Son zamanlar intiharlarla bağlı xəbərlərin sayı artıb.
Niyə? İnsanlar niyə intiharı seçir? İntihara meyilli insanları bundan daşındırmağın yolu varmı?
Məsələ ilə bağlı Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Bakupost.az -a açıqlama verib.
Psixoloq əvvəlcə insanlarda baş qaldıran intihar cəhdi barədə fikirlərini qeyd edib:
“Bəşər tarixi yaranandan intihar fərqli formalarda olub. Bütün intiharların da kökündə insanın yaşamış olduğu həyata, o həyatı qəbul edə bilməməsinə, egsiztensionalistlərin təbirincə desək, sabahını yaxşı görə bilməməsinə olan etiraz dayanır. Elə hallarda zaman dayanır, insan ümidsizləşir, intihar qapının kandarında ona əl sallayır. İlkin mərhələdə, fikir olaraq onun bütün düşüncələrini əhatə edir və qidalandırır, sonra isə hərəkətə sövq edir.
Zaman keçdikcə intiharın forma və təzahürləri dəyişməyə başladı. Hətta 30 il bundan əvvəl tənha, uzun müddət xəstəlikdən əziyyət çəkən, zərərli vərdişləri, psixiatrik və psixoloji problemləri olan insanlar risk qrupuna daxil edilirdisə, bu gün biz fərqli bir mənzərənin şahidi oluruq. Uşaq və yeniyetmə intiharları, heç bir fiziki problemi olmayan, zərərli vərdişlərdən əziyyət çəkməyən insanların intihar etdiyinin şahidi olur və şühbəsiz ki, buna görə çox üzülürük”.
E.Rüstəmov intiharların səbəbləri və çıxış yollarından danışıb:
“Bu məsələyə birmənalı cavab vermək çox çətindir. Çünki hər bir intihar hadisəsinin motivi fərqlidir. Sadəcə onları birləşdirən bir çox ortaq məqamlar var ki, bu haqda yuxarıda qısa da olsa, bəhs etdik. Bu gün hər şey var, heç nə yoxdur prinispi intihar hadisəsində də özünü göstərir. İntihar edənlər təkcə kasıblar deyil, onların içərisində maddi və sosial təminatı kifayət qədər yüksək olan insanlar da var. Sadəcə belə hallar mətbuatda intihar kimi yox, bədbəxt hadisə kimi qeyd edilir. Yəni demək istədiyim odur ki, intihar insan faktorudur. Bu gün dünyada intihar göstəricilərinə görə birinci yerdə Şimali Avropa ölkələri dayanır. Hansı ki orada insanların maddi və sosial təminatı kifayət qədər yüksəkdir. İntihar göstəricilərinin aşağı olduğu yerlər kimi isə daha çox inkişaf etməkdə olan ölkələr qeyd olunur. Çünki orada insanların xoşbəxt olması üçün kiçik bir səbəb də yetərlidir. Orada insanlar kiçik bir nəsnədən də özünü xoşbəxt hiss edirlər. Çünki insan inkişaf etdikcə onun həyata olan tələbləri də dəyişir. Bunları qeyd etməkdə məqsədim odur ki, bizdə intihar haqqında polemikalarda daha çox sosial faktorlar qabardılır. Belə olan halda problemin mənşəyi haqda mülahizə yürütmək çətin olur”.
Psixoloq vurğulayıb ki, üçüncü və ən böyük faktor yenə də informasiya ilə bağlıdır:
“Bu gün biz informasiya əsrində yaşayırıq. İnformasiya bizim dəyər sistemimizə, şəxslərarası münasibətlərimizə, ən vacibi, dünyanı, insanları dəyərləndirmə şəklimizə böyük təsir göstərir. Ailədaxili konfliktlər, valideyn-övlad münasibətlərindəki problemlər daha çox informasiya əsrində ortaya çıxıb. Bu gün bunun qarşısını almaq üçün əlimizdə konkret bir metod yoxdur. Bəli, milli-mənəvi dəyərləri qabartmaq, yeniliyi keçmişin müsbət istiqamətləri üzərində formalaşdırmaq bu istiqamətdə vacib bir məqam kimi qeyd edilir. Zaman keçdikcə bunun ən doğru yol olduğunu da biz gündəlik həyatımızda görürük. Bu gün inkişaf etmiş ölkələr də bu yolu gedirlər. Çünki bizim hər birimizin genetik yaddaşında keçmişdən gələn həyatı mənalandırmaq şəklimiz var. Psixologiyada buna arxetiplər də deyilir. Karl Yunq da bununla bağlı öz əsərlərində geniş bəhs edir.
İkinci bir məqam, bizim bu gün fərd olaraq özümüzün informasiya təhlükəsizliyimizi qorumağımızdır. Düşünürəm ki, bunu edə bilsək, həm özümüzü neqativlərdən qoruya, həm də pozitivliyi, həyatın müsbət tərəfləri ilə insanları yoluxdura bilərik. Bu isə psixi sağlamlıq və psixi təhlükəsizliyin ən vacib komponentidir. Bəli, burada həm dövlət, həm də fərdi səviyyədə konseptual işlər aparılmalıdır. Bu gün stress və digər psixoloji problemlərin yaranmasına səbəb olan amillər çoxdur. O səbəbləri yaradan faktorların ən birincisi də yuxarıda qeyd etdiyimiz informasiyadır. Çünki hər informasiya özündə müəyyən bir emosiyanı daşıyır. Hər birimiz səhər açılandan axşam yatana qədər informasiya alırıq. Hər informasiya da bizdə müəyyən emosiyalar yaradır: sevinirik, kədərlənirik. Nəticədə emosiyalarımız sürətli dəyişir. Bu da bizim ətrafla münasibətlərimizə böyük təsir göstərir. Nəticədə böyük qism insanlarda emosional davamsızlıq yaranır. Bu davamsızlıq da stressə, depressiyaya və s. psixoloji problemlərə yol açır. Bundan tək böyüklər deyil, uşaq və yeniyetmələr, gənclər əziyyət çəkir. Çünki ailədaxili konfliktlər ən çox o ailədə böyüyən uşaq və yeniyətmələrin psixologiyasına mənfi təsir göstərir. Bu məqamı biz xüsusi diqqətdə saxlamalıyıq.
Digər bir məqam isə insanlara qarşı olan həssaslığımızın azalmasıdır. Heç kimə sirr deyil ki, intihar edən insanların böyük bir qismi intihara nə vaxtsa cəhd edən insanlardır. Onların bir qismi ya əvvəl də intihara cəhd edib, ya da yaxınlarına həyatdan bezdiklərini verbal və qeyri-verbal şəkildə bildiriblər.
Bu gün intihar hadisələri təkcə KİV-də deyil, sosial şəbəkələr üzərindən az qala detallı şəkildə paylaşılır. Əslində, biz istəmədən böyük bir yanlışlığın içinə girmiş oluruq. İstəmədən digər insanların da intihar etməsinə, psixoloji gərginliyinə, həyata ümidsiz baxmasına səbəb oluruq. İlk növbədə, bunu aradan qaldırmaq lazımdır. Bu bizim bu gün edə biləcəyimiz ən böyük yaxşılıqdır. Digər bir tərəfdən intihara alternativ həyat keyfiyyətini artırmaq, həyata məna qatmaq istiqamətində işlər görmək lazımdır”.