Açar sözlər: təfəkkürün tənqidiliyi, əqli keyfiyyətlər, temperament, koqnitiv xüsusiyyətlər, fərdi yanaşma
Təfəkkürün tənqidiliyi ilə bağlı psixoloji ədəbiyyatın təhlili göstərir ki, kiçik məktəblilərdə tənqidi təfəkkürü xüsusi metodikalar vasitəsilə öyrənmək və inkişaf etdirmək mümkündür.
Aparılmış eksperimental tədqiqatlar ( Ə.S.Bayramov, L.S.Vıqotski, J.Piaje və b.) göstərdi ki, təhsildə təfəkkürün tənqidiliyinin inkişaf etdirilməsi texnologiyası məntiqi əsaslar üzərində qurula bilər və onun inkişaf etdirilməsi koqnitiv inkişafın mərhələləri kimi nəzərdən keçirilməlidir.
Tənqidi təfəkkürün inkişaf texnologiyasının əsasında dərs və ya təlim prosesi dayanır ki, bu üç mərhələdə həyata keçirilir: fəallaşdırma, mənalandırma və refleksiya. Hər bir mərhələdə tapşırıqların yerinə yetirilməsi üçün xüsusi məqsədlərin qoyulması və priyomların işlənilib hazırlanması vacibdir.
İnkişafetdirici proqramdan istifadə zamanı bu mərhələlərə uyğun dərsin planlaşdırılması və şagirdlərin yetkinlik səviyyəsinin, o cümlədən təfəkkürünün inkişaf səviyyəsi haqqında müddəaların nəzərə alınması vacibdir. Bununla yanaşı tənqidi təfəkkürü inkişaf etdirmək vasitəsi həm də, onun öyrənilməsi kimi nəzərdən keçirilə bilər. Təbii ki, eksperimentləşdirmənin aparılması, diaqnostik metodikaların keçirilməsi imkan verir ki, təfəkkürün tənqidiliyinin səviyyələrinin müəyyən edilməsi mümkün olsun. Ancaq bu prosesdə həm də tənqidi təfəkkürün inkişafının səviyyələrinin necə dəyişməsi haqqında da məlumatlar əldə edilə bilər. Pedaqoji eksperimentin keçirilməsi zamanı zəruri olan kombinasiyanın necə qurulmasını müəyyən etmək üçün onun inkişaf texnologiyasını müəyyən etmək lazımdır.
Şagirdlərdə təfəkkürün tənqidiliyinə spontan proses kimi yanaşmaq olmaz. Bu prosesin inkişafı müxtəlif amillərdən asılıdır.Təfəkkürün tənqidiliyinin inkişaf səviyyəsinin yüksəlməsi həll prosesində “ipucu verməkdən” və eksperimental materialın şagird tərəfindən müəyyən struktura salınmasından, eləcə də mətnlərin onların inkişaf səviyyəsinə uyğunluğundan çox asılıdır. Kiçik məktəblilərdə təfəkkürün tənqidiliyinin təzahürü təqdim edilən məsələnin xarakterindən çox asılıdır. Uşaqlar müstəqil şəkildə mətnlərdə verilmiş səhvləri düzəldir və çox zaman onun belə olmadığını əsaslandırmağa çalışırlar. Və əksər hallarda verilmiş yalnış məsələnin qoyuluşunun necə ola biləcəyi haqqında mühakimələri də irəli sürürlər.
Uşaqlarda o zaman tənqidilik özünü göstərir ki, onlar problemin həllinə fəal yanaşırlar və dərketmədə ziddiyyətlər mövcuddur. Hesab edirik ki, təlimdə idraki ziddiyyətlərin yaradılması təfəkkürün tənqidiliyinin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir
Kiçik məktəblilərdə sosial qruplara məxsus xüsusiyyətlər, sinir sisteminin xüsusiyyətləri və fərdi xusiyyətlər bütöv bir sistemi yaradır. Eyni yaş dövründə olan uşaqlar öz temperament və koqnitiv xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Belə olan halda fərdi yanaşma problemdən çıxış yolu kimi götürülə və ya əlverişli təhsil mühiti yaratmaqla bu məsələləri həll etmək olar.
Nəzərə almaq lazımdır ki, təlim aparılan siniflər müxtəlif inkişaf səviyyəsinə, təlimə qabilliyinə, müxtəlif hazırlıq dərəcələri ilə, o cümlədən fərqli xarakterə və temperamentə malikdirlər. Onların qavrama imkanları və hafizəsi də eyni deyildir. Belə bir şəraitdə müəllim təlimi orta səviyyəyə uyğun, orta səviyyəli inkişafa və hazırlığa, yetirməyə görə aparır. Demək olar ki, belə bir süni şəraitdə təfəkkürün tənqidiliyinin səviyyəsi yüksək olan şağirdlərin inkişafı ləngiyir, təlimin inkişafetdirici prinsipləri pozulur.
Yüksək tənqidiliyə malik şagirdlərdə təlimə maraq və motivasiya azalır, eləcə də onların inkişafı sanki gecikdirilir. Çünki intellektual gərginlik situasiyaları olmadan təfəkkürün tənqidiliyinin inkişaf etdirilməsi qeyri-mümkündür. Bununla yanaşı təlim prosesində şagirdlərin fərdi-psixoloji xüsusiyyətlərinin, o cümlədən temperament tiplərinin nəzərə alınması intellektual inkişafı sürətləndirir və təfəkkürün tənqidiliyinin potensial imkan kimi “mürgüləmə”sinin qarşısı alınır. Təlimdə differensasiya olunmuş yanaşma şagirdlərin fərdi-psixoloji xüsusiyyətlərini, o cümlədən onların koqnitiv imkanlarını qiymətləndirməyə zəmin yaradır. Sinif-dərs sistemində bunların nəzərə alınması zamanı qrup, fərdi və frontal işlərin aparılması zərurəti meydana çıxır.
ƏDƏBİYYAT :
1. Bayramov Ə. S. Şagirdlərdə təfəkkürün inkişafı. Bakı: Azərtədrisnəşr, 1962, 148 s.
2. Bayramov Ə.S. Şagirdlərdə əqli keyfiyyətlərin inkişaf xüsusiyyətləri. Bakı: Maarif, 1967, 350 s.
3. Халперн Д.Ф. Психология критического мышления. СПб.: Питер, 2000, 512 с.
4. Векслер С. И. Развитие критичности мышления учащихся в процессе обучения. Киев: Радянська школа, 1971, 59 с.
Müəllif :
ADPU-nun Ümumi psixologiya kafedrasının müəllimi Sona Əliyeva