Mədəniyyətlərarası münasibətlərə milli identikliyin təsirinin sosial-psixoloji xüsusiyyətləri

Açar sozlər: mədəniyyət, şəxsiyyət, mədəni müxtəliflik, milli identiklik, etnik identiklik

GİRİŞ

Müasir dünyada qloballaşmanın meydana çıxardığı yeniliklər bir tərəfdən sərhədlərin tədricən yox olmasını zəruri etdiyi halda, digər tərəfdən milli mədəniyyətlərin qarşılıqlı təsirindən güc alan milli dövlətçiliyin möhkəmlənməsini zəruri edir. XX əsrin sonu – XXI əsrin əvvəllərində dünya düzənində baş verən əhəmiyyətli dəyişikliklər ilk növbədə suveren milli dövlətlərin yaranması ilə səciyyələnir. Milli oyanışın milli intibaha keçidini təmin edən bu proses eyni zamanda etnik identiklikdən milli identikliyə keçidin baş verməsinin nəticəsi idi. Milli dövlət quruculuğu milli birliyi, milli mənlik şüurunun inki şafını və belə bir toplumun iradəsini tələb edir. Milli dövlətin təməli məhz buna söykənir. Milli dövlət quruculuğu çoxistiqamətli mürəkkəb tarixi-siyasi hadisədir. Həmin istiqamətlərin bir mühümi də milli mədəniyyət məsələsidir. Milli mədəniyyətin inkişaf səviyyəsi və həmin səviyyənin inkişaf etdirilərək daha da artırılması müstəsna əhəmiyyətə malikdir. Milli mədəniyyət milli tarix və milli-mənəvi dəyərlər üzərində köklənir. «Bunları qoruyub saxlamış xalq isə həmişə müsətiqillik yolu ilə getmək və onu qorumaq əzmindədir. Çünki milli dövlətçilik və milli-mənəvi dəyərlər arasında sıx bir daxili əlaqə vardır. Milli müəyyənliyi olmayan və özünü bir millət kimi dərk etməyən xalqın milli dövlətə də ehtiyacı olmur» (2, s.26). Milli adət-ənə nələrə sədaqət, milli təəssübkeşlik, milli identikliyə cəhd, milli özünəməxsusluğu ümumbəşəri dəyərlər süzgəcindən keçirərək qoruyub saxlamaq və möhkəmləndirmək milli həmrəyliyin və milli birliyin əsasını təşkil edir. Bunlar isə müstəqil milli dövlətçiliyin demokratik prinsiplər əsasında qurulmasına xidmət edir. Bunlarsız yadlaşma, cəmiyyətin mənəvi əsaslarının sarsılması və s. bu kimi sosial və sosial-psixolji hadisələr baş verir. Belə bir dövrü hər iki mənada xalqımız yaşamışdır. Birinci dəfə XX əsrin əvvəlində buna tam nail olmaq mümkün olmasa da, ikinci dəfə XX əsrin sonunda azərbaycan milləti öz milli dövlətçiliyini yenidən bərpa etmək üçün milli birliyə, özünə qayıdışa nail olaraq azadlığa qovuşdu və milli həmrəylik bunu təmin etdi.

