FUAD QALİB oğlu ƏSƏDOV
AZƏRBAYCAN TİBB UNİVERSİTETİ
ÖZÜNƏ ZƏRƏR VERMƏ DAVRANIŞI İLƏ BAĞLI PSİXOLOJİ FAKTORLARIN ÖYRƏNİLMƏSİ
XÜLASƏ
Məqsəd: Bu tədqiqatın məqsədi 18-25 yaş aralığındakı gənclərin özünə zərər vermə davranışı ilə yaşadıqları həyəcan, sosial fobiya, aqorafobiya və panik atak arasındakı əlaqənin mövcudluğunu müəyyənləşdirməkdir.
Material və metod: Tədqiqatın həyata keçirilməsi üçün ilk öncə 18-25 yaş aralığında olan gənclərdə özünə zərər vermə davranışının olub-olmamasını müəyyən etmək üçün xüsusi anket hazırlanmışdır. Bütün iştirakçılar bu anketdə yer alan suallara cavab vermişdilər. Bu anket yaş, cins və özünə zərər vermə davranışının olub-olmaması ilə bağlı sualları əhatə etməkdədirlər.
Tədqiqatda iştirak edən gənclərin təşviş səviyyələrini ölçmək üçün Generalizə Olunmuş Təşviş Pozuntusunun 7 Göstərici Üzrə Şkalasından(GTP-7), sosial fobiya göstəricilərini öyrənmək üçün Liebovitz sosial fobiya şkalası, panik atak və aqorafobiya göstəricilərini öyrənmək üçünsə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən hazırlanan Təşviş Pozuntularının Diaqnostika Və Müalicəsi Üzrə Klinik Protokolunda yer alan panik atak və aqorafobiya şkalasından istifadə olunmuşdur.
Nəticə: Tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, gənclərin sərgilədiyi özünə zərər vermə davranışı ilə generalizə olunmuş təşviş pozuntusu, panik atak, aqorafobiya və sosial fobiya arasında çox güclü əlaqə vardır. Eyni zamanda, qeyd etmək lazımdır ki, özünə zərər vermə davranışı ilə həyəcan-təşviş pozuntuları arasında mövcud olan korrelyasiya tərs korrelyasiyadı.
Yekun: Bu tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, həyəcan-təşviş pozuntuları rast gəlinən gənclərdə özünə zərər vermə davranışı az müşahidə olunur. Psixoloji xidmət zamanı diaqnostika prosesində özünə zərər vermə davranışı sərgiləyən gənclərdə generalizə olunmuş təşviş pozuntusu, aqorafobiya, sosial fobiya və panik pozuntu istisna edilə bilər. Bu, həm diaqnostikanın effektivliyi, həm də vaxtın səmərəli dəyərləndirilməsi baxımından avantajdır. Bundan əlavə, aparılan tədqiqat nəticəsində bu qənaətə gəlmək mümkündür ki, özünə zərər vermə davranışını sərgiləyən gənclərdə həyəcan-təşviş pozuntularına rast gəlindikdə belə, komorbid olaraq başqa bir psixoloji pozuntunun olub-olmamasını da yoxlamaq lazımdır. Bu da diaqnostika və terapiyanın keyfiyyətini və dəqiqliyini artıran amillərdəndir.
SUMMARY
Objective: The aim of this study was to determine the relationship between anxiety, social phobia, agoraphobia and panic attacks that young people between the ages of 18 and 25 experience with self-harming behavior.
Material and method: To conduct the study, a special questionnaire was first prepared to determine whether there was any self-harm behavior in young people aged 18-25. All participants answered the questions in this questionnaire. These questionnaires cover questions about age, gender, and self-harm behavior. In order to measure the anxiety level, for studying social phobia indicators and for learning panic attack and agoraphobia indicators, of young people participating in the research, respectively the generalised anxiety disorder assessment (GAD-7) test, Liobewitz social phobia, panic attack and agoraphobia scales were used. These tests included in the Clinical Protocol which prepared by The Ministry of Health of the Republic of Azerbaijan
Conclusion: The study found that there is a strong correlation between self-harm behavior and generalized anxiety disorder, panic attacks, agoraphobia, and social phobia in young people. At the same time, it should be noted that the correlation between self-harm behavior and anxiety disorders was inversely correlated. As a result of this study, it was found that self-harming behavior is less common in young people with anxiety disorders. Generalized anxiety disorder, agoraphobia, social phobia, and panic disorder can be ruled out in young people who exhibit self-harm behavior during the diagnostic process of psychological services. This is an advantage in terms of both diagnostic efficiency and time efficiency. In addition, the study suggests that young people who exhibit self-harm behaviors should be examined for comorbidities, even if they are experiencing anxiety disorders. This is one of the factors that increase the quality and accuracy of diagnosis and therapy.
