Şəxsiyyətin uğurlu sosiallaşmasına sosial rolların təsiri

Açar sözlər: sosiallaşma, sosiallaşmanın xüsusiyyətləri, sosial rollar.

Psixoloqların istifadə etdiyi mənada sosiallaşma termini, geniş bir davranış sistemini əhatə edir. Sosiallaşma ən uğurlu şəkli ilə insan fiziologiyası və psixologiyasının çarəsizlik və tam bir eqoistlik hissi ilə zəngin olan körpəlik çağından, müstəqillik xüsusiyyətinin güclü olduğu yetginlik dövrünə keçməsi ilə nəticələnən bir öyrənmə prosesidir. Öyrənmə ilə yanaşı, sosial qıcıqlara reaksiya vermə, sosial mühitə qoşulma və bu mühitə uyğunlaşma sosiallaşmanın gerçəkləşməsində rol oynayan təməl ünsürlərdir. İnsan həyatının bəlkə də ən böyük uğuru sağlam və tarazlı bir sosiallaşma qazanmasıdır.
Obyektiv baxımdan sosiallaşma dedikdə cəmiyyətin insan üzərindəki təsiri nəzərdə tutulur. Belə ki, cəmiyyət sahib olduğu dəyərləri, düşüncə tərzini, davranış normalarını onun üzvü olacaq insanlara aşıladır, insanlara sosial rolu mənimsədir.
Subyektiv baxımdan sosiallaşma insanın tərkibində olduğu sosial mühitə uyğunlaşmasıdır. Beləliklə, insan cəmiyyətin hər kəs tərəfindən qəbul edilmiş düşüncə və davranış normalarını mənimsəyir. Bu məqsədlə o, üzvü olduğu cəmiyyət üçün keçərli olan düşüncə və davranış tərzlərini öyrənir. İnsan bu dəyərləri, normaları mənimsəyib onları şəxsi malına çevirir, bu dəyərlərə inteqrasiya olunur. Yuxarıda qeyd edilən hər iki yönümlü sosiallaşmada insan mənlik şüuruna sahib olur, şəxsiyyətə çevrilir.
Ümumiyyətlə, geniş mənada sosiallaşma insanın yaşadığı cəmiyyətə uyuğunlaşması, bunun müqabilində onda fərdi xüsusiyyətlərin formalaşması və nəticədə insanda qrup üçün xarakterik olan şəxsiyyətə məxsus xüsusiyyətlər, qrupun digər nümayəndələri üçün ümumi olan keyfiyyətlərin formalaşmasıdır. Bu prosesə eyni zamanda “cəmiyyətə hazırlanmaq” da deyilir. Çünki insan bu proses nəticəsində hər hansı bir cəmiyyətlə və dar mənada isə hər hansı bir qrupla bütünləşir.
Sosiallaşmanın əsasən aşağıdakı xüsusiyyətləri vardır:
Sosiallaşma prosesi hər zaman müəyyən bir konkret cəmiyyət üçün keçərlidir. Yəni insan tərkibində olmadığı digər cəmiyyətlərə uyğun sosiallaşması mümkün deyildir. Mövcud cəmiyyətlərin mədəni dəyərlərindəki fərqlilik ona səbəb olur ki, insan sadəcə yaşadığı cəmiyyətə uyğunlaşır, onun dəyərlərini mənimsəyir və həmin cəmiyyət tərəfindən sosiallaşdırılır.
Sosiallaşma hər hansı bir insanın doğulduğu andan etibarən başlayan, uşaqlıq, yeniyetməlik dövründə sürətlə cərəyan edən və gənclik dövründə müstəqillik xüsusiyyətinin qazanılması ilə nəticələnən bir prosesdir.
Sosiallaşma prosesi hər hansı bir insanın sahib olduğu fərdi-psixoloji xüsusiyyətlərlə maraqlanmır. O, ancaq insanın özünəməxsus bu xüsusiyyətlərinin cəmiyyətə uyğunlaşdırılması prosesi ilə maraqlanır.
Bir insanın sosiallaşması üçün üç önəmli şərt mövcuddur:
Sosiallaşma üçün hər hansı bir cəmiyyətin mövcud olması lazımdır.
İnsanın yetərli səviyyədə fizioloji və psixoloji xüsusiyyətlərə sahib olması gərəklidir.
İnsanın digər insanlarla sosial münasibət qurmaq tələbatı hiss etməsi vacibdir.
Müasir insan sosial mühitdə digər insanlarla qarşılıqlı münasibətlər quraraq, onlara uyğunlaşaraq yaşamaq məcburiyyətindədir. O, belə qarşılıqlı münasibətlər zamanı həm psixoloji, həm də sosial tələbatını təmin edir. İnsan bir sosial mühitdə (qrup içərisində) ortaya qoyduğu və ya ortaya qoyacağı davranışlarında öz psixoloji xüsusiyyətlərinin təsiri altında olduğu halda eyni zamanda birlikdə yaşadığı sosial mühitin də (qrupun da) təsiri altında qalaraq müəyyən davranışlar göstərir ki, bu davranışlar da sosial rollar əsasında müəyyənləşir.
