Yanvarın 19-da Psixologiya Elmi-Tədqiqat İnstitutu və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
“GÜNprees.az”ın məlumatına görə, psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov bildirib ki, institut olaraq “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə daimi əməkdaşlıq nəzərdə tutulur. Bu əməkdaşlıq çərçivəsində şəhid xanımlarına, övladlarına psixoloji xidmətlərin təşkili, həmçinin ixtisas uyğunluğu olan şəhid xanımlarının institutun ixtisasartırma təlimlərinə cəlb olunması planlaşdırılır.
Peşəkar kurslar və proqramın onların mütəxəssis kimi yetişməsində mühüm rol oynayacağını qeyd edən Elnur Rüstəmov həmçinin vurğulayıb ki, proqramı yüksək nailiyyətlərlə başa vuran şəxslər institutda və digər psixoloji mərkəzlərdə işlə təmin olunacaqlar. Eyni zamanda, şəhid yoldaşlarına “Ailə təlim proqramı” keçiriləcək. Proqram uşaq, yeniyetmə və yetkin psixologiyasını əhatə edəcək. “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə bildirib ki, institutla bu istiqamətdə əməkdaşlıq şəhid xanımları və övladları üçün çox faydalı olacaq. Sevinc xanım vurğulayıb ki, bu əməkdaşlıq gələcəkdə daha çox şəhid ailələrinə və övladlarına peşəkar psixoloji dəstəyin göstərilməsinə imkan yaradacaq.
Daha sonra Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə sənədi imzalayıblar.
https://gunpress.az/cemiyyet/5426-hid-xanmlar-ixtisasartrma-tlimlrin-clb-olunacaq.html