Açar sözlər: özünə zərər, həyəcan, panik pozuntu, sosial fobiya, aqorafobiya
Keywords: self-harm, anxiety, panic disorder, social phobia, aghoraphobia
GİRİŞ
İnsanın özünə zərər verməsi dərisini kəsmək, yandırmaq, cırmaqlamaq, saçlarını didib qoparmaq, hətta sümüklərini qırmaq və gözünü çıxarmaq kimi davranışlarla xarakterizə olunur.[1]Özünə zərər vermə ilə bağlı davranışlaryeniyetmə və gənclər arasında çox müşahidə edilməklə yanaşı, həm də bu davranışın şəxsin gələcək həyatında şəkil dəyişdirərək intihara çevrildiyi də düşünülməkdədir.[2] Çünki, bir çox hallarda insanın özünə zərər verməsi dünyaya və insanlara qarşı hiss etdiyi əsəbin və məyusluğun nəticəsi olaraq üzə çıxır. Bu cür situasiyalarda özünə zərər vermə daha çox üsyan xarakteri daşıyır. Eyni səbəblər intihar üçün də keçərlidir. İntihar edən insanlarda dünyaya, həyatlarına və özlərinə qarşı kədər və əsəb hiss edirlər. Nəzərə alsaq ki, son illərdə gənclər arasında intihar göstəricilərinin sayı artmışdır, şəxsin özünə zərər vermə davranışı ilə onun həyəcan səviyyəsi, sosial fobiyası, yaşadığı panik ataklar və çox vaxt panik atakla ortaya çıxan aqorafobiya arasındakı əlaqənin öyrənilməsi xüsusi əhəmiyyət daşımaqdadır. Sözügedən psixopatalogiyalarla özünə zərər vermə davranışı arasındakı əlaqə aşkarlandığı təqdirdə, gələcəkdə yaşana biləcək suisidial halların da qarşısının alınması üçün müəyyən psixoterapevtik və konsultativ tədbirlər görülə bilər.
İnsanın özünə zərər verməsi ilə bağlı davranışların artması ilə əlaqədar olaraq, son 70 ildə bu cür halların öyrənilməsi ilə bağlı tədqiqatlar da artmışdır. Şəxsin özünə zərər verməsi əslində ilkin olaraq intihar məqsədi daşımır. Bu səbəbdən dolayı, bu cür davranışlar elmi ədəbiyyatda daha çox “intihar məqsədi güdülməyən özünə zərər vermə” kimi bir terminlə ifadə olunur. Həmçinin, onu da qeyd etmək lazımdır ki, bir sıra tədqiqatçıların və mütəxəssislərin özünə zərər vermə davranışı ilə generalizə olunmuş təşviş pozuntusu, panik pozuntu, sosial fobiya və aqorafobiya arasındakı əlaqə barəsində biliklərinin artırılması mütəxəssisin təqdim etdiyi psixoloji xidmətin effektivliyi üçün daha çox fürsət və avantaj yaradır, bu da ümumi işin inkişafına səbəb olur. [3]
Ən çox müşahidə olunan özünə zərər vermə davranışları saç didmə və dərisini kəsmədir. [4] Tədqiqatlar və keçirilən sorğular göstərir ki, insanlar bu tip davranışı stress yaradan situasiyalarda mənfi hislərdən qurtulmaq üçün edirlər. Ümumiyyətlə bütün dünyada gənclərin 20-30 faizinin özünə zərər vurması müşahidə olunur.[5] Bütün bunları nəzərə aldıqda 18-25 yaş arası gənclərdə özünə zərər vermə davranışı ilə onların həyəcan səviyyələri, fobiyaları və panik atakları arasında əlaqənin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.