 MİLLİ İDENTİKLİK

 Milli identiklik məsələsi son zamanlar daha çox müzakirəyə çıxarılır və müxtəlif istiqamətlərdə araşdırılır. Vətəndaşların milli identikliyi hər bir millətin “kollektiv identikliyi”nin tərkib hissəsi olaraq şəxsiyyətin milli qrupa mənsubluğunu və ona bağlılığını müəyyən edir. Fərdin öz identikliyini müəyyənləşdirməsi mexanizmi milli identikliyin təşəkkülü mexanizminə də şamil edilə bilər. Amma bu prosesdə bəzi fərqli xüsusiyyətlər də var ki, onların sosial-psixoloji təhlilinə böyük ehtiyac duyulur. Bu fərqli cəhətləri nəzərdən keçirmək üçün bəzi tədqiqatlara müraciət edək. Rəna Qədirova azərbaycanlı uşaq və gənclərin milli identikliyinin sosial-psixoloji tədqiqinə həsr edilmiş tədqiqatındakı iki fikir böyük maraq doğurur. Birinci fikir ondan ibarətdir ki, Azərbaycan identikliyinin təşəkkülünü və inkişafını nəzərdən keçirmək üçün ilk növbədə “milliyətçiliyin formalaşması, milli və dövlət quruculuğu prosesləri ilə bağlı olan milli identikliyin nəzəri əsasları nəzərdən keçirilməlidir” (3, s.147). Müəllifin milli identikliyin milli dövlət quruculuğu ilə qarşılıqlı əlaqəsini vurğulaması heç də təsadüfi deyil. Bu fikrini davam etdirərək, o, qeyd edir ki, tarixdə hər bir xalqın öz müstəqiliyini əldə etməsi və milli identikliyini qazanması ciddi psixoloji travma və stressləri yaşaması nəticəsində mümkün olur. Azərbaycanda tarixə “Qanlı Yanvar” kimi daxil olmuş 20 yanvar 1990-cı ildə sovet qoşunlarının Azərbaycanda törətdiyi qırğınlar zamanı bu faciəni yaşayaraq öz əvvəlki “sovet identikliyini” yenidən düşünərək yeni mənlik şüurunu əldə etmiş oldu (3). Azərbaycanın keçdiyi inkişaf tarixinə qısaca nəzər yetirdikdə görmək olar ki, azərbaycanlılar dedikdə, «çoxmədəniyyətli bir vətəndaş milləti», vətənpərvərlik, qürur və geniş sosial demokratik ideallara sadiqlik başa düşülməlidir. Tarixən Azərbaycanda   yaşamış etnik qrup və xalqların qarşılıqlı sıx iqtisadi əlaqələri onların ilkin ortaq mənəvi dəyərlərinin formalaşmasına öz təsirini göstərmişdir. Sonrakı mərhələlərdə xarici qüvvələrə ayrı-ayrılıqda müqavimət göstəməyin mümkünsüzlüyü onların daha da sıx birləşməsini və bu əsasda yeni dəyərlər sisteminin təşəkkülünü zərurətə çevirmişdir. Şərqdə ilk Demokratik Respublikanın da məhz Azərbaycanda 1918-ci ildə qurulması onun demokratik dəyərlərə, insan haqlarına və qanunun aliliyinə sadiq olduğunu təsdiq edir. Hər kəsə hürriyyət! Bu, yalnız şüar deyil, bu, şəxsiyyətin azadlığına münasibətin ifadəsi idi. Burada bir məsələni xüsusilə vurğulamaq lazımdır. Əgər Amerika Birləşmiş Ştatları müxtəlif identikliklərin (etnik, dini, irqi, linqvistik) vahid “amerika” identikliyinə “əritmə qazanı” kimi səciyyələndirilirsə, Azərbaycan çoxmədəniyətli “mozaika”sını qoruyub saxlayaraq milli identikliyi təmin edən milli dövlət vətəndaş cəmiyyətidir. Bəzən belə fərziyyələr irəli sürülür ki, qloballaşma şəraitində iqtisadi və mədəni əməkdaşlığın dərinləşməsi bəzi dövlətlərin milli identikliyini məhv edəcəkdir. Bura ilk növbədə dil və mədəniyyət oxşarlığı yaxın dövlətləri aid edirlər. Məsələn, türkdilli