Psixoloqun fikirlərinə görə, 8 mart təkcə hədiyyələr vermək günü deyil, həm də qadınların cəmiyyətdəki rolunu dəyərləndirmək, onların hiss və ehtiyaclarına hörmət göstərmək günüdür:
“Əlbəttə ki, psixoloji baxımdan qadınların istəkləri fərqli ola bilər, lakin ümumi olaraq onların xoşbəxtliyini təmin edən əsas amillər emosional yaxınlıq, dəyər hissi və səmimi münasibətdir. Qadınların özlərini həqiqətən də dəyərli və xoşbəxt hiss etmələri üçün kişilər bir çox məqamları nəzərə almalıdırlar.
Öncə onu qeyd edim ki, qadınlar üçün ən vacib ehtiyaclardan biri emosional bağlılıq və qəbul edilmə hissidir. Kişilər bu günü yalnız formal bir təbrik və hədiyyə ilə deyil, duyğularını ifadə etməklə daha mənalı edə bilərlər. Qadınları qiymətləndirdiklərini, sevdiklərini və hörmət etdiklərini sözlərlə və davranışlarla göstərmək onu daha dəyərli edəcək. Bundan əlavə, qadınları dinləmək və onların hislərinə həssas yanaşmaq da mühüm faktordur. Sadəcə bir hədiyyə vermək yox, onlara vaxt ayırmaq, onların düşündüklərini və hiss etdiklərini başa düşməyə çalışmaq daha təsirlidir”.
Elnur Rüstəmov qeyd edib ki, qadınlar üçün alınan hədiyyənin maddi dəyərindən çox, onun arxasındakı fikir və səmimiyyət önəmlidir:
“Bahalı hədiyyələr təəssürat yarada bilər, lakin ən dəyərli hədiyyə fərdiləşdirilmiş və anlamlı olanıdır. Onun maraqlarına uyğun kitab, xüsusi bir məktub, birgə xatirələri canlandıran bir sürpriz qadın üçün çox daha böyük dəyər kəsb edir.
Psixoloji araşdırmalar da göstərir ki, insanlar təqdir olunduqlarını hiss etdikdə daha xoşbəxt və güvənli olurlar. 8 mart təkcə hədiyyə vermək günü deyil, həm də qadınların gördüyü işlərin, onların fədakarlığının və rolunun dəyərləndirilməsi günüdür. Bu gün münasibətilə onların cəmiyyətdə, ailədə və şəxsi həyatlarında oynadıqları rolu vurğulamaq və səmimi minnətdarlıq ifadə etmək onların psixoloji rifahını artıracaqdır”.
“Qeyd edim ki, qadınlar üçün xoşbəxtliyi təmin edən ən mühüm məqamlardan biri də onların xoşbəxtliyi üçün göstərilən səyin hiss olunmasıdır. 8 mart münasibətilə kişilər xüsusi bir gün təşkil edə, romantik bir axşam yeməyi planlaşdıra və ya birlikdə unudulmaz bir fəaliyyət həyata keçirə bilərlər. Bu, qadının özünü önəmli və sevilən hiss etməsinə səbəb olacaqdır.
Gözlənilməz müsbət hallar insanların emosional rifahını artırır. Ona görə də 8 martda hər il təkrarlanan hədiyyələr əvəzinə yeni və fərqli bir yanaşma göstərmək qadın üçün daha yaddaqalan olacaq. Kiçik, lakin mənalı jestlər misal üçün, uzun müddətdir arzuladığı bir şeyi reallaşdırmaq və ya ona özünü xüsusi hiss etdirəcək bir hadisə təşkil etmək bu günün təsirini daha da artıracaqdır”, – deyə o əlavə edib.
Sonda ən qiymətli hədiyyələrdən birinin də zaman və diqqət olduğunu vurğulayan psixoloq bildirib ki, müasir həyatın qayğıları içində çox vaxt münasibətlərdə diqqət çatışmazlığı yaranır:
“8 Mart günü qadınlara tam diqqət ayırmaq üçün gözəl bir fürsətdir. Telefonları bir kənara qoyub, tam diqqətlə qadını dinləmək, birlikdə keyfiyyətli zaman keçirmək onun emosional ehtiyaclarını qarşılayacaqdır.
Unutmayaq ki, 8 Mart qadınların özlərini dəyərli, sevilən və anlaşılmış hiss etmələri üçün bir fürsətdir. Kişilər qadınları xoşbəxt etmək istəyirlərsə, bunun sirri emosional yaxınlıq yaratmaq, onların ehtiyaclarını və hisslərini başa düşmək və dəyərli olduqlarını hiss etdirməkdir. Hər gün olduğu kimi, bu gün də sevgi, diqqət və hörmət ön planda olmalıdır. Çünki qadınlar üçün ən böyük hədiyyə onların həqiqətən dəyərli olduqlarını hiss etmələridir”.
Statistika nə deyir?
Statistikaya görə, bu bayramda qadınların 41 faizi onlara gül dəstəsinin, 36 faizi zinət əşyalarının, 27 faizi kosmetik vasitələrin, 22 faizi isə pulun hədiyyə verilməsini istəyirlər.
Qadınların az bir hissəsini, 18 faizini isə məişət əşyaları və texniki avadanlıqlar maraqlandırır. 16 faizi geyim, ayaqqabı, çanta, 12 faizi alt geyimi, 11 faizi konfet və ya şokolad, 9 faizi qab, fincan və s. hədiyyə almaq istəyir.
Qadına hədiyyə seçərkən onun maraqları, zövqü və gündəlik həyatı haqqında düşünmək vacibdir. Əsas odur ki, hədiyyəniz onun üçün sevgi və diqqətinizi əks etdirsin. Hər hədiyyə, seçildiyi şəraitdən asılı olmayaraq, səmimi bir ürəkdən təqdim ediləndə dəyər qazanır.
https://lent.az/xeber/sosial/8-mart-qadinlar-en-ozel-gunlerinde-ne-isteyir-40631325