Klinik Psixologiya Üzrə İxtisasartırma Təhsili
Psixologiya Elmi Tədqiqat İnstitutu, Elm və Təhsil Nazirliyinin rəsmi icazəsi ilə “Klinik Psixologiya Üzrə İxtisasartırma Təhsili” proqramını təqdim edir. Bu proqram klinik psixologiya sahəsində fəaliyyət göstərən mütəxəssislərin, o cümlədən psixoloqların, psixiatrların, Təhsildə sosial-psixoloji xidmət, korreksiyaedici təlim və tibb sahəsində çalışan və bacarıqlarını genişləndirmək, onların peşəkar fəaliyyətini daha effektiv etmək məqsədini daşıyır. Proqram, klinik psixologiyanın ən müasir nəzəri biliklərini və praktiki tətbiqlərini əhatə edir, bu sahədə çalışan mütəxəssislərin bilik səviyyəsini qaldırmaq, onları beynəlxalq standartlara uyğun şəkildə işə hazırlamaq üçün nəzərdə tutulub.
Təhsilin strukturu
126 akademik saat
21 təhsil krediti
dövlət nümunəli sertifikat
Mövzunun aktuallığı
Klinik psixologiya sahəsi müasir dövrdə xüsusilə əhəmiyyətli və tələb olunan sahələrdən biridir. Artan psixoloji problemlər, nevroloji pozuntular və ruhi xəstəliklərin cəmiyyət üzərindəki təsirləri bu sahədə mütəxəssislərin peşəkar səviyyədə inkişafını zəruri edir. Psixi pozuntuların vaxtında düzgün diaqnostikası və effektiv müalicəsi həm fərdi, həm də sosial rifahın qorunmasında əhəmiyyətli rol oynayır. Buna görə də, klinik psixologiya sahəsində çalışan mütəxəssislərin müasir elmi yeniliklərə əsaslanan biliklərə yiyələnməsi və peşəkar bacarıqlarını mütəmadi olaraq yeniləmələri vacibdir.Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, qlobal miqyasda psixoloji xəstəliklərə təsir edən faktorlar artmaqdadır, bu isə klinik psixologiyanın qlobal səviyyədə daha geniş əhəmiyyət kəsb etməsinə gətirib çıxarır. Azərbaycanda da bu sahədə artan ehtiyaclar nəzərə alınaraq, klinik psixoloqların və digər mütəxəssislərin bilik səviyyələrinin artırılması zəruri hal almışdır. Bu proqram, iştirakçılara elmi yanaşmaların tədris edilməsi və onların gündəlik praktiki fəaliyyətlərində tətbiqi üçün geniş imkanlar yaradır.
Proqramın məqsəd və vəzifələri:
Proqramın əsas məqsədi klinik psixologiya sahəsində çalışan mütəxəssislərə geniş, elmi əsaslara söykənən nəzəri və praktiki biliklər verməkdir. İştirakçılar, proqram boyunca müxtəlif klinik vəziyyətlərdə psixoloji müdaxilələrin aparılması, klinik psixoloji diaqnostika və psixoterapiya metodlarının tətbiqi barədə bilik və bacarıqlar əldə edəcəklər. Proqramın xüsusi məqsədləri aşağıdakı istiqamətləri əhatə edir:
- Klinik psixologiyanın əsas anlayışları və nəzəri bilikləri: İştirakçılar klinik psixologiyanın əsas elmi anlayışlarını öyrənəcək və beynəlxalq standartlara uyğun metodlar mənimsəyəcəklər. Bu biliklər onların klinik təcrübələrində istifadə olunacaq.
- Psixi xəstəliklərin diaqnostikası və differensial diaqnostika: İştirakçılar, psixi xəstəliklərin əsas simptomlarını və differensial diaqnostika metodlarını öyrənəcəklər. Bu biliklər klinik praktikada istifadə edilən müasir diaqnostika texnologiyalarına əsaslanır.
- Klinik işin idarə edilməsi və müalicə metodları: İştirakçılar klinik şəraitdə psixoloji müdaxilələrin aparılması, xəstələrlə düzgün ünsiyyət qurma və klinik proseslərin effektiv idarə edilməsi bacarıqlarını öyrənəcəklər.
Psixoterapevtik müdaxilə metodları: Proqramda iştirakçılara koqnitiv-bihevioral terapiya, qrup terapiyası, ailə terapiyası və digər psixoterapiya metodları tədris olunacaq. Eyni zamanda, travma sonrası stress pozuntusu, depressiya, anksiyete pozuntuları və şəxsiyyət pozuntuları ilə iş metodları mənimsəniləcək.
Proqramın Mövzuları və İstiqamətləri
- Klinik psixologiyanın predmeti, vəzifələri və tədqiqat üsulları
- Psixoloji rifaha təsir göstərən xüsusi hallar
- Psixoloji sağlamlıq, norma və patalogiya anlayışı
- Psixoloji yardım haqqında qanun
- Depressiya, növləri, diaqnostikası və terapiyası
- Şizofreniya, diaqnostikası və müalicəsi
- Posttravmatik stress pozuntusu, diaqnostikası və müalicəsi
- Obsesiv kompulsiv pozuntu və əlaqədar pozuntular, diaqnostikası və müalicəsi
- Şəxsiyyət pozuntuları
- Diqqət əskikliyi və hiperaktivlik pozuntusu
- İnternet və oyun asılılığı
- Bipolyar affektiv pozuntu
- Cinsi meyl pozuntuları
- Psixoterapiya anlayışı
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 24 cü maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na əsasən tənzimlənir.