Emosional intellekt : nəzəri baxışların təhlili

Açar sözlər: emosiya, intellekt, emosional intellekt, sosial komponent, modellər, koqnitiv bacarıqlar

İntellektin öyrənilməsi sahəsində aparılan tədqiqatlar nəticəsində intellekt anlayışı müxtəlif məsələləri həll etmək, ətraf mühitə adaptasiya olunmaq və əqli qabiliyyət kimi təhlil olunmuşdur. İntellektin öyrənilməsi məqsədilə aparılan tədqiqatlar emosiyaları intellektin bir növü kimi nəzərdən keçirməyə şərait yaratmış, lakin müxtəlif dövrlərdə bu fenomenə fərqli münasibətlər olmuşdur. Emosiya və intellekt arasındakı əlaqənin araşdırılması nəticəsində elmə yeni anlayış emosional intellekt anlayışı daxil edilmişdir. Bu anlayış XIX və XX əsrdən etibarən bir çox tədqiqatçının diqqət mərkəzində olmuşdur.

Emosional intellekt probleminə ilk dəfə 1985-ci ildə U.Peyn adlı bir amerikalı tələbənin dissertasiyasında toxunulduğu qeyd edilir. Bu eyni zamanda emosional intellektin akademik termin olaraq istifadə olunduğu ilk mənbə idi [9]. 1990-cı ildə C.Mayer və P.Salovey tərəfindən emosional intellekt anlayışına aydınlıq gətirilmişdir. C.Mayer və P.Saloveyə görə, emosional intellekt “emosiyaların tanınması, anlaşılması, ifadə və təhlili, emosional biliklərdən istifadə, emosiyaları idarəetmə bacarığıdır”[8]. Onların fikrincə, emosional intellekt eyni zamanda “insanları motivasiya edə bilmək üçün lazım olan özünənəzarət, iradi səy, təkid və qabiliyyət” kimi təhlil edilmişdir. Bəzi tədqiqatçılara görə, emosional intellekt “bir insanın özünün və başqalarının emosiyalarını tanıya bilməsi, onları bir-birindən fərqləndirməsi və bu məlumatları düşüncə, davranışlarında sərgiləyərək doğru bir şəkildə istifadə edə bilmək qabiliyyətidir”[1].

Qeyd edək ki, psixoloji ədəbiyyatda emosional intellekti izah edən iki əsas model mövcuddur.

  1. Qabiliyyətlər modeli
    1. Qarışıq model

D.Kobb və C.Meyer tərəfindən bu modellər aşağıdakı kimi təsvir olunmuşdur:

Qabiliyyətlər modeli: Emosional intellekti həm bir qabiliyyət qrupu kimi, həm də emosiyalar əsasında yaranan qabiliyyət növü kimi təsvir edir. Qarışıq Model: Bu model qabiliy yətlər modelindən daha populyar bir model olub, emosional intellekti sosial bacarıqların, xüsusiyyət və davranışların birgə nəzərdən keçirilməsi, hər bir fəaliyyətdə müvəffəqiyyəti təmin edən qabiliyyət növü kimi qeyd edilmişdir.

Bu yanaşmalarda tədqiq olunan dörd modeldən (C.Meyer və P.Salovey, R.BarOn, K.Kuper və A.Savaf, D.Qoulmen) birinci model qabiliyyət modeli, digər üç model isə qarışıq modellər hesab olunur. Emosional intellekt anlayışını müasir dövrümüzdə tədqiq edən üç fərqli məktəb  mövcuddur:

  1. D.Qoulmen1 və onun tərəfdarları tərəfindən əsası qoyulan “Emosional və sosial intellekt” məktəbi;
  2. C.Mayer və P.Salovey2 tərəfindən yaradılan məktəb;
  3. R.BarOn3 məktəbi.

Emosional və sosial intellekt sa- həsində tədqiqatlar aparmış D.Qou menə görə (1995–1998-ci illər), emosional intellekt doğulandan mövcud olan qabiliyyət növü kimi deyil, həyat situasiyaları əsasında, müxtəlif yaş dövrlərində yaşanılan təcrübələr və emosional reaksiyalar nəticəsində inkişaf etdirilə bilən qabiliyyətdir. O, emosiyaların intellektlə birbaşa qarşılıqlı əlaqədə olduğunu qeyd edərək, emosiya və intellektdən istifadə etmə bacarığını emosional intellekt olaraq vurğulayırdı. Emosional intellekti özünü motivasiyaetmə, baş verən uğursuzluqlara baxmayaraq ruhdan düşməmək, məqsədə nail olma, insanın özünə və emosiyalarına nəzarət, digər

insanlarla münasibətdə empatiya yaratma bacarıqları kimi təsvir edən D.Qoulmenin fikrincə, emosional intellekt sahəsinə daxil olan beş əsas qabiliyyət mövcuddur:

