ya özlərini “yaşam koçu” kimi təqdim edənlərin insan psixologiyasına təsiri kifayət qədər mürəkkəbdir. Belə şəxslərin təsiri, xüsusilə emosional olaraq həssas, stress altında olan və ya travmatik bir dövr yaşayan insanlarda daha güclü olur. Falçının dediyi “iki qara çadır” kimi ifadələr “Placebo” effekti yaradır. Bu, mənfi gözləntilərin insanın psixoloji və fiziki vəziyyətinə neqativ təsir göstərdiyi vəziyyətdir. Qadın bu ifadəni eşidərək, real təhlükə hiss etməsə də, beynində təhlükə siqnalı yaradır və bu, stress hormonlarının artmasına səbəb olur.

Həssas insanlar da bu kimi sözləri gerçək olaraq qəbul edirlər. Bu, onların düşüncə sistemində deformasiya yaradır, paranoya, obsesif-kompulsiv düşüncələr və hətta psixotik simptomlarla nəticələnə bilər”.

Elnur Rüstəmov vurğulayıb ki, xüsusilə yeniyetmə yaşda (17 yaş kimi), şəxsiyyətin hələ tam formalaşmadığı dövrdə belə ifadələr dərin izlər qoya bilər. Onun sözlərinə görə, bu kimi ifadələr travmaya bənzər bir təsir, hətta posttravmatik stress pozğunluğuna (PTSP) səbəb olar: “Şizofreniya kimi psixi xəstəliklər genetik, bioloji və ya ətraf mühit faktorları ilə əlaqəli olur. Şizofreniyanın yaranmasında bioloji faktorlar əsas rol oynasa da, travmatik hadisələr və ağır stress onun ortaya çıxmasını tezləşdirə bilər. Falçı ilə olan hadisə də bu prosesi tətikləyən rol oynayıb. Falçının dedikləri kimi, travmatik ifadələr psixoloji xəstəliyə meyilli insanlarda xəstəliyin ilkin simptomlarını sadəcə aktivləşdirə bilər. Adətən, belə təsirlər, falçılara inanmağın mədəni və sosial olaraq qəbul edildiyi cəmiyyətlərdə daha güclüdür. Bu cür inanclar insanları həddindən artıq qorxutmaqla onları falçının dediklərinə inanmağa sövq edir”.

Bu qəbildən olan zərərli inanclara qarşı hansı üsullarla mübarizə aparılmasına gəlincə isə psixoloq bildirib ki, cəmiyyətdə falçılara və bu cür sözlərə qarşı maarifləndirmə işi aparılmalıdır: “İnsanlara bu kimi mənfi təsirlərin psixoloji sağlamlığa necə zərər verə biləcəyi izah olunmalıdır. Həssas şəxslərə erkən mərhələdə psixoloji dəstək göstərmək vacibdir.  Hətta belə inancları olan insanları ittiham etmədən, onların travmalarını anlamaq və psixoloji yardımla dəstəkləmək əsasdır. O ki qaldı falçılıq, saxta yaşam koçluğu və insanlara psixoloji manipulyasiya edən şəxslərin fəaliyyəti bu qanunla tənzimlənməlidir”.

https://tns.az/cemiyyet/76865-falchiya-inanib-xesteliye-tutuldu-insanlar-onlarin-telesine-nece-dushur

Online Qeydiyyat