Valideynlərimiz qəhrəmanlarımızdırlar

Valideynlərimiz qəhrəmanlarımızdırlar, amma bu o demək deyil ki, həyatımızla bağlı qərarlar onlara aiddir

Bizim milli dəyərlərimizdə valideyn övlad münasibətinin xüsusi yeri var. Valideynə hörmət etmək, qayğı göstərmək, sevgi vermək bizim mədəniyyətdə xüsusən əhəmiyyətlidir və ən gözəl insani keyfiyyətlərdəndir. Ancaq çox hallarda bu hörmət və qayğı valideynlər tərəfindən istismar edilir və valideyn elə düşünür ki, uşağının ( bu uşağın 20, 30, 40, 50 yaşında yetişkin insan olmasına baxmayaraq) hər bir işinə, münasibətinə, planına bir sözlə həyatına qarışa bilər və müdaxilə edə bilər. Çünki, ana və ya ata məsələn 25 yaşındakı yetişkin oğlunu və ya qızını “uşaq” olaraq görür və ANA və ya ATA uşağını böyütdüyü üçün hər məsələdə söz sahibi olduğunu düşünür və yeri gələndə “ haqqımı halal etmərəm”, “südümü halal etmərəm”, “mən səni əziyyət çəkib böyürmüşəm” və s. manipulyativ sözlərdən istifadə edərək “uşaqlarına” öz istədiklərini, öz bildiklərini elətdirməyə çalışırlar ( məsələn, əgər filan ailənin qızını almasan sənə südümü halal eləmərəm). Bu şəkildə irəliləyən münasibətdə bir çox problemlər ortaya çıxır. Nəticədə valideyn və övlad arasında sərhədlər pozulmuş olur, ayrılma prosesi tamamlanmamış olaraq qalır. Əgər özünüzdə aşağıdakı halları müşahidə edirsinizsə ananız və ya atanızla olan münasibətinizi mütləq gözdən keçirin:

1. Valideynləriniz yaxın münasibətinizin detallarını bilirsə və xüsusən də bu hal münasibətinizə mənfi təsir edirsə

2. Valideynləriniz başqa insanlarla olan mübahisələrinizə birbaşa qarışırsa

3. Valideynləriniz fikirlərinizə hörmət etmirsə

4. Valideynləriniz sizin şəxsi sahənizə icazəniz olmadan daxil olursa

5. Valideynləriniz hər şeyə “hə” deməyiniz üçün sizi məcbur edirsə.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi, psixoloq Nəzrin Məmmədzadə

Online Qeydiyyat