Koqnitiv Davranış Terapiyası nədir?

Psixoterapiyanın ən böyük nailiyyətlərindən biri məhz Koqnitiv Davranış Terapiyasıdır. Orijinal adı Cognitive Behavioural Therapy (CBT) olan bu terapiya dünyada elmi yolla effektivliyi ən çox sübut olanan psixoterapiya növüdür.
Koqnitiv Davranış Terapiyası insanların düşüncə, hiss və davranışları arasında bir əlaqənin mövcud olduğunu iddia etməkdədir. İnsanları narahat edən yaşadıqları hadisələr deyil, həmin hadisələr haqqındakı düşüncələridir. İnsanlar başlarına gələn hadisələri və içinə düşdükləri şəraitləri müxtəlif cür dəyərləndirə bilərlər. Kimisi üçün normal olan bir vəziyyət, başqası üçün dözülməz və ya yaxşı bir şey ola bilər. Beləliklə, insanın özünü yaxşı və ya pis hiss etməsi də düşüncələrindən asılı olmuş olur. Hislər, bədənin düşüncələrə verdiyi reaksiyalardır. Sevgilisindən ayrılan bir gənc bu hadisə ilə bağlı müxtəlif cür düşünə bilər.

  • Artıq heç kimə güvənməyəcəm. Mənim sevgi həyatım bitdi.
  • Hamısı mənim üzümdən oldu. Bütün günah məndədir.
  • Oh, canım qurtardı. Onsuz da, son vaxtlar sadəcə dalaşırdıq.

Sözügedən gənc birinci halda özünü depressiv, ikinci halda günahkar, üçüncü halda isə rahatlamış hiss edəcək. Göründüyü kimi, insanların nə hiss etdiyi düşüncələrindən asılıdır. Məsələn, kimsə sizin üstünüzə qışqırdığı üçün əsəbləşə bilməzsiniz, onun bunu etməyə haqqının olmadığını düşündüyünüz üçün əsəbləşərsiniz.
Eyni şəkildə, insanların davranışları və bədən reaksiyaları da düşüncələr əsasında formalaşmaqdadır. İnsanlar nəyi etməli olduqlarını düşünürlərsə, onu edirlər. Yuxarıdakı misalı bir daha istifadə edək. Kimsə, sizin üstünüzə qışqırdığı üçün onunla dalaşmırsınız, onun cavabını vermək lazım olduğunu düşündüyünüz üçün onunla dalaşırsınız. Bədən reaksiyalarına gəldikdə isə yəqin ki, hər kəs bunu müşahidə edib. Bəzən sizi həyəcanlandıran məsələləri düşünərkən ürəyinizdə sıxılma hiss edirsiniz. Ya da kədərə səbəb olacaq düşüncələr zamanı belinizdə ağrılar hiss edə bilərsiniz.
Göründüyü kimi insanların narahatlıqlarının səbəbi düşüncələr olduğu üçün Koqnitiv Davranış Terapiyası zamanı psixoloqlar düşüncə dəyişiminə fokuslanırlar. Bir gün ərzində insanın ağlından minlərlə düşüncə keçir. Bu düşüncələrin bir qismi insana kədər, təşviş, utanc, əsəb, məyusluq, ümidsizlik, günahkarlıq və s. kimi mənfi hisləri yaşada bilər. Bu sahədə aparılmış elmi tədqiqatlar göstərir ki, bu tip düşüncələrin əksəriyyəti irrasionaldı. Yəni, bu düşüncələr məntiqi əsasa ya da sübuta söykənmirlər. Bunları düşünmək insana heç bir fayda vermir və eyni zamanda bu düşüncələr reallığı doğru əks etdirmirlər. Dolayısıyla, Koqnitiv Davranış Terapiyasını tədbiq edən psixoloqun əsas vəzifəsi insanlara daha rasional düşünməyi öyrətməkdir.
Koqnitiv Davranış Terapiyası zamanı psixoloq ona müraciət edən şəxslə əməkdaşlıq münasibətinə girir. Burda hər iki tərəfin müəyyən öhdəlikləri vardır. Psixoloq qarşı tərəfə öz terapiyasının əsas müddəalarını, düşüncələri tutmağı və analiz etməyi öyrədir. Eyni zamanda da, bütün bu proses boyunca psixoloqa müraciət edən şəxsin ev tapşırıqları olur. Bu ev tapşırıqlarını əməl etmək zəruridir və qeyd etmək lazımdır ki, ev tapşırıqları olmadan Koqnitiv Davranış Terapiyası olmaz. İnsan öz psixoloji narahatlıqlarından terapiya otağında qurtulmur, terapiya otağında öyrəndiklərini real həyatda tətbiq edərkən qurtulur.
Koqnitiv Davranış Terapiyasında psixoloq məsləhət verməz, öz fikirlərini bölüşməz. Tapılan həll yolları müraciət edən şəxslə birlikdə aparılan analizlərin nəticəsində aşkarlanır. Bu terapiya insana həm düşüncələri üzərində söz haqqı qazandırır, həm də praktik və bütün həyatı boyu istifadə edə biləcəyi bacarıqlar qazandırır.
Dünyanın ən effektiv terapiyası olan Koqnitiv Davranış Terapiyası aşağıdakı problemlərdə tədbiq olunur.
Təşviş pozuntuları
Depressiya
Obsesiv-Kompulsiv pozuntu
Panik pozuntusu
Yemə pozuntuları
Diqqət əskikliyi və hiperaktivlik
Post-travmatik stress pozuntusu
Bipolyar Affektiv pozuntu
Cinsi pozuntular
Somatoform pozuntuları
Maddə asılılığı
Yuxu pozuntuları
Davranış pozuntusu
Şəxsiyyət pozuntuları
Bədən dismorfobik pozuntu
Psixotik pozuntular

Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşı, klinik-tibbi psixoloq, Fuad Əsədov

Online Qeydiyyat