Amerikalı psixoloq Suzan Nyuman həmkarlarının araşdırmasına istinad edərək, xoşbəxtlik üçün optimal uşaq sayını açıqlayıb. Psixoloq deyib ki, ailədə ikinci uşağın dünyaya gəlməsi valideynlərin, xüsusən də anaların karyerasına, ailənin maddi vəziyyətinə, qohumlar və dayələrdən lazım olan dəstəyin miqdarına kəskin şəkildə təsir edir.
Onun fikrincə, ikinci uşağın olması ananın psixi sağlamlığına acınacaqlı təsir göstərir. Belə ki, Nyumanın istinad etdiyi Pensilvaniya Universitetinin sosiologiya və demoqrafiya professoru Hans-Peter Kohler sorğu zamanı müəyyən edib ki, əgər ailə firavanlığa nail olmaq istəyirsə, bir uşaqla kifayətlənməlidir. Onun qənaətincə, ikinci və ondan sonrakı övladlar valideynləri daha xoşbəxt etmir.
Kohlerə görə, ikinci uşaq dünyaya gətirməyə qərar verən cütlüklər öz istək və imkanlarını nəzərə almırlar. Tədqiqatçının fikrincə, çoxları birincinin gətirdiyi xoşbəxtlikdən ötrü ikinci övladını ehtiyatsızlıqla planlaşdırır. “Adətən insanlar valideyn olduqdan sonra xoşbəxtlik dalğası yaşayırlar, lakin bu “əlavə” xoşbəxtlik bir neçə il ərzində yox olur”, – deyə o qeyd edib.
Belə çıxır ki, çoxuşaqlı ailələr xoşbəxt deyil? Aydındır ki, bu, ailə institutuna Qərb-xristian düşüncəsindən doğan yanaşmadır. Sorğuda iştirak edən valideynlər də əsasən xristian ailələridir. Şərq-müsəlman ailələrinə isə çoxuşaqlılıq xasdır. O cümlədən Azərbaycanda ailələrdə uşaqların sayı bir qayda olaraq, 2-dən az olmur.
Bəs ailənin xoşbəxtliyi uşaqların sayına nə dərəcədə bağlıdır?
Psixoloq Elnur Rüstəmov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:
“Bu araşdırma hansı istiqamətdə aparılıb, ailə münasibətində nəyi ortaya çıxarmaq istəyiblər, uşaq faktoruna niyə fokuslanıblar, bu dəqiq aydın olmadığına görə birmənalı fikir bildirmək çətindir.
Lakin nəzərə almaq lazımdır ki, uşaq ailə üzvlərini bir-birinə bağlayan komponentlərdən biridir. Ailədə uşaq nə qədər çox olarsa, bir o qədər həmin ailədə böyüyən uşaqların kaprizləri az olar. Sadəcə, bunu mütəxəssislər də qeyd edirlər ki, öncəki illərdə uşaqlar ailə üçün həm də iqtisadi amil idi. Yəni doğulan uşaqlar ailəni yükünün daşınmasında hansısa formada aktiv iştirak edirdilər. Bu gün isə uşaqlar ailədə müəyyən qədər iqtisadi yükdür. Yəni dövrümüzdə tələblər o qədər çoxdur ki, əvvəlki illərlə müqayisədə valideynlər onu qarşılamaqda bir qədər çətinlik çəkirlər.
“Əgər ailə həmrəydirsə, ər-arvad arasında sağlam bir münasibət varsa, hətta beşinci uşağın böyüdülməsində də xüsusi problemlər yaşanmır”
Reallıqda görürük ki, əvvəlki illərlə müqayisədə ailələrdə uşaqların sayı azdır, amma ailədaxili konfliktlər, boşanmalar daha da artıb. Əlbəttə ki, ailədə 2 uşaq olanda ailədə tərəflərin bir-birinə münasibəti, psixologiyası tamamilə başqa, fərqli olur. Məsələn, ailə psixoloqları da qeyd edirlər ki, valideyn özünü əsl valideyn kimi daha çox ikinci uşaqda hiss edir. Çünki birinci uşaqda valideyn təcrübəsiz olur və adəti üzrə Azərbaycan ailəsinə xas olaraq, nənələr ilk uşağa dəstək olmaq üçün dövriyyəyə girirlər. Həm də bu köməyə dəstəyin mahiyyəti ondan ibarətdir ki, qarşı tərəf təcrübəsizdir, ilk dəfə ana olur və bu prosesi yürütmək üçün ona kömək edirlər. İkinci uşaqda isə artıq ana daha təcrübəli olur və bu prosesdə daha təcrübəli davranmağa başlayır.
