Aprelin 22-də Heydər Əliyev Fondunun dəstəyi ilə Astara rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş VI Azərbaycan-Alman-Türk tibb konqresi və VIII Bakı beynəlxalq tibbi treninq günləri işə başlayıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində hər iki tədbirin təşkilat komitəsinin rəhbəri, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının idarə heyətinin sədri, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Özbəkistan səhiyyə nazirinin müavini Abrorcon Alicanov, TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin sədri professor Qurbanxan Müslümov, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov, deputatlar İlham Məmmədov, Müşfiq Məmmədli, Almaniya, Türkiyə, Özbəkistan, Slovakiya, Bosniya və Herseqovina, Filippin, Sinqapur və digər ölkələrdən 60-dan çox əcnəbi məruzəçi, eyni zamanda, Avropa və Asiya Endoskopik və Laparoskopik Cərrahlar cəmiyyətlərinin nümayəndələri, bölgələrdə fəaliyyət göstərən səhiyyə müəssisələrində çalışan tibb heyəti və digər şəxslər iştirak ediblər.Konqres iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Astarada ucaldılmış abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüb, əbədiyaşar liderin əziz xatirəsini ehtiramla anıblar.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevə həsr edilmiş sənədli film nümayiş olunub, Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra Azərbaycanın və Özbəkistanın səhiyyə nazirləri Teymur Musayevin və Amrillo İnoyatovun konfrans iştirakçılarına videomüraciətləri dinlənilib.
Açılış mərasimində çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev beynəlxalq konfransın Astarada keçirilməsinin önəmindən bəhs edib. O, Ulu Öndər Heydər Əliyevin bölgələrdə səhiyyənin inkişafına daim diqqət yetirdiyini vurğulayıb. Ölkəmizdə vətəndaşların tibbi xidmətə əlçatanlığının təmin edilməsi məqsədilə həyata keçirilən islahatların tarixi varislik missiyasının əsas istiqamətlərindən olduğu bildirilib.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov çıxışında xalqımızın xilaskar oğlu, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin milli dövlətçiliyimizin qorunmasında və inkişafındakı xidmətlərindən danışıb. O bildirib ki, xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev müstəqilliyin əvvəllərində dərin tənəzzülün yaşandığı digər sahələr kimi, ölkə səhiyyəsinə də qısa zamanda yeni nəfəs verdi. Xalqın sağlamlığının digər taleyüklü məsələlər kimi öndə olması, ixtisaslı milli kadrların hazırlanması, habelə ölkənin səhiyyə sisteminin müasir çağırışlar fonunda inkişaf etdirilməsi Ümummilli Lider Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən olub. Məhz Ulu Öndərin birbaşa göstərişi ilə Azərbaycan gənclərinin xarici ölkələrdə yüksək tibbi təhsil almaq üçün göndərilməsi sonrakı dövrdə ölkə səhiyyəsində kadr çatışmazlığının qarşısının alınmasına hesablanmış uzaqgörən və əvəzsiz xidmət nümunəsi idi.R.Mahmudov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan səhiyyə strategiyası, onun inkişafı, dövlətin bu sahəyə qayğısının Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də qüsursuz şəkildə davam etdirildiyini vurğulayıb. O, bununla yanaşı, tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması, vətəndaş məmnunluğunun artırılması, maddi-texniki bazanın müasir standartlara uyğun şəkildə formalaşdırılması və həkimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində uğurlu işlərin görüldüyünü diqqətə çatdırıb.
TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov konfransın keçirilməsinin böyük əhəmiyyət daşıdığını bildirib. O, Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsində həyata keçirdiyi köklü islahatların əhəmiyyətindən və uğurlu nəticələrindən söz açaraq, əbədiyaşar liderin misilsiz xidmətlərinin tibb işçiləri tərəfindən də böyük minnətdarlıqla anıldığını qeyd edib. A.İsrafilov Ulu Öndərin hələ siyasi hakimiyyətə gəlişinin ilk illərindən ölkə miqyasında səhiyyə sisteminin kompleksləşdirilməsi istiqamətində gördüyü işlərin, tibb ocaqlarının dövrün standartlarına cavab verən tərzdə yenidən qurulmasının, əhalinin sağlamlığının qorunması istiqamətində imzalanan sənədlərin tarixi əhəmiyyət daşıdığını vurğulayıb. Ümummilli Liderin siyasi kursunun bütün istiqamətlərdə olduğu kimi, səhiyyə sahəsində də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran icraçı direktorun müavini hazırda Azərbaycan səhiyyəsinin dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın yüksək qayğısı sayəsində intibah dövrünü yaşadığını deyib.
Daha sonra Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin sədri professor Qurbanxan Müslümov Özbəkistan səhiyyəsinin inkişafında göstərdiyi xidmətlərə görə Özbəkistan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən medalla təltif edilib.Milli Məclisin deputatları İlham Məmmədov, Müşfiq Məmmədli, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin sədri professor Qurbanxan Müslümov, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov, AMEA-nın müxbir üzvü Sudeyif İmamverdiyev, professor Stefan Post çıxışlarında iştirakçıların əldə edəcəyi zəngin təcrübə baxımından konqresin əhəmiyyətini vurğulayıblar.
Tədbir plenar iclaslar və mədəni proqram ilə davam etdirilib.Konqres işini aprelin 23-dək Astara, Lerik və Masallı Rayon Mərkəzi xəstəxanalarında treninq və ustad dərsləri ilə davam etdirəcək. Treninq və ustad dərsləri çərçivəsində 12 ixtisas üzrə təlimlər keçiriləcək və regionda ilk dəfə icra olunacaq endoskopik əməliyyat plenar iclas zalına birbaşa translyasiya ediləcək, interaktiv müzakirələr aparılacaq. Tədbir aprelin 24-25-də Bakıda davam etdiriləcək
Mənbə: https://azertag.az/xeber/Astarada_VI_Azerbaycan_Alman_Turk_tibb_konqresi_ve_VIII_Baki_beynelxalq_tibbi_treninq_gunleri_kechirilir-2583866