Bayramdan sonra işə necə adaptasiya olaq?

Məzuniyyəti, xüsusilə də bayram tətillərini hər kəs çox sevir. İşləyən insanlar bayram tətillərində rahat istirahət edir, qısa müddət də olsa iş stresindən uzaq qalırlar.

Bəs bayram tətilindən qayıtdıqdan sonra işə adaptasiya prosesində nəyə diqqət etməliyik?

Psixoloq Elnur Rüstəmov Bakıvaxtı.aza açıqlamasında bildirib ki, bayram, qısa tətil və məzuniyyətlərdən sonra bir qisim insan işə adaptasiya olmaqda müəyyən problemlər yaşayırlar. Onun sözlərinə görə, burda əsas diqqət yetiriləcək məqam insanın bayramı necə keçirdiyidir: “Bunlar doğru formada gedərsə, insanın işə adaptasiya prosesi uzun zaman almır. Bu, həm də insanın nə qədər sevdiyi işlə məşğul olmasından asılıdır. Çünki bir insan sevdiyi işlə məşğul olursa, məzuniyyət və ya ezamiyyətdən sonra işə adaptasiya prosesində xüsusi bir çətinlik yaşamır”.

Psixoloq qeyd edib ki, tətildən sonra işə adaptasiyada çətinlik yaşayan insanlara gəldikdə isə 1-2 gün çətinlik yaşaya bilərlər: “Yarımçıq qalan işlər tamamlandıqdan sonra gərginlik geridə qalır və insan rahat bir şəkildə işə fokslana bilir. Ona görə, ilk növbədə təcili görüləcək işləri həyata keçirməyə, kollektivdə pozitiv ab-hava yaratmağa diqqət yetirmək lazımdır”.

E.Rüstəmov hesab edir ki, bunlar olarsa, adaptasiya prosesində xüsusi bir çətinlik olmaz: “Ancaq bir daha qeyd edirəm ki, məzuniyyətin və ya bayramın təşkili məsələsi işə adaptasiya prosesinə çox böyük təsir göstərir. Eyni zamanda, insanın sevdiyi işlə məşğul olması da insanın tez bir zamanda adaptasiya olmasına təsir edir”.

Mənbə: https://l24.im/nb1I

Son məqalələr

Online Qeydiyyat