18-25 yaş aralığı erkən gənclik dövrü olduğu və həyatın yeni mərhələsinə qədəm qoyulan yaşlar olduğu üçün burda böyük mənaya malikdir. Beləki, bu yaş dövrü aralığında gənclər orta məktəbi başa vurur, bəziləri ali məktəbə başlayır, bəziləri hər hansı bir sənətə yiyələnir, bəziləri hərbi xidmətə yollanır və bir qrupu da evlənirlər. Növbəti illərdə isə ali təhsillərini başa vuran gənclər iş axtarışı və karyera qurmaqla maraqlanırlar. Dolayısıyla, 18-25 yaş aralığı artan məsuliyyət, qayğılar və sosial münasibətlər səbəbiylə çox stressli ola bilir.[6] Həmçinin, bu yaş dövründə olan gənclər bir öncəki nəslin də təzyiqlərini öz üzərlərində hiss edirlər. Xüsusilə, ailələri tərəfindən müəyyən insanların gözündə yaxşı təəsürat yaratmağa məcbur edilən, qısa zamanda iş tapmaq və maddi qazanc əldə etmək məcburiyyəti qarşısında qalan, romantik və şəxsi həyatlarında müəyyən problemlər yaşayan, təhsil həyatları ilə bir sıra sıxıntılı dövrdən keçən, ailələri tərəfindən istəmədiyi halda evlənməyə məcbur olan gənclərdə bir sıra psixoloji problemlər görünür.[7] Buna görə də, gənclərdə özünə zərər vermə davranışını öyrənərkən, bu davranışın hansı psixoloji problemlərlə əlaqəli olduğunu, yaxud da özünə zərər vermə davranışını sərgiləyən gənclərlə psixoloji iş aparan zaman hansı psixoloji pozuntuların istisna edilə biləcəyini bilmək son dərəcə önəmlidir.
TƏDQİQATDA İSTİFADƏ OLUNAN METODLAR
Tədqiqatda iştirak edən gənclərin təşviş səviyyələrini ölçmək üçün Generalizə Olunmuş Təşviş Pozuntusunun 7 Göstərici Üzrə Şkalasından(GTP-7) istifadə olunmuşdur. GTP-7 generalizə olunmuş təşviş pozuntusunun və onun klinik praktikada ağırlıq dərəcəsinin qiymətləndirilməsi üçün etibarlı və effektiv vasitədir. Beynəlxalq qəbul edilmiş kriteriyalara əsaslanan GTP-7 cədvəlinin şərhi də asandır. Cədvəli klinik qərarın əvəzi kimi nəzərdə tutulmayan köməkçi vasitə kimi nəzərdən keçirmək lazımdır. Ümumi balı hesablamaq üçün sorğu kitabçasının hər bəndinin ballarını toplamaq lazımdır. Beləliklə, ümumi toplanmış bal 0-21 ədədləri arasında dəyişə bilər. Bu testdə təşviş pozuntusunun 7 simptomuna aid suallar var. Bu göstəricilər Əsəbilik, təşviş və ya gərginlik hissi, Həyəcanı dəyandırmaq və ya ona nəzarət etmək iqtidarında olmamaq, müxtəlif səbəblərə görə həddən ziyadə narahat olmaq, dincələ bilməmək, bir yerdə qərar tuta bilməmək, tez yaranan qıcıqlanma və bezikmə, hər hansı bir dəhşətli hadisənin baş verə biləcəyinə dair fikirlərlə bağlıdır. Bu suallara “yoxdur”, “bir neçə”, “daha çox sayda gün” və “hər gün” şəklində cavablar vermək mümkündür. Bu cavablar müvafiq olaraq 0,1,2 və 3 olaraq kodlanmaqdadır. Bütün suallara cavab verildikdən sonra nəticələr toplanır. GTP-7 üzrə ballar aşağıdakı kimidir. 0-4 bal minimal, 5-9 bal yüngül, 10-14 bal orta 15-21 bal isə ağır hesab olunur.
