Psixologiyada Obsessiv Kompulsiv Pozuntu deyilən bir problem mövcuddur. Bu pozuntudan əziyyət çəkən insanlarda narahat edici və heç bir şəkildə qurtula bilmədikləri düşüncələr olur. Amma, beyninizdə olan hər narahat edici düşüncə obsessiya demək deyil. Bəzən, insanlar özlərinə obsessiv kompulsiv pozuntu diaqnozu qoyurlar, amma əslində obsessiyalı olmurlar. Ona görə də bu yazımızda obsessiyanın digər narahat edici düşüncələrdən 5 fərqini yazacam.
- Obsessiv düşüncələr beyində birdən birə və qeyri-iradi olaraq ortaya çıxırlar.
- Obsessiv düşüncələr ciddi bir şəkildə narahatlıq verir və tamamilə istənməyən olurlar.
- Obsessiyalı insanlar bu düşüncələrdən qurtulmağa çalışır və bəzən bunun üçün mənasız rituallar edirlər. Məsələn, İnstitutumuza müraciət edən bir şəxs imtahana gedəndə həmişə kəsiləcəyi düşüncəsinə sahib olurdu və bunun üçün ona uğur gətirəcəyinə inandığı daşı cibində daşıyırdı.
- Obsessiv düşüncələr insanın zehnini elə ələ keçirir ki, insana elə gəlir ki, düşüncələrinə kontrol etmək qabiliyyətinə malik deyil. Belə insanlar tez-tez aşağıdakı kimi cümlələr işlədirlər. ” Sanki beynimdə biri var və ağlıma belə fikirlər salır “
- Obsessiv düşüncələr eqo distonikdirlər.Yəni, sizin real xarakter və şəxsiyyətinizə zidd olan düşüncələrdir. Məsələn, psixoterapiya üçün bizə müraciət etmiş bir şəxs deyirdi ki, tez-tez ağlıma belə bir şey gəlir ki, görəsən uşağımı pəncərədən çölə atmaram ki? Təbii ki, atmaz. Həmin insan əslində çox şəfqətli və sevgi dolu ana idi. Sadəcə obsessiyası belə idi və bütün obsessiv düşüncələr kimi bu düşüncə də onun xarakterinə zidd idi.
Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşı, klinik psixoloq Fuad Əsədov