Psixologiya Elmi-Tədqiqat İnstitutunda 2022-ildəki fəaliyyətin yekunlarına dair hesabat iclası keçirilib

Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda 2022-ildəki fəaliyyətin yekunlarına dair hesabat iclası keçirilib.
İclasda institutun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov və Elmi-metodiki şöbənin müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Hökümə Əliyeva, Yaş və inkişaf psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva, Nəzəri eksperimental psixologiya şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Əliyev, Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Şərifov, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru Aydan Nəzərova 2022-ci ildə görülən işlər barədə hesabatı təqdim ediblər.

İnstitutun sədri Elnur Rüstəmov il ərzində görülən işlərdən bəhs edərək bildirib ki, bu il institutda “Məktəb Psixoloqlarının II Ümumrespublika Konfransı”, “Əbdül Əlizadə fenomeni: Azərbaycan psixologiyasının tarixi və inkişaf perspektivləri” adlı Respublika elmi-praktik konfransı, “Neyropsixologiya Konfransı”, “Uşaq Psixologiyası və İnkişafı” və “Rasional Emosional və Koqnitiv Davranış Terapiyası” simpoziumu, “Ailə psixoterapiyası” və “Uşaq psixologiyası və inkişafı” ixtisasartırma təhsili təşkil olunub.
Bununla yanaşı, Türkiyənin Yıldız Texniki Universiteti, Rasional Psixologiya İnstitutu, Amerikanın Albert Ellis İnstitutu, həmçinin bir neçə yerli ali təhsil müəssisələri ilə layihələr həyata keçirilib, memorandum imzalanb, Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ümumi orta təhsil müəssisələrinin bir qrup psixoloq və müəllim heyəti üçün təlimlər təşkil olunub.

Sədr vurğulayıb ki, institut bu il Türkiyədə keçirilən “23.Uluslararası Psikolojik Danışma ve Rehberlik Konqresi”ndə 2 araşdırma məqalə və IV Avrasiya Pozitiv Psixologiya Konqresində (4. Avrasya Pozitif Psikoloji Kongresi) də 2 araşdırma məqalə ilə təmsil olunub, eyni zamanda institutun Elmi-metodik şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Hökümə Əliyeva və Yaş və inkişaf psixologiyası şöbəsinin elmi işçisi, uzman klinik-psixoloq Narınc Rüstəmovanın müəllifi olduğu “Məktəbəqədər psixologiyaya giriş” kitabı çap edilib.
Elnur Rüstəmov bildirib ki, Azərbaycanda ilk dəfə olaraq məhz bu institutda Azərbaycanda psixologiya elminin inkişafında böyük xidmətləri olmuş Əməkdar həkim, tibb elmləri doktoru, professor Fuad İbrahimbəyov adına muzey açılıb. Muzeydə alimin əlyazmaları, şəxsi kitabları və əşyaları yerləşdirilib.
Sədr həmçinin koqnitiv davranış terapiyası ilə bağlı tədqiqat işlərinin aparılması məqsədilə bu il institutda “CBT Məktəbi”nin fəaliyyətə başladığını diqqətə çatdırıb.
Elnur Rüstəmov vurğulayıb ki, bu il institutun fəaliyyəti üçün ən əlamətdar hadisələrdən biri psixologiya sahəsində ölkəmizdə ilk dəfə ən müasir cihazlarla təchiz edilmiş “Beyin və davranış laboratoriyası”nın yaradılması olub. Bu laboratoriyanın eksperimental psixologiya üzrə elmi araşdırmaların aparılması üçün mühüm imkanlar yaradacağını bildirən Elnur Rüstəmov bu işin daha səmərəli və effektiv həyata keçirilməsi ilə bağlı tövsiyələrini bölüşüb.

Daha sonra şöbə müdirləri çıxış edərək 2022-ci ildə görülən işlər barədə danışıblar.
Nəzəri eksperimental psixologiya şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Əliyev bildirib ki, hazırda “Qeyri-tarazlıq psixologiyası: axtarışlar və perspektivlər”, “Müasir psixologiyanın aktual məsələləri” adlı araşdırmalar hazırlanır.
İnkişaf və yaş psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva “Kiçik məktəblilərdə ailə tiplərinin tədqiqi”, “Yeniyetmələrdə böhranın təzahür xüsusiyyətləri”, “Məktəb məmnunluğu və psixi sağlamlıq arasında imtahan həyəcanının vasitəçi rolu” adlı araşdırmaların aparıldığını qeyd edib.
Sonda 2023-cü ilin fəaliyyət planı müzakirə olunub, görüləcək işlər və elmi tədqiqat istiqamətləri barədə qərar qəbul edilib.

Son məqalələr

Online Qeydiyyat