  1. Özünü anlama
  2. Emosiyaları idarəetmə
  3. Özünü təhriketmə (motivasiya)
  4. Başqalarının emosiyalarını anlama (empatiya)
  5. Sosial bacarıqlar (davranış və münasibətləri idarə etmək üsul- larını müəyyənləşdirmək)

Onun konsepsiyasına əsasən bir-biri ilə qarşılıqlı əlaqədə olaraq inkişaf edən bu bacarıqlar şəxsiyyətdaxili və şəxsiyyətlərarası münasibətlərdə özünü daha çox biruzə verir. D.Qoulmen emosiyalarını anlayıb onları idarəedən, empatiya yaratmağı bacaran və sosial bacarıqlara malik insanları yüksək emosional intelekt bacarıqlarına sahib olan şəxslər kimi səciyyələndirir. Eyni zamanda emosionalintellekt səviyyəsi yüksək olan insanlar rasional təfəkkürə malik, qeyri-verbal ünsiyyət vasitələrini daha yaxşı anlayan, sosial həyatda daha müvəffəqiyyətli və uğurlu şəxslər hesab edilirlər.

Emosional intellekt anlayışının psixoloji ədəbiyyatlarda və elmi istiqamətdə tədqiqini aparmış görkəmli tədqiqatçılar Con Mayer və Peter  Salovey, David Caruzo və Lilia Çerkasskiy yazırlar: “İntellekt dərsliyinin 2000-ci il nəşrində biz emosional in- tellekti emosiyaları qavramaq və ifadə etmək, emosiyaların düşüncəyə assi- milyasiyası, emosiyalarla anlamaq və onlarla düşünmək, həm özünün, həm də başqalarının emosiyalarını tənzimləmək bacarığı kimi tərif verdik.”1 Başqa müəllifin fikrincə, “emosional intellekt sosial intellektin bir forması olaraq şəxsin özünə və başqalarına aid emosiyaları müşahidəsi nəticəsində əldə etdiyi məlumatları düşüncə və davranışlarında istifadə etmək bacarığıdır”[4]. D.Qoulmen və R.Bar-Onun ardınca bu müəlliflər empatiyanı emosional intellektin əsas komponenti kimi qeyd edərək bu anlayışın əqli intellekt anlayışından fərqli olduğunu vurğulayırdılar. Onların apardıqları tədqiqatlarda empatiya qabiliyyəti inkişaf etmiş insanların özlərini və qarşılıqlı münasibətdə olduğu şəxslərin hislərini daha yaxşı anladıqları və davranışlarında buna diqqət etdikləri məlum olmuşdur. Məlumdur ki, P.Salovey və C.Mayer ilk tədqiqatlarında emosional intellektin üç komponentdən ibarət olduğunu iddia edirdilər: a) insanın özünün və və başqalarının emosiyalarını qiymətləndirməsi, b) özünün və başqalarının emosiyalarını tənzimləməsi c) problemlərin həllində emosiyaların istifadə edilməsi [8].

Ciddi tənqidlərdən sonra onlar öz nəzəriyyələrinə dəyişiklik edərək emosional intellektin dördtərkibli tərifini verərək emosional intellekt modelinin dörd əsas komponentdən ibarət olduğunu vurğulayırlar:

  1. Emosiyaları qavramaq, dəyərləndirmək və ifadə etmək
  2. Emosiyaları istifadə etmək
  3. Emosiyaları anlamaq və onlarla düşünmək
  4. Emosiyalara nəzarət və onların tənzimlənməsi