dövlətlərdən dil və mədəniyyət baxımdan daha yaxın olan Türkiyə və Azərbaycan arasındakı iqtisadi əlaqələrin birgə iqtisadi layihələr mərhələsinə keçməsi “bir millət, iki dövlət” konsepsiyasına uyğun olaraq vahid bir milli identikliyin artıq formalaşmağa başladığını qeyd etmək olar. Türkiyədə yaşayan azərbaycanlılar, Azərbaycanda yaşayan türklər tədricən ortaq dəyərlərin bölüşməsi və yaranması prosesinin iştirakçıları kimi nəzərdən keçirilə bilər. İlk baxışdan sadə görünən mədəni dözümlülükdən mədəni oxşarlığa mülayim keçidi tədricən milli identikliyə yumşaq keçidin əvəzləməsi baş verir. Türk filmlərinin televiziyada tamaşası zamanı osmanlı türk cəsindən azərbaycan türkcəsinə “tərcümə” edilməsinə qarşı çıxış edən insanlar linqvistik identikliyi qəbul etməyi təklif edirlər. Millilik, millət və identiklik məsələləri araşdırılarkən bəzi sosial-psixoloji yanaşmalara diqqət yetirilməsi zəruridir. Sosial-psixoloji tədqiqatlar göstərir ki, fərdin sosial identikliyi onun hansı qrupun təmsiliçiliyinə can atması və hansı qrupdan özünü fərqləndirməsinə cəhdi ilə müəyyənləşir. Burada bir neçə maraqlı proses izlənə bilər. Bir halda fərdin identifikasiyasıdifferensiasiyası, digər halda isə fərdin assimilyasiya və differensiasiyası prosesi baş verir. Əgər fərd özünü yaxın qohumlar qrupuna aid edərək digər qruplardan fərqləndirirsə, onda assimilyasiya-differensiasiya mexanizmi işə düşmüş olur. Başqa sözlə desək, qruplararası münasibətlər və qruplararası müqayisə aparmaqla fərd özünün mənsubiyyətini təyin etmiş olur. Özünü ailənin üzvü hesab edən fərd bununla da həm qrupa assimilyasiya edir, həm də özünü qrupla eyniləşdirir. Bunun nəticəsində qrup dəyərlərini qəbul edərək onun adından çıxış edir və başqa qruplarla öz qrupunu fərqləndirir, qruplararası münasibətləri “bizonlar” dixotomiyasına keçirir. Qrup identikliyi bəzən hər hansısa təhlükədən qorunmaq üçün “bufer” rolu da oynaya bilər. Təhlükə artıqca qrupla identiklik daha da güclənir və müdafiə üçün əlverişli imkanlar yaradır. Böyük təhlükələrin gözlənildiyi zaman hətta təkcə fərdin bir qrupla identikliyi deyil, həm də bir qrupun digər qrupla özünü identikləşdirərək təhlükə mənbəyi kimi qavranılan “başqa” qrupa qarşı münasibətini formalaşdırır. Azərbaycanda da zaman-zaman bu hadisələr müşahidə edilməkdədir. “Biz kimik?” sualı “mən türkəm” fikrin dən qaynaqlandığı üçün, təbii ki, cavab da sadə olur: “Biz türkük!” Bütün bunlar onu deməyə əsas verir ki, böyük təhlükələr qrupla idenktiliyi gücləndirir və milli identiklik insanı qoruyacaq gücə sığınmağı təmin edən sosial-psixoloji mexanizm kimi çıxış edir. Vətəndaş identikliyi milli identikliyə transfer də edə bilər. Ona görə ki, ümumbəşəri dəyərlər demokratik dəyərləri özündə ehtiva etsə də onların mədəniyyətlə səciyylənən xüsusiyyətləri insanın seçim etməsinə əhəmiyyətli dərəcədə emosional təsir göstərir. Doğma yurd hissi və onunla bağlı olan bir çox şeylərin şəxsi məna kəsb etməsi artıq bir şəxsin həyatını deyil, bütövlükdə hansısa qrupun dəyərlər sistemini təşkil edir. Qrupda qəbul edilmiş normaların sosializasiya