“Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Psixologiyası, Psixodiaqnostikası və Psixokorreksiyası” (XQEU) üzrə ixtisasartırma kursunun növbəti qrupunun sertifikat təqdimatı keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Psixologiyası, Psixodiaqnostikası və Psixokorreksiyası” (XQEU) üzrə ixtisasartırma kursunun növbəti qrupunun sertifikat təqdimatı keçirilib.

Tədbirdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov, psixoloq Lətafət Novruzova və institutun əməkdaşı, psixoloq Mehriban Ağabalayeva iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən institut sədri Elnur Rüstəmov ixtisasartırma proqramlarının müasir psixoloji təcrübədəki əhəmiyyətinə toxunaraq, bu təhsil formalarının mütəxəssislərin peşə biliklərini zənginləşdirmək və praktik bacarıqlarını inkişaf etdirmək baxımından vacib olduğunu vurğulayıb. O, kurs iştirakçılarının fəallığını və yüksək motivasiyasını xüsusi qeyd edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra psixoloq Lətafət Novruzova və psixoloq Mehriban Ağabalayeva çıxış edərək iştirakçıları təbrik edib, kurs çərçivəsində əldə olunan nəzəri və praktiki biliklərin xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş prosesində mühüm əhəmiyyət daşıyacağını bildiriblər.

Kurs iştirakçıları təlimin məzmunundan, təqdim olunan materiallardan və tədris metodikasından yüksək razılıq ifadə ediblər. Onlar kurs müddətində qazandıqları bilik və bacarıqların fəaliyyətlərində onlara ciddi töhfə verdiyini bildiriblər. İştirakçılar həmçinin interaktiv müzakirələr və real praktik nümunələrlə zəngin olan bu təlimin onların peşəkar inkişafında mühüm rol oynadığını vurğulayıblar.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub, xatirə şəkilləri çəkilib.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq kursun bütün iştirakçılarını təbrik edir, onların peşəkar fəaliyyətində davamlı uğurlar arzulayırıq.

Son məqalələr

Online Qeydiyyat