Koqnitiv Davranış terapiyasının əsas prinsipləri

Koqnitiv Davranış Terapiyasının bir neçə prinsipi mövcuddur. Bu prinsiplər irrasional və rasional düşüncələrə fokuslanır. Hər hansı bir düşüncəyə irrasional deyə bilmək üçün onun üç kriteriyadan heç olmasa birinə cavab verməsi lazımdır. 

– Məntiqi əsasının olmaması

– Doğruluğuna dair sübutların olmaması 

– Faydasız olması

Koqnitiv Davranış Terapiyasının prinsipləri aşağıdakılardır:

1. İnsanları hisləri düşüncələr əsasında yaranır. Yəni, nəyi düşünürüksə, onu da hiss edirik. İnsanlar və hadisələr bizə yaxşı və ya pis hiss etdirə bilməz. Bunları insanın özü özünə edir. Həyatımızda baş verən hadisələri necə anlamağımız, onları necə dəyərləndirməyimiz, onlara necə məna verməyimiz və onlar haqqında nələr düşündüyümüz önəmlidir. Çünki, hislərimiz məhz bunların əsasında yaranır. 

2. Bizə əzab verən neqativ hisslər irrasional düşüncələrin məhsuludur. Bu cür neqativ emosional hallar və psixopatalogiyalar məhz məntiqli olmayan düşüncələrini məhsuludur. İnsanlar düşüncələrində real olmayan gözlənti və tələblər, həddən artıq fəlakət ssenariləri, vəziyyəti doğru dəyərləndirməyib həddən çox şişirtmə və ya kiçiltmə etdikləri üçün özlərini pis hiss edirlər. 

3. İnsanlar onları narahat edən hislərdən qurtulmaq istəyirlərsə, yaxşı olar ki, öz düşüncələrini analiz etsinlər. Əgər, bu düşüncələrin irrasional olduğu aşkar edilərsə, yaxşı hiss etmək bu düşüncələri dəyişmək lazım olacaq. 

4. İrrasional düşüncələrə və psixopatalogiyalara genetika və sosial mühit də təsir edir. İrsi olaraq bəzi insanlar irrasional, yaxud da rasional düşünməyə meylli ola bilər. İrrasional düşünmək mentalitetin də təsiri ilə ola bilər. Ümumiyyətlə, insanlar təbiət etibarilə məntiqi yox, emosional düşünməyə meyllidirlər. Bunun ən böyük sübutu odur ki, irrasional düşüncələrə çox tez-tez rast gəlmək mümkündür. Amma, eyni zamanda rasional düşünmək insanın özü tərəfindən inkişaf etdirə biləcəyi bir bacarıqdır.  

5. Hislər iki qrupa bölünür. Sağlam və sağlam olmayan hislər. Bu, sağlam hislər pozitiv, sağlam olmayan hislər neqativ hislərdir mənasına gəlmir. Hislər sağlam və neqativ də ola bilərlər. Məsələn, peşmançılıq hissi neqativ hiss olsa da amma insanın səhvlərini görməsi və peşman olması inkişaf üçün önəmlidir. Ona görə də, peşmançılıq sağlam neqativ hisdir. Sağlam hislər insanın inkişafına təkan verən faydalı hislərdir, amma sağlam olmayan hislər insana zərər verir. 

6. Koqnitiv Davranış Terapiyasında irrasional düşüncələrin necə formalaşması çox önəmli deyil. Bu düşüncələr genetik, sosial və ya psixoloji qaynaqdan gələ bilər. Amma bunlar çox da önəmli deyil. Önəmli olan insanın bu irrasional düşüncələri davamlı olaraq özünə təkrar etməsi və bunlara inanmasıdı. Ona görə də, Koqnitiv Davranış Terapiyasında psixoloqa müraciət edən şəxslərin irrasional düşüncələrinin çürüdülməsi önəmlidir. 

7. Dəyişikliklər asan olmasa da mümkündür. İrrasional düşüncələr rasional düşüncələrə çevrilə bilər. Bunun üçün insan öz düşüncələrini tutmağı bacarmalı, analiz etməli və irrasional düşüncələri rasional düşüncələrə çevirə bilərlər. 

Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşı, klinik-tibbi psixoloq, Fuad Əsədov

Son məqalələr

Online Qeydiyyat