“Pandemiya şəraitində sosial-psixoloji reabilitasiya: yaşam boyu inkişaf” ixtisasartırma kursu

Naxçıvan Müəllimlər İnstitutunda ixtisasartırma və yenidənhazırlanma çərçivəsində valideynlər, defektoloq-loqoped, psixopedaqoq və məktəb psixoloqları üçün inklüziv təhsil istiqamətində “Pandemiya şəraitində sosial-psixoloji reabilitasiya: yaşam boyu inkişaf” adı altında 5 günlük (12 saatlıq) ixtisasartırma kursuna start verilmişdir.

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,kursun başlanğıc tədbirində Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Bakı şəhərində yerləşən Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları, loqopedlər, psixoloqlor, defektoloqlar və valideynlər onlayn formada iştirak etmişlər.İxtisasartırma kursunun açılış tədbirini giriş sözü ilə açan institutun rektoru Azad Novruzov qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın təsdiqi bu istiqamətdə yerinə yetirilən işlərin icrasında bütün təhsil müəssisələrinin, o cümlədən Naxçıvan Müəllimlər İnstitutunun da üzərinə mühüm vəzifələr qoyur. Naxçıvan Müəllimlər İnstitutunda ixtisasartırma və yenidənhazırlanma sahəsində muxtar respublikada fəaliyyət göstərən müxtəlif təşkilatların təklifi əsasında mütəmadi olaraq kurslar təşkil olunur. Bu kurslarda təlimçi kimi institutumuzun professor-müəllim heyəti ilə yanaşı, kursun tədris proqramının istiqamətinə uyğun olaraq muxtar respublikadan kənardan da mütəxəssislər cəlb olunur. Rektor bildirmişdir ki, bu gündən başlayaraq 5 gün davam edəcək xüsusi təhsil istiqamətində ixtisasartırma kursu defektoloq-loqoped, psixopedaqoq və məktəb psixoloqlarının bu istiqamətdə öz gələcək fəaliyyət proqramlarının daha səmərəli qurulmasında əhəmiyyətli olacaqdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən uğurlu islahatlar həyatın bütün sahələrində dinamik inkişafı təmin etmişdir. Ötən dövr ərzində Dövlət Proqramının icrasına uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqlara münbit təhsil mühitinin formalaşdırılması məqsədilə təhsil müəssisələrində monitorinqlər aparılıb, maarifləndirici görüşlər keçirilib. Onların ümumtəhsil məktəblərində fəaliyyət göstərən hazırlıq qruplarında və defektoloji bölmələrdə, həmçinin məktəbdənkənar müəssisələrin dərnəklərinə, musiqi məktəblərinə, idmanın müxtəlif növləri üzrə qruplara cəlbi diqqət mərkəzində saxlanılıb, distant tədris prosesi davam etdirilib.

Həmçinin qeyd olunmuşdur ki, müvafiq kateqoriyadan olan uşaqların tibbi müayinəsi üçün Naxçıvan Uşaq Bərpa Mərkəzi, sosial reabilitasiyası məqsədilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi fəaliyyət göstərir və müəssisələrin kadr hazırlığı da nazirlik tərəfindən daim diqqət mərkəzində saxlanılır. Mütəmadi olaraq, mərkəz əməkdaşlarının müvafiq ixtisasartırma kurslarına göndərilməsi təmin edilir, peşəkarlıqlarının artırılması məqsədilə müvafiq işlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq, Naxçıvan Müəllimlər İnstitutunun dəstəyi ilə təşkil ediləcək ixtisasartırma kursları muxtar respublikada reabilitasiya sahəsində kadr hazırlığının artırılmasına, nazirlik və Naxçıvan Müəllimlər İnstitutu arasında qarşılıqlı fəaliyyətin güclənməsinə töhvə verəcək, bu sahədə yeni layihələrin icrasına əlverişli şərait yaradacaq, sağlamlıq imkanları məhdud uşaqların gələcək inkişafına mühüm dəstək olacaqdır.

Açılış tədbirində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun “Sağlamlıq imkanı məhdud insanların cəmiyyətə inteqrasiyasında yeni yanaşmalar; hədəflər, perspektivlər”, İnstitutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Çapay Quliyevin “Uşaqlarla ünsiyyətin qurulmasında yaşa görə psixoloji inkişaf dinamikasının nəzərə alınması” mövzularında çıxışları dinlənilmişdir. Kurs öz işini təsdiq olunmuş qrafikə uyğun olaraq onlayn formada davam etdirəcəkdir.

Son məqalələr

Online Qeydiyyat