Fədakarlığı fəda etmək

Bəzi insanlar var ki, həmişə ətraflarındakı insanlara kömək etmək və onları nədənsə xilas etməyə çalışırlar. Bunu o qədər çox edirlər ki, zamanla özlərini unudurlar və tükənirlər. Bu insanları həmişə kiməsə məsləhət verərkən və kimisə qurtarmağa çalışarkən görə bilərsiniz.
Buna psixologiyada “qurtarıcı kompleksi” deyilir. Bəlkə inanmayacaqsınız, amma bu davranış bir çox hallarda narsistlikdən qaynaqlanır. Çünki, qurtarıcı rolunu oynamaq özündə “sənin üçün ən yaxşısını mən bilirəm” inancını daşıyır. Unutmaq lazım deyil ki, bu yaxşı və pis anlayışı nisbidir. Sizin üçün, hətta cəmiyyətin əksəriyyəti üçün yaxşı olan bir şey qarşı tərəf üçün pis ola bilər. Məsələn, çox maaşlı amma sevmədiyi işlə, az maaşlı sevdiyi iş arasında qalan adamı fikirləşin. Böyük ehtimalla, çox adam çox maaşlı işi seçməsini tövsiyə edər. Amma, bu adam üçün bu seçim onu pis hiss etdirəcək seçim ola bilər. İnsanların hər biri fərddir.
Qurtarıcı kompleksinin qaynaqlarından biri də uşaq vaxtı özünü tənha və dəyərsiz hiss etməkdir. Ola bilsin ki, uşaq vaxtı çox məsuliyyət götürməli olmusunuz. Balaca uşaqlara baxmaq, ananı atadan qorumaq, evə pul qazanmaq və s. kimi. Nəticədə, “dəyərli hiss etmək üçün kiməsə kömək etməliyəm” kimi bir inancınız formalaşıb. Başqalarını qurtarmağa çalışmaqla əslində öz eqonuzu bəsləyirsiniz. Bu da qarşı tərəf üçün bezdirici ola bilər.
Ümumiyyətlə, qurtarıcı rolu oynamaq effektiv deyil. Çünki, bu qarşı tərəfi tənbəlləşdirir. Hər kəs bu həyatda öz məsuliyyətini özü götürməlidir. Siz sizdən kömək istəməyən birinə kömək edə bilməzsiniz. Hətta, kimsə sizə dərdini danışanda, o dəqiqə kömək etməyə və məsləhət verməyə çalışmayın. Onun özündən soruşun. Sənə necə kömək edə bilərəm?
Unutmayın, özünüzü düşünmək eqoistlik deyil. Əlbəttə, özünüzü düşünməyə haqqınız var. Beyhan Budak demiş, başqa bir insanı qurtara bilməzsiniz, insanlar özləri-özlərini qurtararlar.
Amma bəzi insanlar özlərini qurtarıcı rolunu oynamaqdan, ya da fədakarlıq etməkdən uzaqlaşdıra bilmirlər. Bu yerdə sizə 52 yaşlı Vaqif haqqında danışmaq istəyirəm. ( Şəxsi məlumatlar şərtidir) Vaqif həyatı boyu başqalarının qayğısına qalmağı özünə borc bilib. Uşaqlıqdan bəri fədakar bir xarakteri olub. Özünü ən sonda düşünür. Qohumlardakı bütün problemlərə Vaqif çatır. İşlədiyi universitetdə digər müəllimlərin də işini tez-tez öz üstünə götürür. Üç qardaş olmaqlarına baxmayaraq, valideynlərinin qayğısına sadəcə Vaqif qalır. Terapiyaya müraciət edərkən ilk sözü bu olmuşdu.

– Yorulmuşam Fuad bəy. Hər kəsə yetişməkdən çox yorulmuşam.

Qəribəsi burasındadır ki, ətrafdakı hər kəs də hər şeyi Vaqifdən gözləyirdi. Başqaları heç nə etmədiyi halda onlara heç bir şey demirdilər. Amma Vaqif nəyisə etməyəndə ondan inciyirdilər. Vaqifdən terapiyaya gəlmək məqsədinin nə olduğunu soruşanda belə dedi:

– Artıq, insanlara yox deməyi öyrənmək istəyirəm. Amma eyni zamanda da onlarla münasibətim pozulmasın.

Fədakarlıq adətən uşaqlıqdan öyrənilən bir davranış forması olur. Bu cür insanlarda empatiya güclü olduğundan başqalarının problemlərinin öz problemləri kimi qəbul edirlər. Nəticədə, ətrafdakı insanlar da bu cür insanlara zaman keçdikcə daha çox yüklənirlər. Bu, bir müddət sonra çox yorucu olur. Fədakar insanlar bu yükün altından çıxmaq istədikdə, “başqaları inciyər” deyə narahat olurlar. Ona görə də, könülsüz də olsalar fədakarlıq etməyə davam edirlər. Nəticədə, öz həyatlarını yaşaya bilmirlər. Bu cür insanlarda həmişə güclü əsəb müşahidə olunur.
Unutmaq lazım deyil ki, siz birinci özünüzü xoşbəxt etməlisiniz. Özü xoşbəxt olmayan insan başqalarına fayda verə bilməz. Siz bu dünyaya kimisə xoşbəxt etmək üçün gəlməmisiniz. Xoşbəxt olmaq başqalarının haqqı olduğu qədər, sizin də haqqınızdı. Bu o demək deyil ki, eqoist olmalıyıq və sadəcə özümüzü düşünməliyik. Əsla. Amma insan aldığından çox verməməlidir eyni zamanda. Başqalarına “Yox” deməyi öyrənin. Sizdən bir şey istədiklərində yorğun olduğunuzu, məşğul olduğunuzu ya da bu şeyi etmək istəmədiyinizi deməkdən çəkinməyin. Zamanla digərləri də sizi anlayacaq. Təbii ki, başqaları ilə sərt də danışmayın. ” Əl çək məndən. Nə qədər şey istəyirsən. Eləmirəm, yaxşı edirəm. Mən haqlıyam, sən haqsız” kimi şeylər deməyin. Bunlar mübahisə yaradacaq. Çünki ” mən haqlıyam, sən haqsız” cümləsi mübahisəyə açıqdır. Qarşı tərəf sizə “yox, sən haqsızsan” deyə bilər. Ona görə də, hislərinizi ifadə edin. ” Məndən bu qədər çox şey tələb edəndə özümü narahat hiss edirəm” deyə bilərsiniz. Bu zaman heç kim sizə ” yox, narahat hiss etmirsən” deməz.
Belə-belə fədakarlıq döngüsündən çıxa bilərsiniz.

Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşı, klinik-tibbi psixoloq, Fuad Əsədov

Son məqalələr

Online Qeydiyyat