prosesində fərd tərəfindən mənimsənilərək davranışın daxili tənzimləyicisinə çevrilməsi insanın müəyyən mədəni normalara sadiqliyini nümayiş etdirir. Mənimsənilmiş və həyatın mənasına çevrilmiş bu cür mədəni normaların itirilməsi şəxsiyyətin marginallaşmasına və ya şəxssizləşərək özünü itirməsinə gətirb çıxara bilər. Ona görə də daima qrupla və digər qruplarla müqayisələr aparmaqla şəxsiyyət özünün kimliyini, öz yerini axtarır və bu münasibətlər sistemində öz yerini, mövqeyini, rolunu müəyyənləşdirir və sabitləşdirir. Ümumiyyətlə, “identiklik” dedikdə nə başa düşülür. Bununla bağlı mövcud ədəbiyyata qısa nəzər saldıqda məlum olur ki, müxtəlif yanaşmaların, təriflərin verilməsinə baxmayaraq, onun etimologiyası ilə bağlı ümumi qəbul edilmiş yanaşma mövcuddur. “İdentiklik” yunanca “identicus” sözündən olub, “bircürlük”, “bir-birinə uyğun gəlmə”, “eyniyyət” mənasını verir (4, s.321) və şeylərin bütün keçidlər, dəyişikliklər zamanı öz mahiyyətini saxlamaq, özünü olduğu kimi saxlmaq xassəsini ifadə edir. Şeylərin bu xassəsi olduqca əhəmiyyətlidir. Müşahidə edilən dəyişikliklər, müxtəlifliklər şəratində öz mahiyyətini qoruyub saxlamaq varlığın mövcudluğu üçün deyil, olduğu kimi mövcudluğunu və dünyanın “obrazlı” sistemində “öz obrazını” yaratmaq üçün zəruri olan keyfiyyətdir. Bu mənada “identiklik” şəxsiyyətə də şamil edilərək onun “özlüyü”, “mənliyi”, “kimliyi” haqqında təsəvvür sistemi kimi başa düşülə bilər. Belə olmasaydı fərdin bir şəxsiyyət kimi unikal varlığa çevrilməsi də mümkün olmazdı. İdentikliyin şəxsiyyətin təşəkkülü kontekstində istifadə edilməsi Con Loka məxsusdur. Onun fikrincə, “fərd” və “şəxsiyyət” anlayışları arasında ciddi fərqi, sərhəddi müəyyənləşdirmək lazımdır. Çünki şəxsiyyəti təşkil edən eyni substansiya yox, məhz eyni “fasiləsiz şüurdur”. Buradan belə nəticəyə gəlinir ki, şəxsiyyət əvvəlki vəziyyətlərini özünə aid etməyə imkan verən, onların ona məxsusluğunu təmin edən şüura və bu eyniyyəti möhkəmləndirən hafizəyə malikdir. Bu keyfiyyətlər imkan verir ki, şəxsiyyət müxtəlif zamanda, müxtəlif yerlərdə özünü özü kimi qavramaq, dərk etmək qabiliyyətinə malik olur. İngiltərədə öz dövrünün tanınmış filosofu Cozef Batler (1692–1752) hesab edirdi ki, Con Lokun bu yanaşması şəxsiyyətin mahiyyətinin tamlığına aydınlıq gətirmir, əksinə, bu “tamlığı” şübhə altına alır. Onun fikrincə, əgər, “eyniyyət” (identiklik) şüur tərəfindən verilirsə, onda hər hansısa bir səbəbdən şüur pozularsa şəxsiyyət artıq həmin şəxsiyyət kimi mövcud olmur. Ona görə də “identiklik” o bölünməz şeyin davam edən kəsilməz mövcudluğudur ki, onu “özüm” adlandırırlar. Con Lokun bu barədəki fikirlərinin sonrakı inkişafını tanınmış amerika psixoloqu və filosofu Uilyams Ceymsin şəxsiyyət nəzəriyyəsində görə bilərik. U.Ceyms üçün “identiklik” özünə münasibətdə subyektiv hiss, ətraf mühitə münasibətdə “mənin” yaradıcı gücüdür. O, şəxsiyyət və “mən” haqqındakı fikrini izah edərək yazır ki, mən nə haqında fikirləşməyimdən asılı olmayaraq eyni zamanda özümü, şəxsi mövcudluğumu da dərk edirəm (5, s.69). Beləliklə, o, bir