Uşağın və uşaqlığın ehtiyacları

Yəqin ki, hər biriniz uşaqlıq dövründə yaşadıqlarımızın bütün həyatımıza təsir etdiyini eşitmisiniz. Aqressiya görən uşaq böyüyəndə də aqressiv olur, itaət etməyə məcbur edilən uşaq həyatı boyu itaətkar olur, çox kontrol olunan uşaq hər zaman başqa insanların onu kontrol etməsinə icazə verir. Demək olar ki, yetkinlik dövründə yaşanılan bütün problemlər uşaqlığın təsiridir. Sanki, müəyyən seçimləri edərək eyni problemləri yaşamağı uzadır insan.

Bu fikrə o qədər qulağımız alışıb ki, artıq adi bir şey kimi gəlir bizə. Amma bu məsələdə bir tərslik var. Niyə belə olur ki? Bir insan niyə əziyyət çəkdiyi bir şeyin davam etmə müddətini uzatsın ki? Niyə uşaqlıqdan gələn əzabları bitirmək və daha yaxşı həyat yaşamaq bu qədər çətindir?

Çünki, düşüncələriniz müəyyən şablonlara və qəliblərə uyğundur. İtaət etməyə öyrəşmiş bir insan, bu ona əzab versə də, itaət etməyə davam edir. Fədakarlıq etməyə öyrəşmiş bir insan, bu ona zərər versə də fədakarlıq etməyə davam edir. Bu siyahını uzada bilərəm, amma siz nə demək istədiyimi anladınız. İnsanlar ona görə belə edirlər ki, buna öyrəşiblər. Buna vərdiş ediblər. Və düşünürlər ki, elə bu cür də olmalıdır. Əks variantı heç ağıllarına gətirə bilmirlər. İndiyədək etmədikləri bir şeyi edərkən nələr olar, bu müəmmalıdır. Hətta bir çox insana indiyədək düşündüyü ya da yaşadığı tərzin əks variantını təklif edəndə, əsəbləşir. Çünki, bu haqda düşünmək dünyanın onların heç təsəvvür etmədiyi kimi bir yer halında olduğu ehtimalını qəbul etməkdir. Və əsasən həyat insanların düşündüyü qədər pis bir yer olmur. Bunu hər seansda görürük. Amma insanların dünya haqqında müəyyən təsəvvürlərə sahib olmağın verdiyi hiss daha çox xoşuna gəlir. Müəyyən təsəvvürlərə sahib olmaq daha güvən dolu bir hiss bəxş edir. Ona görə də bu təsəvvürlər onları incitsə belə, yenə də bunu seçirlər. Bəli, pis hiss etmək sadəcə bir seçimdir. Sizdən asılı deyil bəlkə də. Amma seçimdir. Ona görə də, dünya və həyat haqqında beyninizdə nələrsə keçəndə, özünüzə bunu deyin. Bəlkə də, elə deyil?
Uşağın ailədən gördüklərinin bütün həyatına necə təsir etdiyini bildiyimiz üçün daha önəmli bir məsələyə keçə bilərik. Gəlin, bu suala cavab verək. Bir uşağın nəyə ehtiyacı var?