R.Bar-Onun modelində emosional intellekt insanların ərtaf mühitin təsir və tələblərinəuyğunlaşmasını və şəxsiyyətlərarası münasibətlərin inkişaf etdirilməsini təmin edən şəxsi, emosional və sosial bacarıqlar olaraq təsvir edilir. R.Bar-On emosional intellektin sosial intellektin təməlində təsvir olunduğunu vurğulayaraq təklif etdiyi modelin yalnız emosional intellekt kimi deyil, “emosional-sosial intellekt (ESİ)» olaraq adlandırılmasını qeyd edirdi [6]. Emosional-sosial intellekt insanların yaşadıqları hadisələrdən təcrübə toplaması, bu müddətdə özünü

anlaya və doğru ifadə edə bilməsini, digər insanlarla səmərəli münasibət quramasını təmin edən sosial və emo- sional bacarıqlar kimi dəyərləndirilir. Bu modelə görə, emosional-sosial intellekt, insanın özünü tanıması, zəif və güclü tərəflərini müəyyənləşdirməsi istiqamətində emosiya və düşüncələri istifadə etmək bacarıqlarını özündə ehtiva edir [6]. Bu səbəbdən yüksək emosional-sosial intellektə malik insanlar, emosiya və düşüncələrinə nəzarət etməyi və istiqamətləndirməyi bacaran, şəxsiyyətlərarası münasibətlərdə nüfuzlu, uğurlu şəxslər kimi qiymətləndirilir.

Emosional-sosial intellekt mövcud vəziyyətin obyektiv olaraq dəyərləndirilə bilməsini özündə birləşdirir və bu dəyərləndirmələr istiqamətində insanlar şəxsi və sosial dəyişiklikləri səmərəli idarə edə və gerçəkləşdirə bilirlər. Burada insanlar problemlərin həlli, doğru qərarın qəbulu üçün hərəkət edirlər. Ona görə də nikbin, pozitiv bir baxış bucağına, daxili motivasiyaya sahib olmalıdırlar.

R.Bar-On emosional intellekti “insanlarla sağlam ünsiyyət qurmaq, baş verən hadisələrə tez bir zamanda uyğunlaşaraq problemləri həll etmək və ətraf mühitə qarşı daha diqqətli ola bilmə bacarığı” kimi müəyyən edərək emosional intellektin beş kom- ponentdən ibarət olduğunu qeyd edirdi:

1) şəxsi bacarıqlar, 2) şəxsiyyətlərarası bacarıqlar, 3) stresin idarə olunması, 4) uyğunlaşma bacarığı, 5) ümumi psixoloji əhval.

Bu komponentlərin hər birində alt qruplar da mövcuddur:

  1. Assertivlik – şəxsin öz emosiyalarını, düşüncələrini, istəklərini və təlabatlarını aydın, dəqiq şəkildə ifadə etməsi və bu zaman qarşısındakı şəxsin və ya şəxslərin emosiya, düşüncə, istək və təlabatlarına qarşı diqqətli davranışı ilə səciyyələnir. Bu, həmsöhbətin maraq və reaksiyalarını nəzərə alaraq, insanların aydın, konkret və birmənalı şəkildə ünsiyyət qurmasına imkan yaradır.
    1. Emosional özünütəhlil – insanın öz hisslərinin,davranışlarının səbəblərini və ətrafdakılarına olan təsiri anlamaq qabiliyyətidir. Bu qabiliyyəti inkişaf etməyən şəxslər öz hisslərinin və başqalarının əlində “marionet oyuncaq” vəziyyətində olurlar [6].
    1. Müstəqillik – müstəqil qərar qəbul etmək, öz məqsədlərini müəyyənləşdirərək məqsədə nail olmaq yollarını tapmaq, özünü motivasiya etmək və istiqamətləndirə bilmək bacarığıdır.
    1. Özünüqiymətləndirmə və özünəhörmət – öz güclü və zəif tərəflərini müəyyənləşdirmək və özünəhörmət bacarığıdır.
    1. Özünəinam bir insanın vəziyyətdən asılı olmayaraq özünə güvənməsinə şərait yaradır ki, bu da ilk növbədə insanın ətraf mühitə, insanlara və özü haqqında olan fikirlərin formalaşmasına səbəb olur. Özünüqiymətləndirmə özünəhörmətin yaranmasında əhəmiyyətli rola malikdir.
    1. Özünüaktuallaşdırma – şəxsi məqsədlərini və potensialını müəyyənləşdirərək onları həyata keçirmək bacarığıdır. Yüksək səviyyəli özünüaktuallaşdırma tələbatı olan şəxs öz işini sevən, özünü ifadə etməyi bacaran və öz potensialını aktuallaşdıra bilən şəxs kimi şərh olunur.
    1. Empatiya – dünyanı başqa bir insanın “gözü” ilə görə bilmək, özünü həmin şəxsin yerinə qoyaraq onun emosiyalarını özününkü kimi yaşamaq bacarığıdır. Empatiya həmçinin qarşıdakı şəxsin fikir və davranışlarının səbəblərini aydınlaşdırmanın bir yoludur. İş mühitində empatiyanın olması kollektiv daxilində gərginliyi azaldaraq əməkdaşlığın formalaşmasını təmin edir.
    1. Sosial cavabdehlik (məsuliyyət) – bir şəxsin birbaşa faydası olmayan bir qrupun, təşkilatın və ya cəmiyyətin xeyrinə əməkdaşlıq istəyi və bu istəklərini göstərmək bacarığıdır.
    1. Şəxsiyyətlərarası münasibətlər – digər insanlarla xoş ünsiyyət və münasibət yaratmaq bacarığıdır.
    1. Problemləri həll etmək – ailədə, işdə şəxsi və şəxsiyyətlərarası münasibətlərdə problemləri müəyyən etmək və həll etmək bacarığıdır.
    1. Reallığın qiymətləndirilməsi- reallıqları şəxsin öz təsəvvüründə canlandırdığı kimi deyil, reallıqda olduğu kimi görmək bacarığıdır. Başqa sözlə, mövcud vəziyyətlə bağlı obyektiv rəy vermək bacarığı olaraq da qeyd olunur.
    1. Streslə mübarizə – baş verən neqativ hadisələrə qarşı effektiv şəkildə müqavimət göstərmək və onlarla mübarizə aparma bacarığı kimi qiymətləndirilir. Streslə mübarizə apara bilməyən şəxs həqiqəti olduğu kimi qiymətləndirmək, qərar qəbul etmək və lazımi şəkildə mübarizə aparmaq bacarığına malik olmur.
    1. Həyatdan məmnuniyyət – insanın başqa insanlara və ümumiyyətlə həyata uyğunlaşma bacarığıdır. Müvəffəqiyyət əldə edən insanlar iş mühitində və şəxsiyyətlərarası münasibətlərdə də uğurlu şəxslər hesab olunurlar, çünki belə şəxslər düzgün ünsiyyət üslubundan istifadə edərək hər cür maneələrin aradan qaldırılması üçün zəruri olan reallığı kifayət qədər qiymətləndirmə bacarığına sahib olurlar.
    1. Optimizm – pozitiv münasibəti qorumaq və həyatı müsbət istiqamətdə görmək bacarığı olaraq nəzərədən keçirilir. Pozitiv və ya optimist şəxslər problemin həlli zamanı keçmişdə istifadə etdikləri uğurlu təcrübələrini yenidən tətbiq edərək, problemləri fəal surətdə həll etmək bacarığına güvənərək baş verən hadisələrə müsbət isti- qamətdə yanaşmağa üstünlük verirlər.

P.Salovey ve C.Mayer (1997) tərəfindən tədqiq edilən emosional intellekt modeli sonradan Nikola Şutte ve tərəfdaşları tərəfindən tədqiq edilmiş və Şutte emosional intellekt metodikası yaradılmışdır. N.S.Şuttenin emosional intellekt modeli özünə hesabat (self report) modelidir [11]. Bu model  emosional intellekti şəxsin özünün və başqalarının emosiyalarını anlama, ifadə etmə, şəxsin özünün və başqalarının emosiyalarını tənzimləmə və emosiyaların problem həllində istifadə olunma bacarığı kimi qeyd etmişdir. N.S.Şutte emosional intellekt metodikasına əsasən belə ifadə etmişdir: “Emosional intellektin nəzəri və prak- tik istiqamətdən elmi əsasda təsdiq edilmiş model və metodlara ehtiyacı vardır”[11]. Buna görə də, oemosional intelelktin ölçülməsi məqsədilə N.Şutte metodikasını tərtib etmişdir. Emosional intellektin ölçülməsi metodlarından biri olan N.Şutte metodikası otuz üç maddə və bir ölçülü strukturdan ibarətdir. [10, s 26].

D.V.Lyusin tərəfindən irəli sürülən emosional intellekt modelinin tərkibinə özünün və başqalarının emosiyalarını tanımaq və onları idarəetmək qabiliyyəti aid edilir. Emosiyaları anlamaq qabiliyyəti dedikdə bir insanın aşağıdakı qabiliyyətlərə malik olduğu nəzərdə tutulur:

  1. Emosiyaları tanıma qabiliyyəti:
  2. Emosiyaları dərketmək, özündə və başqalarında emosional gərginliyi müəyyənləşdirmək;
  3. Emosiyaların identifikasiyası, özündə və başqalarında emosiyaları müəyyənləşdirmək və onları sözlə ifadə etmək;
  4. Yaranan emosiyaların səbəblərini və onun nəticələrini anlamaq;
  5. Emosiyaların intensivliyinə nəzarət etmək, hər şeydən öncə güclü emosiyaların yaranmasının qarşısının alınması;
  6. Emosiyaların xarici təzahürünə nəzarət etmək;
  7. İxtiyari şəkildə bu və digər emosiyaları yaratmaq [5].

