Psixologiya Elmi Tədqiqat İnstitutu tərəfindən həyata keçirilən və “Index Copernicus”, “ERIH Plus”, “Google Scholar”, “Crossref” kimi beynəlxalq indeksləmə və xülasələndirmə sistemlərinə daxil olan “International Education Studies” jurnalında dərc olunan “Yeniyetmələrin aqressiyası və psixoloji dayanıqlılığı arasındakı əlaqədə bullinqin vasitəçi rolu” mövzusunda tədqiqatın keçirilməsində 388 qız, 235 oğlan olmaqla ümumilikdə 10-17 yaş aralığında 623 yeniyetmə iştirak edib. İştirakçıların əksəriyyəti sinifdə zorakılıq olmadığını bildirib (n = 362), 31%-i isə orta səviyyədə zorakılıq olduğunu qeyd edib (n = 199). Həmçinin, 10%-i sinifdə əhəmiyyətli dərəcədə zorakılıq olduğunu bildirib (n = 62).
Tədqiqatçılar aqressiya ilə psixoloji dayanıqlılıq arasındakı əlaqəni araşdıraraq, konflikt, bullinq göstərən şəxs və qurban amillərinin vasitəçi rolunu bootstrapping proseduru vasitəsilə qiymətləndiriblər.
Analizlər göstərir ki, yeniyetmələrdə aqressiya səviyyəsinin artması zorakılığa meyilliliyin yüksəlməsi ilə nəticələnir. Eyni zamanda, dayanıqlılığın artması zorakılıq qurbanlarının bullinqdən müdafiə olunma ehtimalını artırır. Bu nəticə, valideynlər, müəllimlər və məktəb rəhbərliyinə şagirdlərin bullinqdən özlərini müdafiə etmələri üçün psixoloji dayanıqlılığının yüksək olmasının zəruri olduğunu göstərir və bu sahədə aparılacaq təxirəsalınmaz tədbirlər üçün zəmin rolunu oynayır.
Nəticələrin bootstapping analizi zamanı dolayı təsirlər göstərdi ki, bullinqin komponentlərinin (konflikt, bullinq göstərən şəxs və qurban) aqressiya ilə dayanıqlılıq arasındakı əlaqədə vasitəçi rolunu oynayır.
Ümumilikdə, nəticələr aqressiya və dayanıqlılıq arasında birbaşa əlaqənin olmadığını göstərsə də, zorakılıq və onun müxtəlif formaları bu münasibəti dolayı yolla tənzimləyən əsas amillər kimi çıxış edir.
Tədqiqat məqaləsi Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov, institutun əməkdaşları Ülviyyə Nəhmətova, uzman klinik psixoloq Narınc Rüstəmova və Mətanət Əliyevanın həmmüəllifliyi ilə yazılıb.