  1. İlk növbədə bir uşağın təhlükəsizliyi hiss etməyə ehtiyacı var. Xüsusilə çox döyülən uşaqlar həmişə özlərini təhlükədə hiss edirlər. Çünki, sevdikləri insanlar onları incidir və onlar heç yerə gedə bilmirlər. Uşağın sabit ailəyə ehtiyacı var. Valideynlər uşağa həm fiziki, həm də mənəvi dəstək ola biləcək məsafədə olmalıdırlar. Uşaq özünü narahat hiss edəndə bunu valideynləri ilə bölüşə bilməlidir. Ona görə də, valideynlərin də bir-biri ilə yaxşı yola getməyi lazımdır. Uşaq vaxtı bu tələbat ödənməyəndə, insan həyatı boyu insanlara güvənmir və psixoloji rahatlığı üçün çox az şey edə bilir. Bu tip insanların xüsusilə dostluq və sevgi həyatları sıxıntılı olur.
  2. Valideynlərdən sevgi, şəfqət və empatiya görmək də uşaq üçün son dərəcə önəmlidir. Bəzi valideynlər başları sakit olsun deyə uşaqlarının əllərinə telefon, planşet verir və özləri heç maraqlanmırlar. Bu tip uşaqlar yetişkin həyatlarında da insanlara bağlanmaqda çətinlik çəkirlər.
  3. Bir uşağın valideynləri tərəfindən müstəqil yaşamaq bacarığını inkişaf etdirilməsinə ehtiyac var. Bu o deməkdir ki, siz valideynlərinizin olmadan da müəyyən şeylər edə bilirsiniz. Əgər, ailəniz sizə tək başınıza nələrisə bacarmağı öyrədibsə, sizə uşaq olarkən müəyyən məsuliyyətlər veribsə, sizə cəsarətli olmağı, analiz etməyi və özünüzü müdafiə etməyi öyrədibsə, nə xoş sizə. Amma əgər həddən artıq qoruyucu bir ailədə böyümüsünüzsə, valideynləriniz sizin yerinizə hər işinizi görübsə, sizə azadlıq verməyibsə, o zaman bu gün də azad yaşamaqda çətinlik çəkir və bir valideyn fiquruna ehtiyac duyursunuz. Qoruyucu valideynlərin niyyətləri yaxşı olsa da, uşaqlarının yetişkin həyatını məhv edirlər.
  1. Uşaqların ən böyük ehtiyaclarından biri özgüvəndir. Amma tənqidçi valideynlər var. Onlar uşaqlarının hər zaman tənqid edir və onlardan daha yüksək nəticələr gözləyirlər. Bu tip valideynlərin xoşuna gəlmək mümkün deyil, çünki onlar üçün daima “daha yaxşısı” var. Onlar sizin sadəcə qüsurlarınızı görürlər. Uşaqlarsa qüsurlu olduqlarına çox tez inanırlar və düşünürlər ki, ailələri onları sevmir. Belə uşaqlıq keçirən insanlarda böyüyəndə də özgüvən problemi görünür.
  2. Uşaq özünü ifadə etməlidir və valideynlər onu dinləməlidir. Amma bir çox hallarda valideynlər uşaqlarının onların istəklərinə boyun əyməsini istəyir. Düşünürlər ki, bu tərbiyədi. Uşaqlarını daima öz istəklərinə uyğun yönəldirlər. Belə ailələrdə uşaqların istəkləri ciddiyə alınmır. Uşaq da valideynlərinin istəklərinə uyğun yaşayır və onları məyus etməmək üçün öz istəklərini unudur, valideynlərə boyun əyirlər. Bu, bir növ valideynlər tərəfindən uşaqların istifadə olunmasıdır. Bu olduqca böyük bir problemdir. Çünki, bu tip insanlar həyatları boyunca valideynlərinə, müdürlərinə, həyat yoldaşlarına boyun əyirlər. Nəticədə, öz istəkləri olmur, həyatları boyunca əsəbi və sıxıntılı olurlar.
  3. Bir valideynin uşağına öyrədə biləcəyi ən dəyərli şey real limitlərdi. Bəzi valideynlər övladlarını çox ərköyün yetişdirirlər, uşaq nə istəsə onu edirlər, onu bütün məsuliyyətdən və nizam intizamdan azad edirlər. Bu tip uşaqlar ağlamaqla istədikləri hər şeyə çatırlar. Nəticədə, böyüyəndə də sadəcə öz istəklərini nəzərə alır, başqalarını düşünmür və intizamlı hərəkət eləmirlər. Nəticədə, həm sosial həyatları, həm də iş həyatları təhlükəyə girir. Buna səbəb olan başqa bir amil də var. Bəzi valideynlər uşaqlarını çox tənqid edir və onlara özlərini dəyərsiz hiss etdirirlər. Nəticədə, bu uşaqlar böyüyəndə dəyər duyğularını qazanmaq üçün sadəcə özlərini düşünür, öz istəklərini və hislərini hər şeydən üstün tutaraq özlərini məmnun etməyə çalışırlar. Ona görə də intizamsız olurlar. Çox siqaret çəkir və çox içirlər. Narsistlər adətən real sərhədləri tanımayan uşaqlar arasından çıxır.

Ona görə də uşaqlarınıza təhlükəsizlik, sevgi, azadlıq, özgüvən hislərini verin, onların istəklərini nəzərə alın və onlara həyatın real sərhədlərini öyrədin.

Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşı, klinik-tibbi psixoloq, Fuad Əsədov

Online Qeydiyyat