Emosiyaları anlamaq və onları idarəetmə qabiliyyəti insanın həm öz emosiyalarına, həm də başqalarının emosiyalarına yönələ bilər. D.V.Lyusin burada şəxsiyyətdaxili və şəxsiyyətarası Eİ-i qeyd edərək hər iki emosional intellekt növünün müxtəlif ko- qnitiv proseslər və vərdişlərlə qarşılıqlı əlaqədə olduğunu vurğulayır. Bu modeldə emosional intellektin strukturunda iki komponent qeyd olunur ki, bu komponentlərin kəsişməsi nəticəsində emosional intellektin dörd növü müəyyənləşdirilmişdir.

Digər tədqiqatçı M.A.Manoylovanın yanaşmasına əsasən emosional intellekt «insanın özünün və başqalarının emosiya və hisslərini anlama, dərketmə, və nəzarət edə bilmə qabiliyyətidir» [6, s.17]. L.V.Vekker isə emosiya, hissləri və iradəni eyni psixi aktlara aid edərək, emosional intellektin özünü və başqalarını anlamaq üçün vacib olan fəaliyyət və ünsiyyətin birgəliyi nəticəsində meydana çıxan, şəxsin sosial davranış normaları zamanı «özünütənzimləmə» və «motivator» proqramı olaraq qeyd edir. Həmçinin M.A.Manoylova görə emosional intellekt psixi inikasın tamlığını və inteqrativliyini əks etdirir [5, s.10-11].

Modelin müəllifi sayılan M.A.Manoylova emosional intellektin strukturunu iki əsas aspektdən izah edirdi:

  1. Şəxsiyyətdaxili aspekt;
  2. Şəxsiyyətlərarası və ya sosial aspekt (özünü və şəxsiyyətlərarası mü- nasibətləri idarə etmək qabiliyyəti) [6, s.17].

Birinci «aspektə» insanın öz hisslərini anlaması, özünüqiymətləndirmə, özünəinam, məsuliyyət, tolerantlığı, özünü idarəetmə, aktivlik, yeniliklərə olan maraq, müvəfəqiyyət motivi, optimizm, ikinci «aspektə» isə kommunikasiya bacarığı, cəmiyyətə açıqlıq, empatiya, digər insanların maraq və istəklərini nəzərə almaq, insanlara hörmət etmək, şəxsiyyətlərarası münasibətləri düzgün qiymətləndirmək və proqnozlaşdırmaq və kollektivlə işləmək bacarıqları daxil edilmişdir [6]. M.A.Manoylovaya görə emosional intellektin əsas xüsusiyyətlərinə empatiya, tolerantlıq, iddialılıq (assertivlik) və özünüqiymətləndirmə aid edilir [7].

Emosional intellektin daha bir tədqiqatçısı Q.M.Kuçinsk emosional intellektin mövqeyini müəyyənləşdirmək baxımından «intellektlər ailəsi» adlı maraqlı bir intellekt modeli təklif etdi. O, intellekti (və ya «ümumi intellekt») şəxsin üzləşdiyi problemləri həll etmək üçün zəruri olan biliklərin əldə olunmasını təmin edən müxtəlif psixi proseslərin və funksiyaların birgə əlaqəsi kimi müəyyənləşdirmişdir. Q.M.Kuçinskə görə, ümumi intellektin strukturunda həll edilən tapşırıqların xarakterinə uyğun olaraq, iki alt qrup fərqlənir:

  1. akademik (abstrakt-məntiqi);
  2. praktiki intellekt.

