Dünyada olan heç bir dil və heç bir söz insanın daxili dünyasını təsvir edə bilməz. Biz sözlərlə içimizdəkiləri və hislərimizi ifadə edirik. Amma, bu əslində tam şəkildə ifadə deyil. Biz sözlərin vasitəsilə özümüzü sadəcə maksimum dərəcədə ifadə edə bilərik. Raymond Digiuseppenin çox yaxşı bənzətməsi var. Deyir ki, sözlər xəritə kimidir. Bir xəritə nə qədər detallı olursa olsun, həmişə təmsil etdiyi bölgənin bəzi hissələrini göstərə bilməyəcəkdir. Bu həqiqətən də belədir. Məsələn, deyirik ki, yarpaq yaşıldır. Bu cümlədən belə bir məna çıxır ki, yaşıl rəng yarpağın əsas xüsusiyyətidir. Amma qaranlıqda yarpağın yaşıl rəngini görmürük, ya da göy eynək taxsaq yarpağı sarı görəcəyik. Arılar üçün yarpaq yaşıl rəngdə deyil. Üstəlik, yarpaqlar sarı və qırmızı rəngdə də ola bilir. Gördüyünüz kimi, “yarpaq yaşıl rəngdə olur” deyərkən, bir çox həqiqəti görməzdən gəlirik. Təbii ki, bu misalda biz heç nə itirmirik. Amma, sözləri insanlara tətbiq edərkən, bu bizim psixologiyamıza təsir edir. Məsələn, “mən axmaq insanam” deyə düşünən bir insan fikirləşin. Bu cümlədə axmaqlıq həmin şəxsin xarakterinin ayrılmaz bir parçası kimi görünür. Amma, əslində heç kim axmaq deyil. İnsanın səhv və ya axmaqlıq etdiyi anlar ola bilər. Düzəldə bilmədiyi səhvləri də olmuş ola bilər. Amma, bu onun hər zaman axmaq olduğu mənasına gəlməz. Özünüzə hansı sözü aid edirsiniz edin, heç vaxt o sözün təmsil etdiyi mənanı həmişə daşıya bilməzsiniz. “Mən bacarıqsızam” deyə bilərsiniz, amma əslində hər zaman bacarıqsız deyilsiniz. “Mən tənbələm” ya da “mən kobudam” deyə bilərsiniz, amma əslində hər zaman tənbəl və kobud deyilsiniz. Dünyadakı bütün insanlar bəzən tənbəllik, məsuliyyətsizlik, kobudluq və səhvlər edə bilərlər. Amma, BƏZƏN. Bu sözlərin heç biri tamamən bir insanı xarakterizə edə bilməz.
Hətta buna görə Korzybski adlı bir filosof E-prime deyə bir dil yaradıb. Bu dildə “olmaq” feli yoxdur. Yəni bu dildə ingiliscədəki am,is,are,was,were,be,been kimi sözlər yoxdur. Korzybskiyə görə insanlar ” mən yaxşı insanam” deyəndə çox ümumi danışırlar. Hər an bu “yaxşı” sözünə tərs düşəcək nəsə edə bilərlər. Bunun yerinə “mən yaxşı şeylər edən insanam” deməlidirlər. Dünyadakı heç bir insan tamamilə yaxşı və tamamilə pis ola bilməz.
Ona görə də bu kimi mühakimələrdən qaçmaq lazımdır. Sözlər sizi və başqalarını tamamilə təsvir etmir. Bu məsələlər vəziyyətə görə dəyişir. Siz bəzən filan şeysiniz və sizin sadəcə bir parçanız filan cürdü.
Amma, insanlar bəzən özlərini aşağılayıcı sözlərlə etiketləyirlər.
” Mən tənbələm “
” Mən axmağam “
” Mən bədbəxtəm “
” Mən bacarıqsızam “
İstənilən etiket yanlışdı. Çünki, istənilən bu kimi etiketi incələsək üç nəticə görəcəyik.
- Etiket hər kəsə aiddir
- Etiket heç kimə aid deyil
- Etiket mənasızdır.
Yuxarıdakı tənbəlliklə bağlı etiketi incələyək. Siz də eyni metodikanı özünüzdə olan digər etiketlərə tətbiq edə bilərsiniz.
Tənbəl olmaq nədir? Kimlərə tənbəl deyilir? Ortalama belə bir cavab verə bilərsiniz ki, tənbəl etməli olduğu işləri etməyən, təxirə salan insandır. Növbəti sual gəlir indi. Tənbəl insan heç bir etməli olduğu işini etmir yoxsa bəzilərini? Əgər cavabınız heç bir işini görmür isə onda belə çıxır ki, özünüzə tənbəl dediyiniz üçün siz heç bir işinizi etmirsiniz. Bura yemək yeməkdən, işə və ya dərsə getməyə qədər hər şey daxildir. Heç bir işini etməyən insan yoxdur. Deməli, tənbəl bəzi işlərini etməyən insandı. Sizcə, dünyada elə bir insan varmı ki, həmişə hər işini etsin və heç vaxt bir işini sonraya saxlamasın. Əmin olun ki, yoxdur. Dərindən düşünsəniz bu qənaətə özünüz də gələrsiniz. Deməli, dünyadakı bütün insanlar bəzi işlərini nə vaxtsa etmir və ya təxirə salırlar. Onda deməli bütün insanlar tənbəldi. O zaman siz özünüzü nədə günahlandırırsınız?
Sizin sadəcə bəzi işlərinizi etməyə mane olacaq bəzi faktorlar var. Psixoloji və ya maddi. Elə isə, özünüzün tənbəl olduğunuzu düşünmək yerinə bu faktorları necə aradan qaldırmaq olar, onu düşünün.
Buna görə də, yaxşı olar ki, özünüzdən bəhs edərkən “bir hissəm” sözünü deyin. Çünki, özünüz bütöv olaraq heç nə ola bilməzsiniz. Həmişə elə olmayan başqa bir hissəniz var. Məsələn, özgüvənsizəm deyirsinizsə, əslində bir hissəniz özgüvənsizdir. Amma, eyni zamanda özgüvənsiz olmağın lazımsız bir şey olduğunu anlayan başqa bir hissəniz var. Ya da, bəzi şeylərdə özünüzə güvənirsiniz. Ya da, həyəcanlıyam deyərkən, sadəcə bir hissənizi nəzərdə tutursunuz. Həyatda həyəcanlanmadığınız məqamlar da olur. Ya da həyatım pisdir deyərkən, əslində həyatınızın bir hissəsini nəzərdə tutursunuz. Diqqət etsəniz, həyatınızda bir çox şey də yolunda gedir. Ona görə də, özünüzdən danışarkən, “bir hissəm” sözünü əlavə etməyi unutmayın. Bu həm daha düzgün cümlədir, həm də sizə özünüzü daha yaxşı hiss etdirəcək.
Həyatı, insanları və özümüzü etiketləməkdən uzaq olaq.
Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşı, klinik-tibbi psixoloq Fuad Əsədov