Bu baxımdan, hesab edirəm ki, amerikalı psixoloqların bu araşdırmasının niyyəti başqadır. Heç kimə sirr deyil ki, son illərdə dünyada ailələrdə uşaqların sayı azalır, uşaqlarla bağlı müxtəlif narahatlıqlar var. Bəziləri bu istiqamətlə insanların sayının azalmasına çalışır. Vaxtilə Çində bu prosesi aparmışdılar. Bu ölkədə əhalinin sayı çoxdur, prosesin öhdəsindən gəlmək mümkün olmadığına görə də belə bir istiqamət ortaya qoydular və ailədə nəinki üç, hətta iki uşağın olması qadağandır. Bununla da demoqrafik vəziyyəti nəzarətə almağa çalışdılar.
Gəlin baxaq, əgər ailə bir uşaqla xoşbəxtdirsə, o ailənin uşaqdan gözləntisi hansı dərəcədə olacaq və o bir uşaqda ailənin gözləntisini doğrultmaq potensialı olacaqmı və olacaqsa, bu, hansı səviyyədə olacaq. Yəni bu məqamlar var. Hər kəsə məlumdur ki, ailədə 2-3 uşaq olduqda həmin uşaqların hər birinin potensialı fərqli olur. Bu baxımdan, hesab edirəm ki, ailədə azı 2 uşaq olmalıdır. Bəs belə olduqda ailə sosial qayğılarını, problemlərini daşıya biləcəkmi? Bu artıq başqa məqamlardır. Ona qalsa, dədə-babadan eşitmişik ki, hər bir uşaq özü ilə birgə öz ruzisini də gətirir. Ona görə də ikinci uşaqla ailə xoşbəxt olmur demək mübahisəli məsələdir. Nəinki mübahisəli, hətta şübhəlidir”.
Elnur Rüstəmov ailədə ikinci uşağın anaların psixologiyasına, karyerasına təsir etməsi haqda səslənən fikirlərə də rəy bildirib:
“Cəmiyyət bir yerdə dayanmır, daim inkişaf edir. Bu gün qadın karyera qurur, işləyir, çalışır. Bununla bərabər, həm dövlət, həm də özəl bağçalar var. Qadınlar həm karyera qurur, həm də uşaq tərbiyə edir, bu prosesdə aktiv iştirak edirlər. Həm də bu gün uşağı böyütmək tək qadının üzərinə düşmür. Bu gün o qədər atalar var ki, uşağın böyüdülməsi prosesində aktiv iştirak edir. Belə ki, həftəsonu və yaxud həftəiçi uşağı gəzintiyə aparır, onunla zaman keçirir və sairə.
İkinci uşaq dünyaya gəldikdə həm qadın, həm kişi öz birgəliyini daha da möhkəmləndirir. Yox, əgər ailə daxilində konflikt, boşanma varsa və uşaq tamamilə ananın himayəsində qalırsa, bu, artıq başqa bir situasiya, vəziyyətdir. Əgər ailə həmrəydirsə, ər-arvad arasında sağlam bir münasibət varsa, ikinci, hətta beşinci uşağın böyüdülməsində xüsusi problemlər yaşanmır. Çünki həmin evdə bir harmoniya, el dili ilə desək, ruzi-bərəkət var.
Hesab edirəm ki, təhsil nə qədər bizim həyatımıza nüfuz edərsə, nə qədər bizim təhsilli xanımlarımız olarsa, bir o qədər də biz bu problemləri keçə bilərik”.