Hər bir cəmiyyətdə sonradan cəmiyyət üzvlərinin daxil olacağı müxtəlif statuslar, mövqelər, peşələr, sosial qruplar vardır. Bu mövqe və qruplarda insanın necə davranacağını sosial statuslar və rollar müəyyənləşdirir. Hər hansı bir insan müxtəlif mövqe və statuslarda müxtəlif vəzifələr və buna uyğun rolları yerinə yetirir. Məsələn, bir insan evdə ailə böyüyü, işdə rəhbər və ya işçi, mağazada müştəri rollarını yerinə yetirə bilər. Bu vəziyyətlərdə rol qarışıqlığının olmaması üçün bu rolların gərəkli səviyyədə yaxşı öyrənilməsi lazımdır. Belə öyrənmə səviyyəsinə çatan insan yetərli səviyyədə sosiallaşmış sayılır. Əks təqdirdə insan anti-sosial ya da asosial davranacaqdır.
Rol, cəmiyyətin bir üzvü olan insanın həmin cəmiyyətin o insandan gözlədiyi davranış normalarının əsasını meydana gətirir. İnsan bir sosial qrup və cəmiyyət içərisində meydana gələn mövcud rollar sistemi içinde dünyaya gəlir və o fizioloji və psixoloji təsirlərin yanında eyni zamanda xarici sosial faktorların da yönləndirilməsi və gözləntiləri çərçivəsində toplumdakı movcud status və buna bağlı olaraq rolları öyrənir. İnsanın bu status və rolları mənimsəmə dərəcəsinə görə sosiallaşması həyata keçir.
H.Fend həyatda qazanılan rolları iki qrupa ayırmışdır:
1. Təməl rollar. Bunlar insanda fiziolojik olaraq mövcud olan rollardır (yaş, cins, irq, ailə və ya qohumlar içərisindəki mövqe ilə müəyyənləşir). Bir ailədə bir uşağın dünyaya gəlməsi ilə ana, ata, qardaş, bacı, əmi, dayı, xala, bibi kimi statusların qazanılması kimi. Bunlar istəyə bağlı olmadan qazanılan rollardır.
2. Qazanılmış rollar. İnsanın işinə, təhsilinə, peşəsinə görə və müxtəlif situasiyalarda qazanılan rollardır. Bu rollardan başqa müstəqil rollar da vardır ki, bu rollar insanın xüsusi maraq və qabiliyyəti ilə bağlıdır. Bu rolların həyata keçirilməsi insanın istək və arzularına, maraqlarına uyğun olaraq onun müstəqil davranış və fəaliyyəti üzərində qurulur.
C.Morenoya görə sosial rol sosial həyatın ayrılmaz bir parçasıdır, hətta sosial həyat sosial rollardan ibarətdir.
T.Parsonsa görə, sosiallaşma sosial sistemin mükəmməl işləməsini təmin edən, hər kəsə sosial rollarını öyrədən bir prosesdir. Sosiallaşma “insanın özünün və sosial sistemin faydalı və səmərəli əlaqələr içində yaşaya bilməsi üçün sosial rolların yaxşı öyrənilməsi, sistemləşdirilməsi və həyata keçirilməsi deməkdir”. T.Parsonsa görə, sosiallaşma həyat boyunca davam edən bir prosesdir.
Günümüzün aktual problemlərindən biri olan maskulinizasiya və feminizasiya problemleminin də əsas səbəblərindən biri sosial rolun tərkib hissəsi olan cinsi rolların deformasiya uğramasının bir nəticəsi olduğunu qeyd edə bilərik ki, bunun da təməlini bir sıra psixo-sosial patalogiyalar təşkil edir. Hər iki psixo-sosial problem insanın yetərli səviyyədə cins-rol davranışlarına yiyələnməməsi və bu səbəbdən də toplumda bir sosiallaşma problemi yaşamasına səbəb olur. Onu da qeyd edək ki, istər feminizasiya, istərsə də maskulinizasiya cəmiyyətdə ən çox diqqət çəkən ciddi sosiallaşma problemidir.
İnsan yaşadığı cəmiyyətdə həm hörmət və seçkinlik qazanmağa, həm öz yerini müəyyənləşdrməyə, həm də həmin cəmiyyətdə özünü təsdiq etdirməyə ehtiyac hiss edir. Sosial uyğunlaşma, sosiallaşma geniş şəkildə bu ehtiyacdan yaranan tələbatın təmin olunmasından asılıdır. Bu uyğunlaşma ayrıca, insanın yaşlılıq illərindəki fəaliyyətinə də təsir göstərir. Sosial uyğunlaşmanın ölçüsü insanın çevrəsindəki insanlarla münasibət və ünsiyyətləri, qrup şəklindəki fəaliyyətlərdə iştirakı, vacib olan qaydalara uyğunlaşa bilməsi, üzərinə düşən sosial rolları nə səviyyədə həyata keçirməsi ilə müəyyənləşdirilir.

ƏDƏBİYYAT :

1. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. Bakı: Qapp-Poliqraf nəşriyyatı, 2003, 356 s.
3. Arkonaç S.A. Sosyal psikoloji. İstanbul: Alfa Yayınları, 2005, 393 s.
4. Hogg M., Vaughan G.M. Sosyal psikoloji. Ankara: Ütopya yayınevi, 2007, 720 s.

Müəllif :

ADPU-nun Ümumi Psixologiya kafedrasının dosenti Solmaz Həsənli

Son məqalələr

Online Qeydiyyat