Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII Qrant Müsabiqəsinin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalib olmuş “Təlim nəticələrinin yüksəldilməsində texnoloji psixologiyanın rolu” layihəsi çərçivəsində Psixologiya Elmi-Tədqiqat İnstitutunun Beyin və Davranış Laboratoriyası ilə əməkdaşlığa başlanılıb.
Bu əməkaşlıq çərçivəsində Psixologiya Elmi Tədqiqat İnstitutunun Beyin və Davranış Laboratoriyasının rəhbəri, həkim-nevroloq Səyanə Əliyeva Bakı şəhəri Məktəb Lisey Kompleksdə təlimlər həyata keçirib.
Qeyd edək ki, layihə zəif təlim nəticələri göstərən şagirdlərə təsir edən psixoloji amillərin vaxtında təyin edilməsi, onlar üçün psixoloji və aparat seanslarının təşkil olunması, beləliklə də, şagirdlərin akademik nəticələrinin yüksədilməsinə nail olmaq məqsədi daşıyır.
Layihənin icra planına əsasən Məktəb Lisey Kompleksinin IV, IX və XI siniflərində təhsil alan şagirdlər, onların valideynləri və həmin sinifdə tədris aparan müəllimlər arasında sorğu təşkil olunub, həmin sorğuların nəticəsi emal olunaraq ilkin psixodiaqnostika aparılıb.
Tədris ilinin əvvəlində aparılan məktəbdaxili psixodiaqnostik qiymətləndirmənin nəticələri ilə bu datalar arasında müqayisə aparılaraq, psixoloji konsultasiya və aparat müdaxiləsinə ciddi ehtiyacı olan şagirdlər müəyyənləşdirilib.
Layihənin icrasına ayrılan 9 ay müddətində Psixologiya Elmi Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində şagirdlərə psixoloji xidmət göstəriləcək, eyni zamanda, Beyin və Davranış laboratoriyasının mütəxəssisləri tərəfindən aparatlar vasitəsilə seanslar təşkil olunacaq.
Bu fəaliyyətlər layihəyə cəlb olunmuş şagirdlərin valideynlərinin razılığı və müşayiəti ilə həyata keçirilib.