Koqnitiv Davranış Terapiyasına dair tənqidlər

Koqnitiv Davranış Terapiyası insanları narahat edən hislərin onların düşüncələrindən qaynaqlandığını iddia edir. Neqativ hislərə səbəb olan düşüncələr irrasionaldır və terapiyanın məqsədi də irrasional inancları və düşüncələri rasional düşüncələrlə əvəz etməkdir.
Bu nöqtədə bəzi insanlar tərəfindən Koqnitiv Davranış Terapiyası yanlış anlaşıla bilər. Bu yanlış anlamaları isə bəzi tənqidi fikirlərə yol açmaqdır. Bu yazıda həmin tənqidi fikirləri analiz etməyə çalışacağıq.
Bəzən insanlar Koqnitiv Davranış Terapiyasının hislərə önəm vermədiyini və insanı tamamilə rasional düşünən, hissiyatsız hala gətirməyə çalışdığını deyir. Əsla, belə deyil. Biz Koqnitiv Davranış Terapiyası ilə məşğul olan psixoloqlar hislərə çox önəm veririk və insanın hissiyatsız robot olmasının da tərəfdarı deyilik. Koqnitiv Davranış Terapiyasında dəyişmək istədiyimiz hislər sağlam olmayan, neqativ hislərdir. Hansı ki, bu hislər insanın həyatına mənfi təsir edir və onun normal inkişafına mane olur. Lakin, bütün neqativ hislər dəyişməlidir deyə bir şey yoxdur. İnsan bəzi neqativ hisləri yaşamalıdır ki, özü üçün faydalı nələrsə edə bilsin. Sürətlə sizə yaxınlaşan maşını görərkən qorxu hiss etməsəniz, həyatınızı qurtarmaq üçün kənara çəkilməzsiniz. Ya da bir səhv edərkən peşman olmasanız, o səhvdən dərs də götürə bilməzsiniz.
Bundan əlavə, bəzi insanlar iddia edir ki, Koqnitiv Davranış Terapiyası sadəcə intellektual və təhsilli insanlar üçündür. Əslində, bu doğru deyil. Bu terapiyanın modeli əslində hər kəsin anlayacağı qədər bəsitdir və sadədir. Təhsilindən və intellektindən asılı olmayaraq inanırıq ki, Koqnitiv Davranış Terapiyasının məntiqini və fəlsəfəsini hər kəsə öyrətmək mümkündür. Hər kəsə uyğun və özünəməxsus tərzdə izah edilərsə, bu terapiyanın xüsusi anlaşılmayan tərəfi qalmaz.
Son olaraq isə Koqnitiv Davranış Terapiyası bütün dünyada özünü sübut etmiş, effektivliyi elmi metodlarla ən çox sübut olunan terapiyadı. Əvvəllər sağalmaz hesab edilən Şizofreniya, Psixoz kimi psixoloji pozuntuların belə Koqnitiv Davranış Terapiyası ilə müalicəsində ümid verici nəticələr əldə edilir. Bu terapiyanın bir çox pozuntuların terapiyasında dərmanlardan daha yaxşı təsir göstərdiyi elmi olaraq sübut edilmişdir. Hətta Zürix universitetində aparılan tədqiqatlar göstərir ki, Koqnitiv Davranış Terapiyası alan şəxslərin beyinlərində müsbət inkişaf yönündə dəyişikliklər müşahidə olunur.

Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşı, klinik-tibbi psixoloq Fuad Əsədov

Son məqalələr

Online Qeydiyyat