Psixologiya Elmi Tədqiqat İnstitutunun elmi rəhbəri AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev, institutun sədri,fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, institutun əməkdaşları Ülkər Zalova Nuriyeva, Emilya Nəsibova, Tamara Yusifova və Sevil Abbasovanın Azərbaycan dilinə adaptasiyasını həyata keçirdiyi “Ömür boyu bacı-qardaş münasinətləri şkalası”nın (Lifespan sibling relationship scale) tədqiqat məqaləsi “Index Copernicus”, “EBSCO”, “Crossref” kimi beynəlxalq xülasələndirmə və indekləmə bazalarına daxil olan “Technium Sosial Elmlər Jurnalı”nda dərc olunmuşdur.
Tədqiqat prosesinə 18 yaşdan yuxarı 317 nəfər qadın, 40 nəfər kişi olmaqla ümumilikdə 367 nəfər cəlb olunmuşdur.
Ömür boyu bacı-qardaş münasibətləri ilə bağlı aparılan tədqiqatın əsas məqsədi 48 maddədən ibarət şkalanın Azərbaycan dilinə adaptasiyasını həyata keçirməkdir. Tədqiqat nəticəsində şkala suallarının 47 maddəyə endirilməsi vacib hesab olunub. Buna səbəb, həmin bir maddənin faktor yüklərinin normadan çox aşağı olması və bunum tədqiqatın məqsədinə uyğun gəlməməsi nəticəsində xaric edilməsi ilə əlaqədardır.
Eyni zamanda, ömür boyu bacı-qardaş münasibəti ilə həyat məmnuniyyəti və psixoloji dayanıqlıq arasındakı əlaqənin öyrənilməsi də araşdırmanın vacib hissələrindən biri olub. Nəticələr göstərib ki, bacı-qardaş münasibətləri yaxşı olan ailələrdə həm həyat məmnuniyyəti, həm də psixoloji dayanıqlıq yüksəkdir. Həmçinin ailə daxili münasibətlərin yaxşı olması insanların ümumi rifahına, həyat məmnuniyyətinə, psixoloji dayanıqlılığına və psixoloji sağlamlığına müsbət təsir göstərir.
Bu tədqiqat 6 əsas alt-qrup üzərində qurulub: yetkin şəxslərin idrakı, onların hissləri və davranışları, uşaqların idrakı, hissləri və davranışı. Bu alt-qruplar ailə dinamikasının müxtəlif aspektlərini əhatə edərək bacı-qardaş münasibətlərinin həm valideynlərə, həm də uşaqlara olan təsirini ətraflı şəkildə araşdırmağa imkan verir.
Araşdırma göstərib ki, evin kiçik uşaqları (sonbeşiklər) valideynlərindən daha isti, qayğıkeş və sevgi dolu münasibət hiss edirlər. Bunun əksi olan, ailənin ilk övladları isə valideynlərinin münasibətini daha sərt və dominant kimi qiymətləndiriblər.
https://techniumscience.com/index.php/socialsciences/article/view/12470/4833