tərəfdən, dərk ediləndir və bu cəhətdən obyektdir, digər tərəfdən isə dərk edəndir və bu cəhətdən subyektdir. Buradan belə qənaətə gəlir ki, mənlik şüurunda eyni vaxtda bir hadisənin iki tərəfi ayırd edilməlidir: biri “şəxsiyyət”, digəri isə “mən”. Onlar bir “mahiyyətin” iki tərəfi olduqları üçün, hətta fərqləndirildikləri zaman da “eyniyyət” təşkil edirlər. U.Ceyms şüur da dərk olunan elementi- empirik Eqo və şüurdakı dərk edən elementi isə təmiz Eqo adlandırır. Empirik məndə insanın özü və ona məxsus olan hər şey öz əksini tapır. Ünsiyyət prosesində ictimai təcrübənin mənimsənilməsi “Mən”in formalaşmasını təmin edir. Sosializasiya prosesində fərd nəinki özü, başqaları, əşya və hadislər, dünya haqqında, həm də özünün hansı sosial qrupa və qrupdakı yeri haqqında informasiya əldə edir. Əldə edilmiş informasiya, bilik qiymətləndirilir və buna uyğun olaraq konkret münasibət və ya davranış modeli formalaşır. Əslində, belə demək olar ki, fərdin sosializasiya prosesində yaratdığı “dünyanın obrazı” bu dünya ilə qarşılıqlı münasibətləri şərtləndirən davranış modeli formalaşdırır. Ona görə ki, bu qarşılıqlı münasibətlər ətraf mühitə səmərəli uyğunlaşmanı müəyyənləşdirir, konkret “həyat tərzi” mühitinin yaradılmasını tənzimləyir. Fərdin müxtəlif sosial qruplara üzv olması sosial rolların, sosial mövqe və sosial gözləmələrin fərqliliyini ortaya qoyur. Eyni zaman və məkan daxilində bir neçə sosial rolun icra edilməsi şəxsiyyətin həm dəyişən mühitə, həm də özünün dəyişən psixi vəziyyətinə uyğun adekvat davranışını tələb edir. R.Mehdiyev yazır: “Fərdi identiklik dəyişmiş mühitin təsirinə dəqiq reaksiya verir, kollektiv identiklik isə xeyli ətalətli olması ilə seçilir. Onun sabitlik dərəcəsi daxili inkişafın spesifikası, mühitlə qarşılıqlı əlaqənin xarakteri və intensivliyi ilə şərtlənmişdir. Müəyyən dairəyə aid insanlar üçün fərdi identiklik situativ, kollektiv identiklik isə daha sabit olur. Çoxvariantlılıq fərdi identikliyin səciyyəvi əlamətinə çevrilir. Bu prosesə yalnız öz identikliyi üçün məsuliyyət daşıyan insan özü müqavimət göstərə bilər” (1, səh.55). Məlumdur ki, şəxsiyyət öz özlüyündə mövcud deyil və o müəyyən kiçik və böyük qrupun üzvü olaraq özünü aktuallaşdıra və gerçəkləşdirə bilər. Sadə həqiqət ondan ibarətdir ki, burada söhbət sadəcə biososial varlıq olan fərddən getmir, sosiallaşma prosesinin məhsulu olan şəxsiyyətdən gedir. Hər şəxsiyyət isə təbii böyük qrup olan etnosun, xalqın və ya millətin üzvüdür. Onların hər biri qarşılıqlı münasibətlər nəticəsində tarixi-mədəni təkamülün məhsuludur. Cəmiyyətin tarixi inkişafı, şübhəsiz ki, millətlərin, etnik qrupların və xalqların da ciddi dəyişikliklər yaşamasına səbəb olmuşdur. Bu baxımdan postsənayeləşmə dövründən başlayaraq milli identiklik qlobqllaşmanın da təsirinə məruz qalmışdır. Milli identikliyin əhəmiyyətinin artması müasir dövrün səciyyəvi xüsusiyyətidir. Bəzi tədqiqatçılar haqlı olaraq hesab edirlər ki, milli identiklik “dövlətin müdafiəsinin mühüm vasitəsi və eyni zamanda, cəmiyyətin inkişafının zəruri vasitə si”dir (1, səh.55)

