Psixoaktiv maddə istifadəçilərinin sosial-psixoloji reabilitasiyası problemi

Açar sözlər: sağlamlıq, psixoaktiv maddə, reabilitasiya, psixoterapiya

Sağlamlıq – qlobal böhran situasiyalarının baş verdiyi cəmiyyətdə müasir vəziyyətin spesifikasını və bütün strukturlarda son dərəcədə yüksək templi transformasiyaları çox dərin şəkildə müəyyən edən fenomenlərdən biridir. Buna görə də dövlətin və cəmiyyətin vəziyyətini xarakterizə edən əsas göstəricilərdən biri onun vətəndaşının sağlamlığı hesab olunur. Psixoaktiv maddələrdən istifadənin artım dinamikası artıq xalqların degenerasiyası, millətlərin genofondunun məhv olması kimi qlobal təhlükələrdən xəbər verir. Böyük bir qismini gənclərin təşkil etdiyi psixoaktiv maddələrdən istifadə edən əhalinin ölkə miqyasında geniş vüsət alması müxtəlif növ reabilitasiya, konsultasiya, profilaktika və s. mərkəzlərin mövcudluğu zərurətini doğurur. Bu cür mərkəzlər olduqca müxtəlif əsaslarla meydana çıxır və işləyir, belə ki, bəziləri xarici təcrübəni təkrarlayır, bəziləri isə öz təcrübə sistemini yaradır. Psixoaktiv maddələrdən asılı olanlarla istənilən iş formaları zamanı məhv olmuş şəxsiyyətə psixoloji, pedaqoji, ideoloji təsir formaları zəruri hesab olunur, buna görə də reabilitasiya probleminin geniş dairədə tədqiqi üçün həm nəzəri, həm də praktik zərurət meydana çıxır.
Psixoaktiv maddələrdən asılı olanların reabilitasiya prosesi son illər ərzində əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır. Bu isə həmin kontingentlə işləyən narkoloqların, psixoloqların, psixoterapevtlərin, ümumilikdə reabilitoloqların topladığı təcrübə ilə birbaşa şərtlənir. Psixoaktiv maddələrdən asılı olanların reabilitasiyasına inteqrativ tibbi-sosial proses kimi baxmağa imkan verən yanaşmalar elmi cəhətdən işlənib hazırlanmışdır, bununla yanaşı praktikada sınaqdan keçirildikdən sonra bir sıra konseptual reabilitasiya modelləri təyin edilmişdir. Könüllü kimi fəaliyyət göstərən və psixoaktiv maddələrdən istifadədən çəkinmənin mümkünlüyünü şəxsi nümunə ilə sübut etməyə qabil olan insanlar təbəqəsi meydana çıxmışdır.
Reabilitasiya prosesi vahid kompleksi əmələ gətirən, lakin müəssisələrin strukturuna və rəhbərlik mənsubiyyətlərinə görə müxtəlif şəkildə həyata keçirilən tibbi, tibbi-psixoloji və psixososial tədbirləri əhatə edir. Reabilitasiyanın tibbi mərhələsi, bir qayda olaraq, narkoloji mərkəzlərin stasionar şöbələrində, tibbi-psixoloji mərhələsi isə bu müəssisələrin xüsusi reabilitasiya şöbələrində həyata keçirilir. Mövcud reabilitasiya vasitələri, başlıca olaraq, yeni davranış modellərinin formalaşmasına və ya yeni məna yönəlişlərinin təlqin edilməsinə əsaslanır. Bu yanaşmalar psixoaktiv maddələrdən asılı olan şəxslərin özünü şüurlu şəkildə dəyişməsi üzrə fəaliyyətini nəzərdə tutur. Psixoaktiv maddə istifadəçiləri ilə iş praktikasında, öz növbəsində, onların öz sosial-psixoloji potensialını dərk etməsinə yardımın zəruriliyini və bu imkanlardan dəyişilmək üçün istifadə etməyi əks etdirir. Baxılan problemlərin aktuallığı və artan əhəmiyyəti psixoaktiv maddələrdən istifadə edən şəxslərin stasionar şəraitdə reabilitasiya və yenidən sosiallaşma proseslərinin kifayət qədər öyrənilməsi ilə şərtlənir.
Psixoaktiv maddələrdən asılılıq probleminə həsr olunmuş müxtəlif tədqiqat işlərinin və ədəbiyyat nümunələrinin, eləcə də sosial-psixoloji reabilitasiya üzrə praktik proqramların və metodların konseptual şəkildə təhlilinə əsasən qeyd etmək olar ki, bu problemin öyrənilməsi bütün dövrlərdə aktual mövzu kimi qiymətləndirilmiş və müxtəlif istiqamətlərdə təhlil edilmişdir.

ƏDƏBİYYAT

1. Дудко Т.Н. Реабилитация наркологических больных. Руководство по наркологии. Под ред. Н.Н. Иванца. Т. 2. М.: Медпрактика-М, 2002, 222 с.
2. Дудко Т.Н.,Пузиенко В.А.,Котельников Л.А. Дифференцированная система реабилитации в наркологии. Методические рекомендации. Москва: 2001, 38 с.
3. Стандарты организации и программа реабилитации в наркологии (Стационарное отделение. Полустационар «Дом-на-полпути»): Метод. Рекомендации / Брюн Е.А., Бузик О.Ж., Сокольчик Е.И. и др. М.: ООО «Медиа-Студия», 2008, 30 с.
4. Халабуда Л.Н, Семёнов С.В, Домрачева А.Ю. Мотивационные стратегии и их использование в психотерапевтических программах раннего этапа реабилитации наркоманов. Наркозависимость и медико-социальные последствия стратегии профилактики и терапии. Казань: 2003, с. 207–209.
5. Юркова М.Г. Диагностика личности наркомана и ее место в реабилитационном процессе. Психологическая наука и практика: перспективы развития в Иркутской области. Материалы научно-практической конференции. Иркутск: Изд-во ИГПУ, 2000, с. 300–302.

Müəllif :

Respublika Narkoloji Mərkəzinin psixoloqu, Bakı Dövlət Universitetinin dissertantı Ramin Allahverdiyev

Son məqalələr

Online Qeydiyyat