Psixologiya Elmi-Tədqiqat İnstitutu və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi arasında memorandum imzalanıb
Psixologiya Elmi-Tədqiqat İnstitutu ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi arasında əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb.
İnstitutun sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov bildirib ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə nəzərdə tutulan daimi əməkdaşlıq çərçivəsində şəhid xanımlarına, övladlarına psixoloji xidmətlərin təşkili, həmçinin ixtisas uyğunluğu olan şəhid xanımlarının institutun ixtisasartırma təlimlərinə cəlb olunması planlaşdırılır. Peşəkar kurslar və proqramın onların mütəxəssis kimi yetişməsində mühüm rol oynayacağını qeyd edən E.Rüstəmov, həmçinin vurğulayıb ki, proqramı yüksək nailiyyətlərlə başa vuran şəxslər institutda və digər psixoloji mərkəzlərdə işlə təmin olunacaqlar. Eyni zamanda, şəhidlərin həyat yoldaşlarına “Ailə təlim proqramı” keçiriləcək. Proqram uşaq, yeniyetmə və yetkin psixologiyasını əhatə edəcək.
İctimai Birliyin sədri Sevinc Alızadə isə bildirib ki, institutla əməkdaşlıq şəhid xanımları və övladları üçün çox faydalı olacaq. Onun sözlərinə görə, bu əməkdaşlıq gələcəkdə daha çox şəhid ailələrinə və övladlarına peşəkar psixoloji dəstəyin göstərilməsinə imkan yaradacaq.
Daha sonra Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri E.Rüstəmov və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri S.Alızadə Anlaşma memorandumunu imzalayıblar.