Milli identikliyin təhlili və tədqiqi onun ilk növbədə etnik identiklikdən fərqləndirilməsini tələb edir. Etnik identiklik fərdin özünü müəyyən etnik qrupa mənsubluğunu müəyyənləşdirməsidir. Milli identiklik fərdin özünün bu və ya digər dövlətə mənsub olmasını dərk etməsi və duyması, həmçinin müəyyən millətlə eyniləşdirərək konkret siyasi davranış modelinin olmasıdır. Milli identiklik yalnız obyektiv mövcud olan fərqliliklərlə müəyyənləşmir, o, həm də bu fərqliliklərin fərd tərəfindən necə dərk edilməsi, yaşanması və mənalandırılması ilə şərtlənir. Milli identikliyin formalaşmasını araşdırmaq üçün onun struktur hissələrini nəzərdən keçirmək lazımdır. Milli identikliyin tərkibində üç bir-birindən ayrılmaz tərkib hissəni ayırmaq olar: 1) koqnitiv, 2) affektiv, 3) davranış. Koqnitiv komponent fərdin dövlətlə bağlılığı, əlaqəsi haqqında təssəvvürləri, bilikləri təmin edir. Bu təsəvvürlərin, biliklərin düzgün qavranılması və mənimsənilməsi olduqca vacib dir. Bu prosesdəki hər hansı yanlışlıq sonradan məlumatların düzgün qiymətləndirilməməsinə və şəxsiyyətin tamın üzvü hissəsi kimi özünüdərkinə mane olur. Belə olan halda nəticə etibari ilə ya şəxsiyyətin marginallığı, ya da milli identiklik kimi başa düşülən etnik identiklik hadisəsi ilə rastlaşırıq. Deməli, şəxsiyyətin adekvat davranış modelinin formalaşması mümkünsüz olur. Milli identikliyin ikinci struktur komponenti olan affektiv komponent şəxsin öz dövlətinə olan duyğularından, emosiya və hisslərindən ibarətdir. Milli identiklik milli mədəniyyəti, yaşadığı ölkənin təbiət və mədəniyyətini, adət-ənələrini tanımaqdan və sev məkdən keçir. Vətəni, tarixi keçmişi, qəhrəmanları, adətləri ilə qürur hissi yaşamayan şəxsin milli identikliyi həmin dövlətlə bağlı ola bilməz. Dövlət bayrağı bir rəmzdir, amma xalqın tarixi, mübarizəsi və dəyərləri ifadə edilən rəmzdir. Bayrağa emosional münasibətin səviyyəsi, yaşanan hisslər şəxsiyyətin bütöv bir tam kimi özünü dərkinə, öz yerini müəyyənləşdirməyə və mənsub olduğu mədəniyyət və dövləti dəqiq müəyyənləşdir məyə imkan verir. Bu, şəxsiyyətin həm bütövlüyünü, həm də onun öz kökünə və öz imkanlarına güvənliyini təmin edir. Çünki yaşanan hisslər bir tərəfdən davranışın ilkin motivi kimi çıxış edir, digər tərəfdən bu davranışı tənzimləyir. Bu baxımdan son illər Azərbaycanda geniş yayılmaqda olan “Ölkəmizi tanıyaq” layi həsi məktəblilərin milli identikliyinin təşəkkülündə və inkişafında mühüm rol oynayır. Bu cür tədbirlər mütəmadi olaraq keçirilməsi və bütün yaş dövrlərIni əhatə etməsi milli dövlətçiliyin, vətəndaş cəmiyyətinin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Milli identikliyin mühüm tərkib hissəsi olan davranış-tənzimetmə komponenti şəxsin özünün eyniləşdirdiyi dövlətə münasibətdə həyata keçirəcəyi hərəkətlərə hazırlıq formalaşdırır. Milli oyanışı, milli özünüdərki ifadə edən vətəndaş mövqeyinin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçı siyasətinin davamı olan 2016-cı ilin aprelin 1–5 tarixlərindəki döyüşlərə münasibətdə azərbaycan vətəndaşlarının davranışını buna misal göstərmək olar. Hər bir vətəndaş, xüsusilə də gənclər, bir nəfər kimi cəbhəyə getməyə və Vətəni müdafiə etməyə hazır olduqlarını xüsusi coşqu ilə ifadə etdilər. Azərbaycan ordusunun əks hücumu nəticəsində Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirdiyi işğalçı ordu birləşmələrinin məğlubiyyəti azərbaycanlıların öz milli dövlətinə və milli ordusuna inamı daha da möhkəmləndirməklə yanaşı, həm də milli-vətəndaş identikliyinin yüksək səviyyədə inkişaf etdiyini göstərdi. Milli identikliyin mədəniyyətlərarası münasibətlərə təsiri iki və daha çox böyük qrupun bir-biri ilə qarşılıqlı əlaqəsi çərçivəsində baş verdiyi üçün həmin qrupların da xüsusiyyətləri nəzərə alınmalıdır. Bəzən belə düşünülür ki, oxşar mədəniyyətlərə, dilə malik qrupların üzvlərinin milli identikliyi az təsirə məruz qalır, amma fərqli mədəniyyətlərlə əlaqələr milli identikliyi gücləndirir. Müxtəlif tədqiqatlarda bu fərziyyə təsdiqini tapsa da, baş verən prosesin dərin qatları diqqətdən kənarda qalır. Sosial idrak prosesində oxşar və fərqli cəhətlərin, keyfiyyətlərin dərki şəraitdən və emosional fondan asılı olaraq