Düşüncə xətaları

Hadisələrin özü deyil, onları yorumlama şəklimiz hislərimizə təsir edir. Çox kiçik şeyləri özünə böyük dərd edən insanlar da var, çoxlarının pis olacağı situasiyalarda normal əhval – ruhiyyəsini qoruyan insanlar da. Ona görə də, hadisələri yorumlama və onlar haqqındakı düşüncələrimizə diqqət etməliyik. Bəzən düşünərkən müəyyən xətalar edirik. Biz buna düşüncə xətaları deyirik. Hansı düşüncə xətalarını edirsiniz?

  1. Ümumiləşdirmə. Bir şey haqqında ümumi fikir demək doğru bir şey deyil.

– Bütün kişilər xəyanətkardı.
– Heç kim məni başa düşmür.
– Həmişə pis insanlar qarşıma çıxır.
– Əlimdən heç bir iş gəlmir.

Həyatda heç nə bu qədər ümumi ola bilməz. Sözsüz ki, xəyanət etməyən kişilər, qarşınıza çıxan yaxşı insanlar, bacardığınız işlər və sizi anlayan insanlar var. Həyatda heç nə bu qədər ümumi ola bilməz.

2. Fəlakətləşdirmə. Bu, ola biləcək ən pis ehtimalı düşünməkdir. Adətən bu fikirlər “birdən”, “görəsən”, “bəlkə” tipli sözlərlə düzəlir.

– Birdən bu iş alınmadı?
– Əgər imtahandan kəsilsəm, mən batdım.
– Görəsən, onun başına nəsə bir iş gəlməyib?

Bir şey olmadan o haqda düşünüb, narahat olmaq mənasızdır. Əlbəttə, riskləri düşünüb, tədbirlər ala bilərsiniz. Amma, narahat olmağa ehtiyac yoxdur. Araşdırmalar göstərir ki, qorxularımızın 83 faizi başımıza gəlmir. Əgər, qorxduğunuz şey başınıza gəlməyəcəksə, bu o deməkdir ki, boş-boş narahat oldunuz, özünüzə zülm etdiniz. Başınıza gələndə isə onsuz da pis olacaqsınız. Hələ olmamış pis olaraq pis olma müddətini artırmağın bir mənası yoxdur.

3. Fikir oxuma. Bu zaman siz elə danışırsınız ki, sanki insanların fikirlərini oxuya bilirsiniz.

– İşə gecikdim, müdürüm məsuliyyətsiz olduğumu düşünür.
– Filankəs mənə qəribə baxırdı, nəsə pis bir şey düşünür haqqımda.
– Dostum mənim fikirlərimin mənasız olduğunu düşünür.

Bu cür fikirlər mənasızdır. Çünki, sizin fikir oxuma gücünüz yoxdur. Çox narahat edirsə, gedin həmin insanın özü ilə danışın, day öz-özünüzə əzab verməyin.

4. Falçılıq. Bu fikirlər gələcəklə bağlı fikirlərdi.

– Bu iş alınmayacaq.
– İmtahandan kəsiləcəm.
– Məndən adam olmayacaq.
– Yaxşı ana ola bilməyəcəm.

Nə bilirsiniz? Falçısınız siz? Gələcəyin necə olacağını bilə bilməzsiniz. Təxminlərinizdən bu qədər əmin olmaq doğru bir şey deyil.

5. Ağ-qara düşünmək. Bu, nəyisə dəyərləndirərkən iki qütbdə düşünməkdir. Bir şey ya yaxşıdır, ya da pis. Ya bir işi tam etməliyəm, ya da heç etməməliyəm. Bunlar mükəmməlliyətçi düşüncələrdir. Halbuki, dünyada mükəmməl və bərbad deyə bir şey yoxdur. İnsanlar və hadisələr həm yaxşı, həm də pis xüsusiyyətlərin sahibidirlər.

6. Emosional nəticə çıxarmaq. Bu, hislər əsasında nəticə çıxarmaqdı. Bir nəticəyə gəlmisiniz və bunun tək səbəbi odur ki, elə hiss edirsiniz. Ürəyinizə elə damıb. Heç elə şey olar? Hislər bir çox hallarda yanıldıcı ola bilir. Sübut və məntiq əsaslı düşünmək lazımdır, hislər əsaslı yox.

7. Tez nəticə çıxarmaq. Bəzən bir nəticə çıxarırsınız, amma bu nəticə üçün sübut çox azdır.

– Dostum telefonu açmadı, deməli mənlə danışmaq istəmir.
– Sevgilim ad günümü unutdu, deməli məni sevmir.
– Bu işdə uğursuz oldum, deməli əlimdən bir iş də gəlmir.

Bu qədər az sübutla belə nəticələrə tullanmaq məntiqli bir şey deyil.

8. Etiketləmə. Özünüzə və ya başqa insanlara aid mənfi sözlər deyirsiniz.

– Mən bacarıqsızam.
– O kobuddur.
– Mən axmağam.
– Mən tənbələm.
– Mən məsuliyyətsizəm.

Heç bir insan bacarıqsız, kobud, tənbəl, axmaq, məsuliyyətsiz və başqa bir şey ola bilməz. Tənbəlcə və bacarıqsızca nələrsə edə bilərsiniz, amma tamamilə bacarıqsız və tənbəl ola bilməzsiniz. Bu sözlər hansısa andakı davranışlarınıza aid ola bilər, sizə yox.

9. Malı-məli düşüncələr. Bunlar, həyata qarşı həddindən artıq tələbkar fikirlərdir.

– Mənə haqsızlıq olunmamalıdır.
– Səhv etməməliyəm.
– Bu şey mənim başıma gəlməməliydi.

Niyə? Harda yazılıb bunlar? Kim aldadıb sizi? Dünyada haqsızlıq, səhvlər və pis hadisələr var. Hər birimiz bunları yaşayırıq. Siz niyə yaşamamalısınız? Bizdən fərqiniz nədir? Dünyada bu cür qanunlar yoxdur, təəssüf ki. Yanlış gözləntilərə girməyin.

10. Şəxsiləşdirmə. Bilavasitə, sizinlə əlaqəsi olmayan şeylərdən özünüzə pay çıxarmaq da şəxsiləşdirmə xətasıdı.

– Uşağım dərsini zəif oxuyur, deməli mən pis anayam.
– Oğlumun işi alınmadı, mən ağzımı nəhs açdım deyə oldu.
– Boşanmağımızdakı bütün günah mənimdir.

Bunlar şəxsiləşdirmədi. Əlaqəsiz şeylərdən özünüzə yük götürərək, boş-boşuna özünüzü incidirsiniz.

Artıq irrasional düşüncələrdən azad olmaq vaxtıdır.

Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşı, klinik-tibbi psixoloq, Fuad Əsədov

Son məqalələr

Online Qeydiyyat