Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin və Psixologiya Elmi Tədqiqat İnstitutunun 10-cu könüllü fəaliyyət qrupu üzvlərinin məzun günü keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov öncə bütün könüllüləri məzun günü münasibətilə təbrik edib, yeni könüllü fəaliyyəti proqramı üzvlərinə isə başlayacaq fəaliyyətlərində uğurlar arzulayıb. Elnur Rüstəmov indiyədək 300 könüllünün məzun olduğunu və institutun təcrübə imkanı yaratmaqdan məmnun olduğunu bildirib.
Sədr könüllü fəaliyyəti proqramı üzvlərinin institutun elmi tədqiqat işlərində məlumatların toplanılması və təhlil edilməsi prosesində, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzində, İnstitutunun Beyin və Davranış Laboratoriyasında, İnstitutunun təşkil etdiyi ixtisasartırma kurslarında, simpoziumlarda və konfranslarda aktiv iştirak etdiklərini vurğulayıb. Elnur Rüstəmov qeyd edib ki, bu, könüllülüyün əsas qayəsi – tələbə və məzunların sosial-ictimai aktivliyinin, eyni zamanda bilik və bacarıqlarının artırılmasına böyük töhvədir.
O, həmçinin institutda çalışanların 15 faizinin bu könüllülər qruplarının məzunları olduğunu diqqətə çatdırıb . Onların arasında institutun tədqiqat işlərində iştirak edən, şöbələrdə çalışan psixoloqlar da var.
Çıxışının sonunda Elnur Rüstəmov bütün könüllülərə uğurlar arzulayıb, onlara gələcək işlərində və həyatlarında məsuliyyətli, dürüst olmağı, dövlətə, vətənə fayda verməyi tövsiyə edib.
Daha sonra ümumi və eksperimental psixologiya şöbəsinin müdiri, p.ü.f.d., dos. Məhərrəm Əliyev və f.ü.f.d. Rəşad Əsgərov çıxış ediblər. Onlar bütün könüllülərə uğurlar diləyiblər. Onlar bu istiqamətdə fəaliyyət üçün yaradılan şəraitə görə sədr Elnur Rüstəmova təşəkkürlərini bildiriblər.
Daha sonra Psixologiya Elmi-Tədqiqat İnstitutunun Könüllülərlə iş şöbəsinin müdiri, 10 -cu könüllü fəaliyyət proqramının rəhbəri Emilya Nəsibova çıxış edib və tədbir iştirakçılarını salamlayıb. O, 6 ay ərzində könüllülərin bir çox beynəlxalq və yerli konfransların, təlimlərin icrasında, təşkilati işlərdə və tədqiqat işlərində fəal iştirakını vurğulayıb.
Emilya Nəsibova bu şəraiti yaratdığı üçün, hər zaman könüllülərə olan xüsusi dəstəyi üçün sədr Elnur Rüstəmova və iştirakçılara öz təşəkkürünü bildirib. O, könüllü fəaliyyət proqramı üzvlərini təbrik edib.
Daha sonra 10-cu könüllü fəaliyyət proqramı üzvlərinin videoçarxı təqdim edilib.
Tədbirin sonunda könüllü fəaliyyət qrupunun üzvlərinə plaket təqdim olunub və kollektiv xatirə şəkli çekdirilib.