Praktik intellekt şəxsin qarşısında duran gündəlik tapşırıqların həll edilməsi, özünəməxsusluğu, süniliyi və həyatdan təcrid olunması kimi xüsusiyyətlərə malik olaraq akademik intellektdən köklü şəkildə fərqlənir. Q.M.Kuçinskə, görə praktik intellektin əsas struktur komponentləri 1) əşyavi-praktik və 2) sosial-praktik intellektdir. Əşyavi-praktik intellekt, cansız bir obyektiv mühitlə əlaqəli olduğu halda, sosial-praktik intellekt müəyyən bir vəziyyətdə digər insanlarla birbaşa qarşılıqlı münsibətlər zamanı özünü göstərir. Sosial-akademik intellekt isə yalnız fərdi hallarda özünü göstərir (məsələn, «Mən-konsepsiyası») və ya ictimai şüurun yaradılması ilə əlaqəlidir. Bu yanaşmaya əsaəsn, müxtəlif baxış bucağından asılı olaraq, emosional intellekt sosial-praktiki intellektin bir hissəsi kimi qəbul olunur.

Nəticə:

Emosional intellekt probleminin tədqiqinə həsr edilmiş mövcud ədəbiy- yatların təhlili belə bir fikir irəli sürməyə əsas verir ki, insanlar arasında konfliktlərin yaranması, iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrdə belə insanların özünü xoşbəxt hiss etməməsi, həyatda məqsədə nail ola bilməmək və müvəffəqiyyət qazanmağın mümkünsüzlüyü bir çox hallarda məhz emosional intellektlə bağlıdır. Belə mühüm çatışmazlıqların aradan qaldırılması emosional intellektin təhsil sistemində inkişaf etdirilməsini tələb edir. Bu səbəbdən orta məktəb və universitetlərdə emosional intelelk- tin tədrisi və inkişaf etdirilməsi vacib məsələlərdən biri hesab olunur. Belə təhsil yalnız “qüsurlu” olan və təlimdən geri qalan uşaqların qüsurlarını kompensasiya etmək üçün deyil, hər bir şəxs üçün zəruri olan bir sıra bacarıqların inkişaf etdirilməsi şəklində təyin olunmalıdır. Burada əsas məqsəd isə təlim üçün emosiyaları istifadə etmək əvəzinə, birbaşa emosional intellektin inkişaf etdirilməsidir.

Ədəbiyyat:

  1. Андреева И.Н. Азбука эмоциональ- ного интеллекта / И.Н.Андрее- ва. – СПб.: БХВ-Петербург, 2012.– 288 с.
  2. Гоулман Д. Эмоциональное ли- дерство. Искусство управления людьми на основе эмоциональ- ного интеллекта / Д Бизнес Букс, 2005. – С. 304 с.
  3. Гоулман Д. Эмоциональный ин- теллект / Д. Гоулман. – ACT Мос- ква, 2009. – С. 478 с.
  4. Люсин Д.В.Социальный и эмо- циональный интеллект: от моде- лей к измерениям / Д.В.Люсин, Д.В.Ушаков. – М.: Институт психологии РАН, 2009. – 347 с.
  5. Манойлова М.А. Акмеологичес- кое развитие эмоционального интеллекта учителей и учащихся – Псков: ПГПИ, 2004. – 140 с.
  6. Манойлова, М.А. Развитие эмо- ционального интеллекта будущих педагогов / М.А. Манойлова. – Псков: ПГПИ, 2004. – 60 с.
  7. Манойлова, М.А. Исследование эмоционального интеллекта пе- дагога/ М.А. Манойлова // Пед. диагностика: науч.-практ. журнал.- 2006. – № 6.
  8. Bar-On.R. EQ: BarOn Emotional Quotient Inventory: A Measure of Emotional Intelligence: Technical Manual. Multi-Health Systems (1997).
  9. Bar-On.R. The BarOn model of emotional-social intelligence (ESI). Psicothema, (2006), 183 p.
  10. Meyer, J.D., Caruso, D.R., & Salovey, P. (1999). Emotional intelligence meets traditional standards for an intelligence. Intelligence 270 p.
  11. Meyer, J.D., &Salovey, P. (1997). What is emotional intelligence? In P. Salovey& D. Sluyter (Eds.), Emotional development and emotional intelligence: Implications for educators. New York: Basic Books.

12.  Payne,W.L.   (1983/1986).  A study of emotion: developing emotional intelligence; self integration;  relating  to  fear, pain and desire» Dissertation Abstracts International 47, p. 203A (University microfilms No. AAC 8605928)

13. Schutte N. S., Malouff J. M., Hall L. E., Haggerty D. J., Cooper J. T., Golden C. J., et al. (1998). Development and validation of a measure of emotional intelligence // Personality and individual differences, 25, pp. 167-177

Müəlliflər :

Psixologiya elmləri doktoru, professor , AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev ;

BDU-nun psixologiya kafedrası Nəzrin Həşimova

Online Qeydiyyat