Yanvarın 25-də Təhsil Nazirliyinin dəstəyi, Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə məktəb psixoloqlarının I Ümumrespublika konfransı keçirilib.
Konfransda çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda məktəblərdə psixoloji xidmətin təşkilinə və psixoloqların praktik fəaliyyətinə xüsusi önəm verildiyini qeyd edib. Nazir müavini bildirib ki, təhsil sisteminin başlıca vəzifələrindən biri milli-mənəvi və ümumbəşəri dəyərlərə, geniş dünyagörüşünə malik, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli şəxsiyyətin formalaşdırılmasıdır. Strategiyada səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması və təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması əsas istiqamət kimi qeyd edilib. Məhəbbət Vəliyeva bu işdə psixoloji xidmətin üzərinə düşən strateji hədəf və vəzifələri diqqətə çatdırıb.
Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin İdarə heyətinin sədri, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev “Təhsil haqqında” Qanunda məktəblərdə psixoloji xidmətin təşkilinə dair əlavələr edildiyini xatırladıb. Bəxtiyar Əliyev qeyd edib ki, hazırda dövlətin və Təhsil Nazirliyinin bu sahəyə diqqəti böyükdür. İlk dəfə olaraq məktəblərdə psixoloji xidmətin təşkili qaydaları hazırlanaraq Nazirlər Kabinetinin təsdiqinə verilib. Gələcəkdə məktəb psixoloqlarının statuslarının yüksəldilməsi və onların fəaliyyətinin stimullaşdırılması gözlənilir.
Daha sonra Psixologiya Elmi-Tədqiqat İnstitutu MMC-nin sədri Elnur Rüstəmov, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə, professor Ramiz Əliyev, Vəfa Yaqublu, dosent Elxan Bəylərov, Aynur Bünyatova, Diyanə İbrahimova, Bahar Bəylərova, Mehriban Verdiyeva və Raziyə Quliyeva məruzələrlə çıxış ediblər.
Konfransda ixtisasartırma və yenidən hazırlanma, məktəb psixoloqlarının hazırlığı, məktəbdə psixoloji xidmətə yeni baxış, sağlam təhsildə psixogigiyena, məktəbdə aşkar olunan psixoloji problemlər, təxəyyül məktəbinə keçid ilə bağlı məruzələr dinlənilib.
Sonda konfransda iştirak edən psixoloqlara sertifikatlar verilib.
Mənbə : http://aztehsil.com/news/8270-mekteb-psixoloqlarinin-i-umumrespublika-konfransi.html