Tədqiqat iştirakçılarının sosial fobiya göstəricilərinin öyrənmək üçün isə onlara Liebovitz sosial fobiya şkalası təqdim edilmişdir. Bu şkalada 23 situasiya təsvir olunur və bu situasiyalarda insanların nə qədər qorxu və təlaş hissi keçirdiyi öyrənilir. İştirakçılar bu suallara 0-“yox”, 1-“yüngül”, 2-“orta” və 3-“ağır” şəklində cavablandıra bilərlər. Həmçinin, bu cədvəl insanların sözügedən situasiyalardan nə qədər qaçınma etdiyini də sorğulayır. Cədvəldə 0-“Heç vaxt”, 1- “Bəzən”, 2-“Tez-tez”, 3 – “Adətən” balla qiymətləndirilir. Liebovitz sosial fobiya şkalasında ictimai yerlərdə telefonla danışmaq, kiçik qruplarda iştirak etmək, ictimai yerlərdə yemək, ictimai yerlərdə başqaları ilə içmək, vəzifəli insanlarla söhbət etmək, auditoriya qarşısında çıxış etmək, söhbət etmək və ya hərəkət etmək, əyləncəyə getmək, müşahidə olunarkən yazmaq, çox yaxşı tanımadığı insanlara zəng etmək, çox yaxşı tanımadığı insanlarla söhbət etmək, tanış olmayan insanlarla görüşmək, İctimai tualetlərdən istifadə etmək, başqaları əyləşən otağa daxil olmaq, diqqət mərkəzində olmaq, iclasda danışmaq, imtahan vermək, çox yaxşı tanımadığı insanlara narazılıq və ya bəyənməməyi ifadə etmək, çox yaxşı tanımadığı insanların gözünə baxmaq, qrupa məlumat vermək, intim və ya romantik bir münasibət məqsədi ilə birinə yaxınlaşmağa çalışmaq, mağazadan alınan malları qaytarmaq, əyləncə təşkil etmək, israrlı bir satıcını rədd etmək kimi situasiyalar təsvir olunmuşdur. Nəticədə 55-65 bal orta dərəcəli sosial fobiya 65-80 bal ciddi sosial fobiya 80-95 bal hədsiz ağır sosial fobiya 95-dən yuxarı bal isə çox ağır dərəcəli sosial fobiya hesab olunur.
Aqorafobiya şkalasında 20 hal təsvir olunmuşdur. Bu hallar təşviş və yaxud situasiyadan qaçılmanı yarada bilər. Hər bir bəndi diqqətlə oxuyub təsvir olunan halların nə dərəcədə təşviş (0-4) və ya həmin situasiyadan qaçınma (0-2) istəyini yaratdığını müvafiq sütunlarda qeyd etmək lazımdır. Bu şkalada təşvişlə bağlı cavablar 0- “təşvişin olmaması”, 1 – “yüngül təşviş”, 2 – “orta dərəcəli təşviş”, 3 – “ciddi təşviş (və ya ağır təşviş)” və 4 – “çox ağır təşviş” balla, boyun qaçırma ilə bağlı cavablar isə 0 – “tamamilə boyun qaçırma”, 1- “mümkün olan hallarda boyun qaçırma”, 2 – “tamamilə boyun qaçırma” balla qiymətləndirilir. Aqorafobiya şkalasında öz evində tək olmaq, kiçik alış-verişə təkbaşına getmək (məsələn, ərzaq dükanına, aptekə), şəhərdə küçəni təkbaşına keçmək, kütlə içərisində təkbaşına olmaq, insanlarla dolu avtobusda təkbaşına getmək, şəhərin geniş açıq sahələrində gəzmək, (məsələn, meydanda), uzun tuneldə tək olaraq maşın sürmək, evdən çıxıb təkbaşına gəzmək, insanlarla dolu qatar və ya metroda təkbaşına getmək, poçt idarəsi, bank, supermarketdə və s. təkbaşına uzun müddət növbədə durmaq, başqa insanların yığıncağında uzun müddət oturmaq, restoranda və ya kafedə yemək, kino və ya teatrda orta sırada oturmaq, insanlarla dolu olan böyük ticarət mərkəzlərində alış-veriş etmək, çoxlu insan və tıxac olan körpü üzərində gəzmək, körpü üzərində təkbaşına maşın sürmək, gözəllik salonunda (bərbərdə) təkbaşına saç kəsdirmək, insanlarla dolu olan supermarketlərdə təkbaşına alış-veriş etmək, kütlə olan küçədə təkbaşına gəzmək, liftdən təkbaşına istifadə etmək situasiyaları təsvir olunmuşdur.
