Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Ailə psixologiyası” kursunun ilk dərsi baş tutub. Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov açılış nitqində “Ailə Psixologiyası” kursu haqqında məlumat verib. Elnur Rüstəmov qeyd edib ki, bu kurs ölkəmizdə peşəkar ailə psixoloqu kadrlarının hazırlanmasına töhfə verir.
Sədr həmçinin qeyd edib ki, Azərbaycanda getdikcə ailə psixoloqlarına daha çox ehtiyac yaranır. Psixoloq vurğulayıb ki, müasir ailələrdə məişət zorakılığı, cütlüklər arasında problemli münasibətlər, boşanmaların sayı artmaqdadır və bu da vaxtında müdaxilə üçün peşəkar ailə psixoloqlarının dəstəyini labüd edir. Ona görə də, institut bu sahədə peşəkar kadrların yetişdirilməsinə xüsusi diqqət ayırır. Elnur Rüstəmov bu istiqamətdə “Ailə psixologiyası” kursunun faydalı olacağına inanımını ifadə edib və kursun iştirakçılarına uğurlar arzulayıb. Daha sonra çıxış edən Türkiyənin Yıldız Teknik Universitetin professoru Engin Deniz birgə əməkdaşlıqdan məmnun olduğunu qeyd edib və bildirib ki, Azərbaycanda bu sahədə peşəkar kadrların hazırlanmasında türkiyəli həmkarları ilə birlikdə dəstək göstərməyə hər zaman hazırdırlar. Prof.Dr.Mehmet Engin Deniz qeyd edib ki, eyni zamanda institutla bərabər “Məktəb psixoloqlarının peşəkar təkmilləşməsi kursu”nda dərslər tədris edir və institutun elmi-tədqiqat işlərində də birgə əməkdaşlıq çərçivəsində çalışır.
Çıxışlardan sonra Prof.Dr Engin Deniz “Sosial bacarıqlar” mövzusunda dərs keçib. Qeyd edək ki, Psixologiya Elmi-Tədqiqat İnstitutunun “Ailə psixologiyası” kursuna ailə psixoloqu olmaq istəyən və ailə psixoterapiyasını öyrənmək istəyən şəxslər qoşula bilərlər. 450 saatı əhatə edən dərslər 10 ay müddətində keçirilir və dərslər 7 yerli və 9 xarici mütəxəssis tərəfindən aparılır.