tez-tez dəyişir. Məsələn, millətlərarası, mədəniyyətlərarası və ya da dinlərarası münaqişlərin dərinləşdiyi, dövlətlər arasında münasibətlərin böhranlı həddə çatdığı zaman milli identiklik eyniləşdirmə (identifikasiya) mexanizmini işə salır. “Biz”-“onlar” diadası münasibətlərin və identikliyin müəyyən edilməsinin əsas mexanizminə çevrilir. Ermənistan–Azərbaycan münaqişəsi timsalında bunu aydın görmək mümkündür. Ermənilərin xristian olması və öz təbliğatlarında buna üstünlük vermələri bir çox hallarda onlara münaqişəni dini müstəviyə keçirməyə imkan verir və nəticədə hadisənin mahiyyəti təhrif edilir. Guya ermənilərin müsəlman ölkələrin əhatəsində olması (Azərbaycan, İran, Türkiyə) xristian Ermənistanına böyük təhlükədir və münaqişənin də səbəbi bundadır. Halbuki Ermənistan Azərbaycan ərazilərini işğal etmiş, azərbaycanlılara qarşı soyqrımı və etnik təmizləmə həyata keçirmişdir. Məqsəd yeni əraziləri işğal etməklə uydurma tarixi “böyük ermənistan dövləti” qurmaqdır. Erməni kilsəsinin rəhbərliyi altında həyata keçirilən bu siyasət dinlərin və mədəniyyətlərin toqquşması kimi qələmə verilir ki, bu da onların öz mədəniyyətləri, dinləri və öz müqəddaratını təyin etmək, yəni milli dövlətçilik uğurunda mübarizə apardıqlarını təbliğ etməyə imkan verir. Təəssüflə qeyd etməliyik ki, özünü milliyyətçi adlandıran azərbaycandakı bəzi qüvvələr “bir millət-iki dövlət” prinsipinin mahiyyətini dərk etməyərək, azərbaycançılıqdan imtinaya çağırır və azərbaycanlı deyil, türk adlandırılmağımızı və Türkiyə ilə birləşmək ideyasını önə çəkirlər. Sadəlöhvcəsinə düşünürlər ki, Türkiyə ilə birləşərək türk adlanırıqsa, onda Azərbaycanın işğal altındakı torpaqlar azad olunacaq və ədalət zəfər çalacaqdır. Burada təhlükədən qorunmaq üçün bir qrupun özünü digər qrupla eyniləşdirməsindən ibarət sosial-psixoloji mexanizmin işə düşdüyünü görürük. Azərbaycan dövlətçiliyinin tarixinə, bütöv lük də tariximizə və mədəniyyətimizə qarşı belə bir münasi bət bəzi insanların etnik identiklik səviyyəsin – dən milli identikliyə yüksəlmədiyini, onların “natamamlıq kompleksinin” nəticəsi kimi qiymətləndirilməlidir. Tarixin müxtəlif dövlərində böyük Azərbaycan dövlətinin məğlubiyyətləri, ərazilərimizin zaman-zaman müxtəlif səbəblərdən itirilməsi və bu  gün də bunun davam etməsi özünəgüvəni zəif olan və ya bu güvəni itirdiyinə görə milli identikliyini təmin etdə bilməyən insanların özünümüdafiə mexanizminin işə düşməsindən irəli gəlir. Bu çox təhlükəli tendensiyadır və onun bütün topluma sirayət etməsinin qarşısı alınmalıdır. Çünki bu yöndə xarici təsirlərin getdikcə şiddətləndiyidə açıq-aydın görünür. Qloballaşmanın da bu prosesdə böyük rol oynadığını nəzərdən qaçırmaq olmaz. Qloballaşma milli dövlətçiliyin zəiflədilməsinə, universal cəmiyyətin formalaşmasına yönəlmişdir. Sosial şəbəkələr qloballaşmanın bu təsirinin əsas mexanizm və vasitələridir. İnternet məkanında yeni virtual gerçəklik və bu gerçəkliyin subyekləri olan fərdlər və yeni sosial qruplar formalaşdırır. İnsanlar özlərinin tarixi-mədəni köklərindən qopardılır və yeni “universal də yərlərin”, “normaların” daşıyıcısı olan qruplarda birlə şərək həmin dəyərləri bölüşürlər. Hər bir fərd özünü yeni virtual qrupu ilə eyniləşdirir ki, bu da onların tədricən milli identikliyinin zəifləməsinə səbəb olur. Bu tendensiyanın təhlükəli tərəfi ondan ibarətdir ki, milli dövlətlərin mədəni normalarının daşıyıcıları həmin normalara qarşı tədricən “yadlaşır”lar. Nəticədə mədəniyyətlərin və onların daşıyıcılarının sosial davranış modeli yeni “virtual reallığın” mədəni normaları çərçivəsində işə yaramır, mövcud koqnitiv sxemlər yeni gerçəkliyə uyğunlaşmanı təmin edə bilmir, koqnitiv dissonans yaranır və şəxsiyyətin dezadaptasiyası baş verir. Ona görə də milli ruhun möhkəmləndirilməsi, insanın bəşəri dəyərlərinin əsasını təşkil edən maddi və qeyri-maddi mədəni abidələrin qorunması, Vətənə, doğma təbiətə məhəbbətin aşılanması insanın emosional-motivasiya sahəsinin inkişafı milli identikliyin möhkəmlənməsi üçün zəruridir. Yalnız belə olan halda mədəniyyətlərə dəyər verilərək onların dialoqunu və birbirini zəngiləşdirərək inkişafını və birgə yaşayışı təmin etmək mümkündür.

