SOMATİK ƏLAMƏTLƏR (SOMATİK SİMPTOM) POZUNTUSU VƏ DİGƏR POZUNTULAR

Açar sözlər: somataforum pozuntu, bədənsəl əlamətlər, konversiyon əlamətlər, saxta pozuntular, fizioloji, psixoloji

Somatik pozuntuları olan xəstələr uzun illər xəstəxanalarda müalicə alsalar da, tam bir nəticə əldə edə bilmirlər. Səbəbi isə özlərində olan xəstəliyin fizioloji deyil, psixoloji ola biləcəyinə inanmamalarıdır. Vaxtında psixoterapevt və psixoloji yardım alarlarsa, somatik simptomların stress kimi psixoloji mənşəli olduğu aşkarlanar. Sözü gedən ağrının fiziki və orqanik bir səbəbi yoxdur,  lakin bu xəstələr bütün bədənsəl ağrıları (saxta pozuntular xaric) hiss edərlər və əziyyət  çəkərlər.

Biz DSM–5-də təsnifatlaşdırılmış bəzi pozuntular haqda informasiya verməklə, onlar haqqında məlumatlı ola və vaxtında bu pozuntuların düzgün diaqnozunu qoya bilərik.

F45.1 Bədənsəl əlamətlər pozuntusu. Daha əvvəlki adı ilə somatoform pozuntular kimi bilinsə də, DSM 5–də bu ad “Bədənsəl əlamətlər pozuntusu”  olaraq qeyd olunub.  Stress və psixi sıxıntılar kimi psixoloji faktorların, fiziki simptonlara səbəb olmasıdır.  Bədənsəl əlamətlər pozuntusuna səbəbi tapılmayan xroniki fiziki simptomlar da deyilir, çünki bu fiziki simptomların tibbi və laborator müayinələrdə heç bir orqanik və fiziki əlamətlər aşkarlanmır.

Simptomlara aşağıdakılar daxildir:

  • Nəfəs alma və ürək döyüntüsü ilə müşahidə olunan problemlər, daha çox baş, kürək, çiyin, bel kimi bədənin müxtəlif hissələrində kəskin və xroniki ağrılar.
  • Abdominal (qarın ilə əlaqəli) şikayətlər, mədə-bağırsaq sistemində qəbizlik, köp, gəyirmə, qusma
  • Cinsi istəksizlik, tez boşalma, orqazm ola bilməmə, menstural pozuntular.
  • Yalancı nevroloji əlamətlər (konversiyon pozuntu) uyuşma, keyləşmə, görmə və eşitmə qabiliyyətinin itirilməsi kimi bədənin bir çox hissəsinə təsir edə biləcək birdən çox emosional və fizioloji təsirləri olur.

Bu somatik şikayətlərin tam olaraq yaranma səbəbi bilinməsə də genetik olma ehtimalı böyükdür. Bundan əlavə səbəblər də var. Keçirmiş olduğu həqiqi fiziki xəstəlik, həyacan-təşviş pozuntusu, narkotik maddə istifadəsi, adaptasiya problemi və.s

DSM 5-ə görə bədənsəl əlamətlər pozuntusu diaqnozu qoya bilmək üçün tək bir əlamət yetərlidir, lakin bu əlamət, xəstənin sosial həyatında sıxıntıya yol açmalı və gözlə görüləcək şəkildə problem yaratmalıdır. Eyni zamanda 6 ay və daha uzun müddət davam etməlidir.

Bədənsəl əlamətlər pozuntusu 10 və ya 20 yaşlarında ortaya çıxır, illərlə və bəzən xəstənin həyatı boyu davam edə bilir. Qadınlarda kişilərdən daha çox rast gəlinir.  Psixi klinika və xəstəxanalarda yatan xəstələrin təxminən 7-8 % i somatik simptomlar pozuntusundan əziyyət cəkir.

F 45.21 Xəstəlik-həyacan pozuntusu, əvvəlki adı ilə desək ipoxondriya.  Bu xəstələr ciddi bir xəstəliyi olduğunu düşünüb, həddindən artıq qorxu və həyacan keçirdirlər. Narahatlıqları müraciət etdikləri xəstəxanalarda xəstə olmadıqlarına aid tibbi nəticələri olsa da, həkimlər tərəfindən xəstə olmadıqları deyilsə də, yenə davam edir və uzun illər müxtəlif kliniklara və həkimlərə üz tuturlar. Əksər hallarda  bu qorxular,  infakt (ürək döyüntülərində bir balaca artım olmağı ilə) və onkoloji (bədənin hər hansı bir yerində müşahidə olunan şişkinlik) xəstə olmaq qorxusu olur. 20-30 yaşlarında başlasa da, 30-40 yaşlarda daha çox görünür. Təxminən qadınlarda və kişilərdə görülmə sayı bərabərdir. Səbəbi tam olaraq bilinmir.

F44.4 Konversion pozuntu. Konversion simptomlar bədənin funksiyalarında heç bir pozuntu yoxkən dəyişməsidir (uyuşma, keyləşmə, görmənin itirilməsi, eşitmənin itirilməsi). Konversion pozuntularda nevroloji əlamətlər axtarırıq, lakin burda görünən nevroloji əlamətlərin bilinən nevroloji və tibbi əlamətlərlə heç bir əlaqəsi yoxdur.

F68.10 Saxta pozuntular. Həqiqi bir pozuntuya oxşayan xəstəlik deyilsə də əslində deyil. Bu xəstələr xəstə olmaq istəyirlər və simptomları (ağrıdan şikayət etmək) və ya fiziki əlamətləri (termometri isti suyla isidib) özləri yaradır. Bəzən depressiya, həyacan, intihar və s. kimi psixoloji simptomlardan da şikayət edirlər. Özlərinə uydurduqları xəstəliyin bütün simptomlarını bildikləri üçün onlarda saxta pozuntular olduğunu aşkarlamaq və diaqnoz qoymaq da olduqca çətindir. DSM 5-də iki tip saxta pozuntular var. Biri davranışları ilə özünə yönəlmiş simptomları olan tip, ikinci isə davranışları ilə başqalarına yönəlmiş tip.

ƏDƏBİYYAT :

1. Plotnik R. Psikolojiye giriş. İstanbul: Kaknüs yayınevi, 2009, 712 s.

2. https://www.gestalt.lv/ pdf/классификатор-dsm-v/

Müəllif :

Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Nərmin Vəliyeva

Son məqalələr

Online Qeydiyyat