Psixologiya Elmi Tədqiqat İnstitutu tərəfindən həyata keçirilən “Sosial dəstək, psixoloji gərginlik və həyat məmnuniyyəti arasındakı əlaqələrin araşdırılması:

Psixologiya Elmi Tədqiqat İnstitutu tərəfindən həyata keçirilən “Sosial dəstək, psixoloji gərginlik və həyat məmnuniyyəti arasındakı əlaqələrin araşdırılması: Azərbaycanda yetkin şəxslərlə vasitəçilik analizi” adlı tədqiqatda 795 nəfər qadın, 216 nəfər kişi olmaqla ümumilikdə 1011 nəfər iştirak etmişdir.

Aparılan tədqiqatın nəticələri göstərdi ki, həyat məmnuniyyəti ilə psixoloji gərginlik arasındakı münasibətdə sosial dəstək çox əhəmiyyətli rol oynayır. Başqa sözlə, ətrafdan daha çox dəstək alan fərdlər, adətən, daha az psixoloji gərginlik yaşayır və həyatdan məmnunluq səviyyələri daha yüksək olur.

Həmçinin, insanların psixoloji gərginlik səviyyəsinin artdıqca, həyat məmnuniyyətlərinin əhəmiyyətli dərəcədə azalması tədqiqat zamanı ortaya çıxmışdır.
Tədqiqat nəticələri göstərir ki, insanlarla sosial əlaqələrin qurulması və qorunub saxlanılması, xüsusilə stressli dövrlərdə onlar üçün emosional rahatlıq və dəstək mənbəyi kimi çıxış edərək psixoloji davamlılığı gücləndirir və rifah səviyyəsini artırır.

Nəticələr, Dünya Səhiyyə Təşkilatının da (WHO, 2002) qeyd etdiyi kimi, sosial dəstəyin gücləndirilməsinin əhəmiyyətini bir daha vurğulayır. Sosial dəstək və rifah arasındakı əlaqə sosial resursların gücləndirilməsi və dəstək sistemlərinin inkişaf etdirilməsinin nə dərəcədə vacib olduğunu ortaya qoyur.

Qeyd edək ki, Psixologiya Elmi-Tədqiqat İnstitutun sədri, f.ü.f.d. Elnur Rüstəmov, institutun əməkdaşı Ülviyyə Nəhmətova, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Tünzalə Musayeva, Xalidə Xəlilova və Gültəkin İsmayılovanın iştirakı ilə yazılan tədqiqat məqaləsi Index Copernicus”, “ERIH Plus”, “Google Scholar”, “Crossref” kimi beynəlxalq indeksləmə və xülasələndirmə sistemlərinə daxil olan “International Journal of Positive Psychology and Wellbeing” jurnalında dərc olunmuşdur.

https://journalppw.com/index.php/jppw/article/view/17588/11084

Son məqalələr

Online Qeydiyyat