Panik Pozuntu Üzrə Şkala 7 sualdan ibarətdir. Bu suallara əsasən iştirakçılar yaşadıqları panik pozuntu zamanı hiss etdikləri təlaş səviyyəsini, bir həftə ərzində neçə panik atak yaşadıqlarını, panik tutmaların limitli simptomları barədə, növbəti panik atak qorxuları ilə bağlı və bu simptomların gündəlik həyatlarına təsirləri ilə bağlı məlumat verirlər. Hər bir sualın özünə məxsus cavab variantları 0-4 arası ballarla dəyərləndirilir.
ALINMIŞ NƏTİCƏLƏR
Bu tədqiqat Psixologiya Elmi Tədqiqat İnstitutunda iştirakçıların özlərini rahat hiss edə biləcəyi bir şəraitdə təşkil olunmuşdur. Tədqiqat gənclərdə çox rast gəlinən psixoloji narahatlıqlar və müəyyən davranışlar arasında əlaqənin olub-olmadığını müəyyən etməyə yönəlmişdir. Tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, gənclərin sərgilədiyi özünə zərər vermə davranışı ilə generalizə olunmuş təşviş pozuntusu, panik atak, aqorafobiya və sosial fobiya arasında çox güclü əlaqə vardır. Eyni zamanda, qeyd etmək lazımdır ki, özünə zərər vermə davranışı ilə həyəcan-təşviş pozuntuları arasında mövcud olan korrelyasiya tərs korrelyasiyadı. Tərs korrelyasiyada iki dəyişəndən biri yüksək olduqda, digərinin aşağı olması faktını nəzərə alaraq, demək olar ki, aqorafobiya, sosial fobiya, generalizə olunmuş təşviş pozuntusu və panik atakdan əziyyət çəkən gənclərdə özünə zərər vermə davranışının görünməsi ehtimalı aşağıdır. Yuxarıda da qeyd edildiyi kimi bu korrelyasiyanın çox güclü olması sözügedən ehtimalın da çox aşağı olduğunu göstərməkdədir.
MÜZAKİRƏ
Tədqiqatın əsas məhdudlaşdırıcılarından biri o idi ki, tədqiqat kiçik nümunə ölçüsü üzərində idi. Tədqiqat zamanı cəmi 50 respondent iştirak etmişdi. Özünə zərər vermə davranışı ilə həyəcan-təşviş pozuntuları arasındakı əlaqənin öyrənilməsi Psixologiya Elmi Tədqiqat İnstitutunda aparılmışdır. Buna görə də, eyni tədqiqatın ölkənin digər psixoloji mərkəz və xəstəxanalarında aparılacağı halda nəticələrin necə olacağı məlum deyil. Aydın məsələdir ki, hər bir psixoloji mərkəz və klinikanın yerləşdiyi ərazi və daha çox fokuslandığı psixoloji problemlər baxımdan özünəməxsus kontingenti olur. Bütün bunlar nəzərə alındıqda eyni tədqiqatın digər mərkəz və xəstəxanalarda da keçirilməsi zamanı daha ətraflı və dolğun nəticə əldə etmək olardı.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI:
- Feldman MD. The challenge of self-mutilation: a review. Compr Psychiatry 1988; 29:252-269.
- Favazza AR: Repetitive self-mutilation. Psychiatric Annal 1992; 22:60-63.
- Fatma Gül Helvacı Çelik, Çiçek Hocaoğlu. Kasıtlı Kendine Zarar Verme Davranışı. Psikiyatride Güncel Yaklaşımlar-Current Approaches in Psychiatry 2017; 211
- A.P.A.. (2013). The Diagnostic And Statistical Manual Of Mental Disorders, Fifth Edition. Yayınevi: American Psychiatric Association.
- Alper Aksoy, Kültegin Özel; Kendine zarar verme davranışı raporu. Yeniden yayın no:18,İstanbul 2006,12
- Favazza AR: Repetitive self-mutilation. Psychiatric Annal 1992; 22:60-63.
- Sieman D, Hollander E: Self-Injury Behavior:Assessment and Treatment. Washington, American Psychiatric Publishing, 2001. 25-30