Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov crossmedia.az saytına “Kinoların psixologiyamıza təsiri” barədə müsahibə verib

Massaçusets Texnologiya İnstitutunun (MIT) yeni araşdırması filmlərin beyində yaratdığı mürəkkəb fəaliyyət nümunələrini araşdırmışdır. Funksional MRT beyin skanları istifadə edərək aparılan bu tədqiqat göstərib ki, filmləri izləyərkən beyin bir çox fərqli şəbəkə və bölgələri aktivləşdirir. Araşdırmada ortaya çıxan əsas nəticə filmin məzmununa uyğun olaraq beynin müxtəlif səhnələrinin  fəaliyyət göstərməsidir.
Bəs filmlərin isan beynində yaratdığı fəaliyyət nümunələrinin psixoloji və emosional vəziyyətə təsiri nədir?

Crossmedia.az mövzu ilə bağlı Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmova müraciət edib.
Psixoloq ilk olaraq, filmlərin insan beyninə təsirinin olduqca mürəkkəb bir proses olduğunu və müxtəlif janrlar beyində fərqli bölgələri aktivləşdirdiyini bildirib:

“MIT”-in araşdırması, filmlərin beynin fəaliyyəti üzərində xüsusi təsirləri olduğunu və bu təsirlərin psixoloji və emosional vəziyyətə müxtəlif yollarla təsir etdiyini göstərir. Öncə onu qeyd edim ki, filmlər beynin limbik sistemini, xüsusən də amigdala və hipokamp bölgələrini aktivləşdirir. Bu bölgələr duyğuların işlənməsi və yaddaşın formalaşmasında mühüm rol oynayır”.

Mütəxəsisin sözlərinə görə, həyəcanverici səhnələr simpatik sinir sistemini aktivləşdirir, ürək döyüntüsünü sürətləndirir və adrenalin ifrazını artırır. Duyğusal səhnələr isə oksitosin və serotonin kimi hormonların ifrazına təsir göstərərək emosional bağlanmanı gücləndirir:

“Filmlərin vizual və audial stimulları beynin vizual korteksi, auditor korteks və motor korteks kimi bölgələrini aktivləşdirir. Xüsusilə yüksək keyfiyyətli səslər və görüntülər daha çox sensor həssaslıq yaradır. Onu da qeyd edək ki,  filmlərdə müəyyən səhnələr beynin prefrontal korteksini, xüsusən də sosial əlaqələr və empatiya ilə bağlı olan medial prefrontal korteksi stimullaşdırır. Bu, tamaşaçının xarakterlərə qarşı empatiya hiss etməsinə və sosial emosiyalara reaksiya verməsinə səbəb olur”.

Janrların da beyin fəaliyyətinə müəyyən təsirləri var:

“Belə ki, drama filmləri beynin amigdala və anterior singulat korteks (emosional ağrı və empatiya bölgələri) aktivləşir. Eyni zamanda dram filmləri tamaşaçının emosional həssaslığını artırır, empatiya hissini gücləndirir və travmatik təcrübələrin işlənməsinə yardımçı ola bilir. Digər tərəfdən komediya filmləri beynin ventromedial prefrontal korteksi (mükafat və zövq mərkəzi) və nüvə akumbensi aktivləşir. Eyni zamanda gülüş stres hormonlarını azaldır, endorfinləri artırır və ümumi əhval-ruhiyyəni yaxşılaşdırır. Komediya filmləri uzunmüddətli olaraq depresiya və stressin azalmasına səbəb olur. Qorxu filmləri isə amigdala (qorxu və təhlükə reaksiyası), hipotalamus və simpatik sinir sistemi aktivləşir. Qorxu filmləri stres hormonlarını artırır və bəzən qısamüddətli həyəcan yarada bilir. Lakin bəzi hallarda adrenalin “axtaran” şəxslərdə həyəcan hissini təmin edərək məmnunluq yaradır. Macəra filmlərində isə vizual korteks və motor korteksi güclü stimullaşır. Nəticədə yüksək enerji səhnələri tamaşaçının diqqətini artırır və mübarizə ilə bağlı emosional reaksiyaları stimullaşdırır. Romantik filmlərdə isə amigdala, ventral tegmental area və oksitosin ifrazı ilə bağlı bölgələr aktivləşir nəticədə sevgi və bağlılıq hissini stimullaşdıraraq sosial əlaqələrə müsbət təsir göstərir”.

Psixoloqun fikrincə, filmlərin emosional təsiri yaddaşda daha uzunmüddətli izlər buraxır:

“Komediya və romantik filmlər stres hormonlarını azaldaraq psixoloji rahatlıq yaradır. Empatiya hissini artıraraq fərdlərin sosial bağlarını gücləndirir. Dram və psixoloji trillerlər bəzi tamaşaçılara emosional problemləri işləməyə yardımçı ola bilər. Ümumi götürsək, filmlər insan beynində müxtəlif fəaliyyət nümunələri yaradır və bu, emosional, psixoloji və sosial vəziyyətə birbaşa təsir edir. Müxtəlif janrlar beynin fərqli bölgələrini aktivləşdirərək insanın əhval-ruhiyyəsinə və davranışlarına təsir göstərir. Bu təsirləri anlamaq psixologiya sahəsində filmlərin terapevtik potensialını araşdırmaq üçün yeni imkanlar açır”.

https://www.crossmedia.az/az/humanitar/sehiyye/qaralama

Son məqalələr

Online Qeydiyyat