Ədəbiyyat:

 1. Mehdiyev R. Tarixi idrakın elmi liyi problemlərinə dair. Bakı, 2015. -320 s.

 2. Mehdiyev R.Ə. Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu / Heydər Əliyev və müasir Azərbaycan. Bakı, 2003, s. 26.

3. Кадырова Р.Г. Национальная идентичность азербайджанских детей и подростков: Социально-психологический анализ. Баку, 2007. -247 с.

 4. Новейший словарь иностранных слов. М., 2001, стр.321.

5. Уильям Джеймс Психология. М., 2011, стр.69.

6. Allport F.H. (1933). Institutional behavior. Chapel Hill:University of North Carolina Press. Google Scholar.

7. Fishman, J.A. (1968). Nationalitynationalism and nation-nationism. In J.A. Fishman, C.A. Ferguson, and J. Das Gupta (Eds.), Language problems in developing nations (pp. 39-51). New York: Wiley.Google Scholar

8. Habermas J. (1994). Citizenship and national identity. In B. van Steenbergen The condition of citizenship (pp. 20–36). London: Sage.

Müəllif:

AMEA-nın müxbir üzvü, professor, Bəxtiyar Əliyev

Mənbə: http://psixologiyajurnali.az

Son məqalələr

Online Qeydiyyat